Yalnız cəmiyyət yox, hətta Rusiyanın insan haqları üzrə səlahiyyətlisi də etiraz edir" />

Rusiyada 18 yaşlı Anna Pavlikova “McDonalds”da elədiyi söhbətə görə məhbəsə düşəcək

Yalnız cəmiyyət yox, hətta Rusiyanın insan haqları üzrə səlahiyyətlisi də etiraz edir

Moskvalı Anna Pavlikovanın 18 yaşı var. 2018-ci ilin martından (o zaman onun hələ 17 yaşı vardı) Anna və daha doqquz gənc Rusiyada həbsdədir və onları uzun məhkumluq müddəti gözləyir, çünki ekstremist qruplaşma təşkilində günahlandırılırlar.

Rusiyanın “Novaya qazeta” nəşri yazır ki, 2017-ci ilin sonunda yeniyetmələr “Yeni möhəşəmlik” ictimai hərəkatını yaradıblar. Onlar qarşılarına qoyduqları məsələləri “McDonalds”da keçirdikləri iclaslarda müzakirə edirmişlər. “Müxalif anti-Putin lider Aleksey Navalnının keçirdiyi seçici tətilinə” çıxıblar. “Moskvalılar troleybus uğrunda” yürüşündə və “Nemtsovun xatirə marşında” iştirak ediblər.

• Video: Rusiyada seçicilər necə tətil edirdi?

Yeniyetmələrə qarşı irəli sürülən “Yeni möhtəşəmlik” hərəkatının ekstremist birlik olduğu ilə bağlı ittiham onların arasına yerləşdirilmiş xüsusi adamların ifadələrinə əsaslanır, “Novaya qazeta” yazır. Təşkilatın ekspertlərin fikrincə, “zorakılıq isdeologiyasının təbliği” elementlərinin yer aldğı nizamnaməsini də elə onlardan biri yazıb.

İstintaqın versiyasına görə, “Yeni möhtəşəmlik” hakimiyyəti ələ keçirmək, müvəqqəti hökumət qurmaq və yeni Konstitusiya qəbul etmək niyyətində olub – hər halda təşkilatın proqramında belə deyilir və bu proqramı da onların arasına xüsusi olaraq yerləşdirilmiş adam tərtib edib.

Hərəkat “McDonalds” masaları arxasında cəmi üç ay mövcud olub.

Anna Pavlikovanın saxlanılması

Pavlikovanın anası “ОВД-инфо” nəşrinə danışıb ki, qızını sübh tezdən Moskvadakı mənzillərində həbs ediblər.

“Hardasa səhər saat altının yarısında qapımızı sındırmağa başladılar – möhkəm döyürdülər, qışqırırdılar. Biz bütün ailəlikcə yerimizdən sıçradıq, nə baş verdiyini ümumiyyətlə anlamırdıq. Tanımadığımız bir adam qapının arxasından deyirdi ki, onun evinə su buraxmışıq. Belə bir qonşu tanımırıq, amma yenə də tez mənzilimizə baxdıq – yox, hər yan quru idi, heç yandan su axmırdı. O isə qışqırırdı ki, açaq. Onda polisə zəng vurduq – dedik ki, banditlər evimizə soxulur, kömək edin. Orda nə isə yoxladılar, dedilər ki, yox, onlar bandit deyil, onlar elə polisdir, sizə gəliblər, buraxın içəri”.

Bir neçə saat ərzində mənzildə axtarış aparıblar, texnikanı: noutbukları, mobil telefonları, planşetləri götürüblər. Annanı dindirməyə aparıblar.

Təcridxanada saxlanıldığı müddət

Həbsdə Anna Pavlikovanın səhhətində problemlər başlayıb. Buna baxmayaraq, məhkəmə onun haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməmək qərarı verib.

İyulun 26-da məhkəmə iclasında Pavlikova video-rabitə ilə iştirak edib.

“Onun sifəti şişmişdi və solğun idi, qalın saçlarını iki hörük hörmüşdü. Əllərini aşağı salmırdı, əsəbi halda barmaqlarını oynadır və vurnuxurduŞ bir neçə dəfə ağlamağa başladı”, – “Novaya qazeta”nın müxbiri danışıb.

“Mən heç yana qaçmayacam, heç kimə təzyiq göstərməyəcəm”, – Anna məhkəmədə deyirdi, bir neçə dəfə dözməyib ağladı. – “Mən anamı görmək, səhhətimdəki problemi həll etmək istəyərdim. Çox xahiş edirəm, qətimkan tədbirini istənilən biri ilə dəyişin, təki həbsxana olmasın”.

İctimai reaksiya

İctimai xadimlərin, alimlərin, hüquq müdafiəçilərinin Annaya zamin durması da məhkəmənin qərarına təsir etməyib.

Rusiyada insan haqları üzrə səlahiyyətli Tatyana Moskalkova da hesab edir ki, Pavlikovanın təcridxanada saxlanılması aşırı sərt qətimkan tədbiridir.

Bu vəziyyətdə bir neçə vətəndaş Moskvada Anna Pavlikova və ailəsinin müdafiəsi üçün anaların Marşını təşkil etmək ideyasını irəli sürüb. Tələb isə Pavlikovanın həbsdən azad edilməsi olacaq.

Marş avqustun 15-də Moskvanın mərkəzində baş tutacaq.


More on JAMnews