Qiqa Otzoxorianın ailəsi Strasburq məhkəməsinə müraciət edib
Strasburq insan haqları məhkəməsinə Gürcüstan-Abxaziya inzibati sərhədində qətlə yetirilən Qiqa Otzoxorianın ailəsindən iddia daxil olub.
İddia Rusiya Federasiyasına qarşı verilib. Sənəd Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası və Avropa İnsan Haqlarının Müdafiəsi Mərkəzi (EHRAC) tərəfindən tərtib olunub.
Avropa Məhkəməsinə verilmiş iddiada deyilir ki, Rusiya Federasiyası Avropa Konvensiyasının 2 və 13-cü maddələrini (müvafiq olaraq, yaşamaq hüququ və ədalətli hüquqi müdafiə haqqında) pozub.
İddianı tərtib edənlərin qiymətlərinə görə, Abxaziyanın işğal olunmuş ərazisində insan haqlarının pozuntusuna görə, həm də de-fakto Abxaziya hakimiyyətinin hərəkətlərinə görə məsuliyyət qeyd olunmuş ərazidə nəzarəti həyata keçirən dövlət kimi Rusiya Federasiyasının üzərinə qoyulur.
30 yaşlı Qiqa Otzoxoria 19 may 2016-cı il tarixində Zuqdidi rayonunun Xurça kəndi, Gürcüstan-Abxaziya inzibati sərhədi yaxınlığında, Tbilisi tərəfindən nəzarət olunan ərazidə qətlə yetirilib. Abxaz sərhədçisi Raşid Kandji-oğlu ona altı dəfə atəş açıb. Otzoxorianın qətli həmin ərazidə quraşdırılmış kameralara çəkilib. Video kadrlarda “Abxaziya sərhəd xidməti”nin nümayəndəsi Raşid Kandji-oğlu ilə Qiqa Otzoxorianın mübahisə etdiyi görünür -Zuqdidi sakini Otzoxoria Qaliyə ərzaq məhsulları göndərməyə çalışır, abxaz sərhədçiləri isə ona mane olur. Mübahisədən sonra Kandji-oğlu nəzarət məntəqəsini tərk edir, Xurça kəndinin Gürcüstana aid hissəsinə keçir və Otzoxoriyaya bir neçə dəfə atəş açır.
Gürcüstan məhkəməsi Raşid Kandji-oğlunu 14 il həbs cəzasına məhkum edir. Abxaziya Hərbi Prokurorluğu da Otzoxorianın qətli ilə bağlı iş açır. Qəti imkan tədbiri olaraq da Abxaziya məhkəməsi de-fakto ev dustaqlığını seçir. Amma artıq 21 aprel 2017-ci il tarixində Kandji-oğluna qarşı iş dayandırılır və bağlanır. Suxumi hərbi prokuroru Adqun Aqrbanın sözlərinə görə, işdə heç bir təqsirlilik əlamətləri aşkar edilməyib, çünki Gürcüstan tərəfi araşdırılma üçün bütün lazımi materialları təqdim etməyib.