Ağdam və Füzuli rayonlarından hekayələr" />

Qarabağ gündəliyi: 2-12 aprel

Ağdam və Füzuli rayonlarından hekayələr

Qarabağda hərbi əməliyyatlar başlayan kimi, biz həmkarlarımızla birlikdə cəbhəyanı kəndlərə yollandıq. Bu üç gün ərzində çox şeyləri gördük və yaşadıq və mənim “Facebookda “isti izlərlə yazdığım postlardan bu balaca gündəlik alındı. Bir şeyi dəqiq deyə bilərəm: özü təhlükə altında olan və mərmilərin səsindən gözünə yuxu getməyənlərlə hərbi əməliyyatları paytaxtdan izləyənlərin təcrübəsi arasında böyük fərq var.

Ağdam rayonu
02.04

Ağdam rayonuna axşam saat 9-da çatdıq. Ermənistan silahlı qüvvələri 1993-cü ildə Ağdamı işğal edəndən sonra inzibati mərkəz hesab edilən Quzanlıda hərəkətlilik var idi. İnsanlar küçələrdə qrup şəklində toplaşıb, müharibəni müzakirə edirdilər: hansı rayonlar azad edilib, neçə əsgər həlak olub, hərbi hissələrə düşən mərmilər, rusların ermənilərə köməyi. Misal üçün, burada eşitmək olardı ki, “erməni ordusu Gümridəki rus hərbi bazasından idarə olunur.

Ordunun müvəffəqiyyəti haqqında şayiələr tez bir zamanda sosial şəbəkələrdə yayılır, cəmiyyətdə böyük sevincə, təsdiqini tapmayanda isə məyusluğa səbəb olurdu. Yerli sakinlərin öz evlərini tərk etməsi ilə bağlı xəbəri Bakıda az qala torpaqların itirilməsi kimi qəbul edirdilər. Bizə Ağdamda ağır artileriyanın istifadə olunduğu və düşən mərminin evi külə döndərməyəcəyinə heç bir zəmanətin olmadığı bir müharibədə insanların müvəqqəti olaraq evlərini tərk etməsi tam məntiqli görünürdü.

Ağdam rayonunun kəndlərin birində yaşlı və cavanlar ərzaq dükanının önünə toplaşmışdılar. Kənd sakinlərinin bəziləri qorxunu və həyəcanı yenmək üçün spirtli içkidən istifadə etsələr də, spirtli içkidən istifadə etməyib, kənddən ayrılan kişiləri məzəmmət edənlər çoxluq təşkil edirdi.

Ağdam rayonun rəhbərliyi bizi heç də xoş qarşılamadı. Kənddə çəkilişimizi yenicə bitirmişdik ki, Ağdam polisi icra başçısı Raqub Məmmədovun təlimatına uyğun bizi ərazidən uzaqlaşdırdı və icra başçısının olduğu rayon olimpiya kompleksinə gətirdi.

Deyilən ünvana gedərkən yalnız mənim olduğum polis maşınında müşayiət edən icra nümayəndəsi bildirdi ki, icra hakimiyyətindən soruşsalar deyin ki, çəkiliş aparmaq istəyirdik, lakin icra nümayəndəsinin səyləri nəticəsində buna imkan verilmədi. Sonradan məlum oldu ki, elə jurnalistlərin saxlanmasına səbəb olan şəxs bu icra nümyəndəsi olub.

‘Siz bura razılıq əsasında gəlməmisiniz, akreditasiyanız yoxdur. Siz hərbi əməliyyatlara kölgə sala bilərsiniz’, – İH başçısı bizi olduqca kobud qarşıladı və əsl “sistem işçisi kimi danışırdı. Biz isə yol yorğunu olduğumuzdan onunla çox dirəşmədik, həm də materialları ötürmüşdük. Başa düşdük ki, imkan verməyəcəklər.

Həmin gecə Ağdam Olimpiya Kompleksinin baxımısız otaqlarında həbs olunduq, səhərisi rayonu tərk etdik.

Füzuli rayonu
03.04

Aprelin 3-ü istiqamət Füzuli idi. Rayonun bir hissəsi erməni hərbiçilərinin nəzrəti altındadır, buna görə də qoşunların təmas xətti onu iki yerə bölür. Ağdamdan fərqli olaraq burada rayona ordu nəzarət edirdi. Müasir hərbi texnika, ordunun rayonun inzibati mərkəzinə nəzarəti üzərinə götürməsi, hərbiçilərin simasındakı qətiyyət, mülki vətəndaşlarla mütəşəkkil, sahmanlı iş diqqəti cəlb edirdi. Olduğumuz kəndlərdə sakinlər özlərini müharibənin mərkəzində hiss edirdilər, elə biz də qrad raketlərinin səsləri altında özümüzü döyüşə nə qədər yaxın hiss etdiyimizin fərqinə varırdıq.

Füzuli sakinləri kameranın önündə sərbəst olur, fikirlərini daha aydın, səmimi ifadə edirdilər. Rayonda çəkiliş apardığımız müddətdə rayon rəhbərliyi tərəfindən hər hansı bir maneə ilə qarşılaşmadıq.

Axşam Ağdama yenidən qayıtmağı qərarlaşdırdıq.

Ağdam rayonu
03.04 – 04.04

Bu dəfə məkan erməni silahlı birləşmələri ilə üzbəüz olan daha bir kənd idi. Yorğunluğun ağırlığını üzərimizdən atıb gecələyəcəyimiz evin sahibi təhlükəsizlik məqsədi ilə iki azyaşlı uşağını Mingəçevirə göndərmişdi.

Ev sahibinin sözlərinə görə, qızının mərmi səslərindən qorxduğunu görən qonşusu bildirib ki, göydə partlayan şarlardı, ona görə də qorxmağa ehtiyac yoxdur. Qız da deyib ki, nə pis adamlardı, mən bu qədər şarı partlatmazdım, hədiyyə edərdim.

Hava qaraldıqca mərmi səsləri daha intensiv və vahiməli olurdu. O qədər yorğunuyduq ki, yuxu bizə ölüm təhlükəsindən şirin görsənirdi. Hətta bir dəfə mərmi səslərindən sonra ev silkələnəndə həmkarım Ramin ayılaraq narazılıq etdi ki, bu səslərin əlindən yata bilmirəm. Raminin bu etirazı gülüşümüzə səbəb oldu. Mərmi səsləri bizi qorxutmurdu, sözün düzü mən arxayınıydım, ilk dəfəydi ki, orduya bu qədər güvənim artmışdı. Ancaq sonra rəqəmlər açıqlandıqca və şəhidlərimizin sayı artıqca anlayırdım ki, hər mərmi səsində bu qədər canlar alınıb.

Bakı
07.04. – 12.04

Bakıya qayıtdıqdan sonra yaralı əsgərləri ziyarət etmək üçün hospitallara getdim. Mənə daha çox maraqlı gələn cəbhə bölgəsində özümü güvəndə hiss etdiyim, məğlubedilməz ordu təəssüratı oyadan hərbiçilərimizlə canlı təmas idi.

Burada mən tamamilə fərqli insanları gördüm – deyib-gülən, güllə və qəlpələrin təsirini hiss etməyənlər və ya yüngül yaralı olmasına baxmayaraq, ətrafdan təcrid olunub yalnız bir istiqamətə baxanlar. Onların nə düşündüyü maraqlı gəlirdi. Düşünürəm ki, mən olsaydım, həyatımın ilk müharibəsini, ölümün bu qədər yaxın olmağını, necə yaralanıb sağ qalmağımı, ətrafımdakı qanlı cəsədləri düşünərdim.

Mərkəzi Hərbi Klinik Hospitalda yaralı əsgərə sual verdim ki, heç hərbçi yoldaşlarınla danışırsan? Cavab ani və gözlənilməz oldu: “Sağ qalan əsgər yoldaşlarımla?.

Növbəti dəfə elə həmin hospitalda idman jurnalistləri ilə hərbiçiləri ziyarət edəndə bir zabitin palatasına daxil olduq. Onu ziyarətə idman mediasının gəldiyini biləndə gülümsəyərək voleybolu sevdiyini dedi: ‘Mən də Qarrinça kimi oynayacam. (Qarrinça məşhur braziliyalı futbolçu olub. Bir ayağı digərindən qısa idi – müəllif). Ona görə də sağalmağımı gözləyirəm. Ayağa qalxan kimi hərbçi dostlarıma voleybolun nə olduğunu öyrədəcəm’. Biz sonradan anladıq ki, məğrurluğunu, qətiyyətini itirməyən zabitin ayağı amputasiya olunmuşdu.

Bir əsgər də ancaq gülürdü, hətta mənimlə palataya daxil olan xanımların ağladığını görüb dedi ki, kim ağlayırsa mənim yanıma gəlməsin. Səhərdən-axşama qədər döyüş meydanında yaralı olduğunu bildirən əsgər komandirinin onu xilas etdiyini deyirdi. Ümumiyyətlə, əsgərlərlə ünsiyyət zamanı da məlum olurdu ki, bu qısamüddətli müharibədə ən böyük şücaəti zabit heyəti göstərib.

Hospitalda təsadüf nəticəsində xalq artisti Məleykə Əsədovanı gördüm. O, əsgər anaları ilə danışır, onlara ürək-dirək verirdi. Və bu kameraya hesablanan oyun deyildi, çünki ətrafda bir dənə də olsun kamera yox idi.

Bütün fotolar Ağdam rayonunda çəkilib.

 

Saday Quliyevin bir neçə qoyundan ibarət balaca sürüsü var, bu gün isə onun bir dənə də quzusu doğuldu

Suyu burada artezian quyularından daşıyırlar

Kənd sakini artilleriya səslərinə məhəl qoymadan, qoyun otarır

Orta məktəb. Həmin gün dərslər keçirilmədi

• Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayıb. Azərbaycan Qarabağ və onun müharibə vaxtı alınmış ətraf ərazilərini işğal edilmiş sayır və qaytarılmasını tələb edir.

• 2016-cı ildə münaqişə zonasında gərginlik aprelin 2-dən 5-nə qədər sürüb. Aprelin 5-də tərəflər atəşi dayandırmaqla bağlı razılığa gəliblər, amma atışma daha kiçik miqyasda davam edir. Azərbaycan və Ermənistan bir-birini razılaşmanı pozmaqda ittiham edir.

• Münaqişə tərəflərinin rəsmi mənbələrinin verdiyi informasiya ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin buna reaksiya verməsi ilə bağlı suala cavab almağa imkan vermir. Beynəlxalq mənbələr də hələ ki, bu sualın cavabını tapa bilmir.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər


More on JAMnews