Ana doğum evindən çıxarkən əlindən alınan, hazırda beş yaşı olan oğlunu geri tələb edir
Narine Nikoqosyanın 40 yaşı var, bütün həyatı sınaqlar zəncirindən ibarətdir, son beş il isə ümumiyyətlə cəhənnəmi xatırladır. Bütün bu müddət ərzində qadın öz oğlunu geri qaytarmaq üçün məhkəmələrə ayaq döyür. Uşağın artıq 5 yaşı var. Narine onu ancaq doğum evində görüb. Daha sonra isə 2 yaş yarımlıq olanda məhkəməyə təqdim olunan videoda, bir dəfə də artıq 4 yaşında ikən uzaqdan görə bilib.
“İndi hərdən düşünürəm ki, bütün bunlar mənim başıma gəlməyib. Bu, həqiqət ola bilməz. Bu yuxudur, mən oyanacam və şey qaydasına düşəcək. Mən bütün bunlara hazır deyildim. Kimsə övladının əlindən alınmasına hazır ola bilməz”, – Narine deyir.
• Ermənistanın yaşamaq təhlükəli olan kəndindən foto və video
• Doğma və övladlıq götürülən əlil uşaqlar
Narine “uğursuz ailədə” doğulub, böyüyüb. Məktəb vaxtlarından ailəsinin qayğısını çəkməli olub. Eşitmə problemi olan valideynlərinin və bacılarının məsuliyyəti, bütün təsərrüfatın yükü onun çiyninə düşüb. Məktəbdə müəllimləri bacarıqlı qızın günlərlə məktəbə gəlmədiyi üçün əsəbləşirdilər.
“19 yaşım vardı, valideynlərimin evindən getməli oldum. Bu vəziyyətdə yaşamaq artıq mümkün deyildi. Təhsilimi davam etdirməyi çox istəyirdim, amma imkan yox idi. Müxtəlif yerlərdə işləməyə başladım: xadiməlik edir, inzibati işlər görürdüm – nə iş tapa bilirdimsə, təki özümü dolandıra bilim. Tənhalıq dəhşətli şeydir. Bunu danışmaq, izah eləmək mümkün deyil. Mən tamamən tək idim”, – Narine deyir.
Sevgisini paylaşacaq, həyatını həsr edəcək bir uşağa ehtiyacının olduğunu anlayanda 30 yaşı vardı. Belə qərara gəlir ki, övladlığa uşaq götürsün. Amma tənha qadın üçün övladlığa uşaq götürmək ciddi probllemdir. Tanışları təklif edir ki, süni mayalandırma haqda düşünsün:
“Mən müxtəlif həkimlərə getməyə başladım. Tanışlardan biri Qraç Kalustyanı məsləhət gördü. Məlum oldu ki, sağlamlığımla bağlı ciddi problemlərim var. Müalicə beş il sürdü. Bu müddət ərzində həkimlə və həyat yoldaşı ilə dostlaşdım, aramızda etimadla bağlı problem yox idi. Amma müalicədən sonra hökm çıxarıldı: mənim heç vaxt uşağım olmayacaq”.
O, artıq tənhalıqla barışmışdı. Amma aşiq oldu. Və həyat onun qarşısına daha bir sürpriz çıxardı: ona bir neçə ay əziyyət verən halsızlıq və yorğunluq sən demə, xəstəlik yox, hamiləlik əlaməti imiş:
“Bu möcüzə idi. Bilirdim ki, ancaq özümə ümid edə bilərəm. Valideynlərimin dəstəyindən söhbət belə gedə bilməzdi, sevdiyim adam isə hesab edirdi ki, hələ uşaq sahibi olmağın zamanı deyil. Etibar edə biləcəyim yeganə adam həkimim idi. Xəstəxanaya getdim ki, hamiləliyə son qoyum, amma birdən möhkəm ağrılarım başladı. Uşağın mənə necə tutunduğunu, necə yaşamaq istədiyini hiss etdim. Xəstəxanadan qaçdım və qərara gəldim ki, onu ancaq özüm üçün dünyaya gətirəcəm”.
O işləyirdi, uşaq üçün lazım olan şeyləri almaqdan ötrü pul toplayırdı. Həmin tanış həkim hamiləliyə nəzarət edirdi, onu əmin edirdi ki, hər şey yaxşı olacaq. Narine artıq işləyə bilmirdi, valideynlərinin evində isə onu gözləyən yox idi. Yenə də köməyinə həkim Kalustyan gəldi.
“O dedi ki, Yerevan yaxınlığındakı Abovyan şəhərində onun bir tanışının məzili var, orada heç kim yaşamır. Uşaq doğulana qədər orada yaşaya biləcəyimi söylədi. Xatırlatdım ki, pulum yoxdu, ödəniş edə bilməyəcəm. Cavab verdi ki, bu adamlar sadəcə kömək etmək istəyirlər. Beləcə o evə köçdüm. Elə ilk gün ev sahibi ilə tanış olduq. Yaşlı adamın verdiyi suallardan dərhal gərildim, amma köməkdən imtina edəcək durumda deyildim”, – Narine danışır.
Uşaq doğulana qədər ev sahibi vaxtaşırı Narineyə baş çəkirmiş, körpəylə maraqlanırmış. Daha sonra o, uzun müddət ölmüş qardaşının şəkli qarşısında dayanıb fikrə gedirmiş.
Narine danışır ki, doğuma hələ çox vaxt qalsa da o, oğlunun gəlişinə hazır olub, lazım olan hər şeyi alıb. Növbəti dəfə həkim müayinəsinə gedəndə isə hər şey erkən doğuşla bitib:
“Həkim dedi ki, yaxşı görünmürəm və mənə həb verdi. Dedi ki, vitamindir. Həbi içdim, bir neçə saat sonra sancılarım başladı. Bu dəm həkim dedi ki, doğuşu qəbul edə bilməyəcək və məni 8 saylı xəstəxanaya göndərdi.
Bir də xəbərdarlıq elədi ki, orada məni heç kim tanımır və mən desəm ki, uşağın atası yoxdur, mənə yüngül qadın kimi yanaşacaqlar. Buna görə də ev sahibi olan yaşlı kişinin uşağın atası olduğunu deməyi məsləhət bildi. Bu, məni şübhələndirdi, amma elə qorxurdum ki, heç nə eləyə bilmədim. Sadəcə uşağın doğumu haqda düşünürdüm”.
Sonra hər şey dumanlı idi: doğuş, doğuşdan sonrakı depressiya, mütəmadi dərmanlar, ağrılar, demək olar ki, huşsuz vəziyyət. Narinenin xəstəxanadan çıxışı üçün üç sənəd imzaladıblar. O, ancaq birini oxuyub. Yaşlı kişi onu əmin edib ki, digər sənədlər elə birincinin surətidir. Sonradan isə məlum olub ki, sənədlərdən biri atalığın təsdiqi haqda olub.
“Xəstəxanadan uşaq qucağımda çıxdım. Həyətdə məni ev sahibi qohumu olan qadınla gözləyirdi. Hiss elədim ki, nəsə olacaq, qorxdum, amma məhz nə olacağını təsəvvür belə eləməzdim. Demək olar ki, yeriyə bilmirdim, zəif idim, bilmirəm həkim mənə nə dərmanlar verirdi.
Mən maşına yaxınlaşdım, qadın rahat otura bilim deyə uşağı ona verməyimi təklif etdi. Mən uşağı verən kimi, maşın yerindən tərpəndi. Yıxıldım, ayağa qalxıb, kömək çağırmaq istədim, amma anladım ki, kəlmə kəsə bilmirəm. Mənə elə gəlirdi ki, qışqırırdım, amma əslində səsim çıxmırdı. Həkim dedi ki, heç nə baş verməyib, uşağı sadəcə evə aparıblar. Təəssüf ki, bu belə deyildi”, – Narine danışır.
Narine doğuşdan sonra özünə gələn kimi övladının oğurlanması ilə əlaqədar olan insanları axtarmağa başlayıb, polisə müraciət edib. Həkim Kalustyan dərhal ölkədən gedib. Yaşlı adam iddia edir ki, Narine özü oğlundan imtina edib, o isə uşağın bioloji atasıdır. Odur ki, körpəni götürüb və ona vəfat etmiş qardaşının adını verib.
Hüquq müdafiəçisi Zauri Hovvanisyan Narinenin başına gələnlər haqda ilk danışan şəxsdir. Onun sözlərinə görə, bu hadisə Ermənistanda uşaq alveri hallarının baş verdiyini təsdiqləyir, amma bu cür olaylar başqa proseslərlə ört-basdır edilir.
“Bu, o hallardandır ki, qadının zəif vəziyyətindən, doğuşdan sonrakı deprissiyasından və sair istifadə olunduğu aşkardır. Bundan başqa, həkimə inancı mühüm amildir. Məsələ hüquqi müstəviyə keçən kimi həkimin Ermənistanı tərk etməsi onun uşağın satılması prosesində iştirak etdiyini təsdiqləyir. Onunla əlaqə yaratmaq üçün edilən bütün cəhdlər bir nəticə verməyib”, – hüquq müdafiəçisi deyir.
Onun sözlərinə görə, Narinenin hüquqi qüvvəsi olan sənədləri imzalaması araşdırmanı çətinləşdirib. Amma məhkəmə qadının bu sənədləri imzalayarkən hansı psixoloji və ya fiziki vəziyyətdə olduğunu, ona sənədlərin məzmunu və mahiyyətinin izah edilib-edilmədiyini nəzərə almayıb. Zauri Hovannisyan bildirir ki, məhkəmədə Narinenin işinə kompleks şəkildə baxılmayıb, onun özü isə ona qarşı qərəzli münasibət üzündən qurbana çevrilib.
Uşaq uğrunda mübarizə illərdir davam etsə də, qadın ümidini itirmir.
“Bilirəm ki, gec-tez övladım mənimlə olacaq. Əvvəl oğrular bu və ya digər formada məhkəmənin qərarına təsir edə bilirdilər. Mən isə heç DNT analizi də tələb edə bilmirdim ki, bu insanların mənim oğluma dəxli olmadıqlarını sübut edə bilim. İndi mən inanıram ki, məhkəmə obyektiv olacaq və mənim övladım, nəhayət, mənə qayıdcaq.
Bilirəm ki, vəkilimin sayəsində ədalətə nail ola biləcəm. Bütün xərclərin öhdəsindən gəlmək çətindir, amma mən yolumdan dönməyəcəm. Dörd yerdə işləyirəm, lazım olsa, beşinci iş də tapacam, amma təslim olmayacam. Bəzən qorxuram ki, dözə bilməyəcəm, amma oğlum doğulandan bəri təkənməyən gücə sahib olduğumu da bilirəm. Ürəyim deyir ki, hər şey yaxşı olacaq”, – Narine söyləyir.