Hər şey reklam elanından başladı: "Özünüzə həyat yoldaşı tapıb, xoşbəxtliyə qovuşmağı təklif edirik" " />

Tbilisili blogerimizin adaxlı axtarması

Hər şey reklam elanından başladı: "Özünüzə həyat yoldaşı tapıb, xoşbəxtliyə qovuşmağı təklif edirik"

JAMnews-un blogeri Nino Natroşvili adaxlı axtardığı müddətdə müəyyən edib ki, ərə getmək vətənpərvərlik məsəlsidir Onun hekayəsini oxuyun

______________

Ancaq ailə qurmaq üçün

Səhərlərin birində “Facebook adətən olduğu kimi, yaddaşının dərinliklərindən bir il əvvəl çəkilmiş bir şəkli çıxardı. Bu, bankomatın üstünə yapışdırılan kiçik reklam elanı idi: “Həyat yoldaşını tapmağı və xoşbəxtliyə çatmağı təklif edirik.

Qeyd olunan nömrəyə zəng etdim.

– Salam.

– Salam, – kişi səsi cavab verdi.

– Nikah üçün tanışlıq mərkəzi?

– Bəli.

– Bilirsiz, köməyinizə ehtiyacım var. Nə edə bilərəm?

– Adınız nədir?

– Nino.

– Yaşınız?

– 33 olacaq.

– Problem yoxdur. Qeydiyyatdan keçmək üçün zəhmət olmasa, Bakradze küçəsinə gəlin, şəxsiyyət vəsiqənizi və şəklinizi də götürməyi unutmayın.

– Şəkil necə olmalıdır?

– Necə istəyirsiz, amma böyük, ölçüsü 9х13 və ya 10х15 olsa daha yaxşıdır.

– Qiyməti?

– İllik qeydiyyat 70 laridir.

– Əmin ola bilərəm ki, mənə namizəd seçəcəksiz?

– Kifayət qədər böyük bazamız var. Anketləri, şəkilləri göstərəcəyik, siz də xoşunuza gələni seçəcəksiz. Sonra da həmin adama zəng vuracağıq, haqqınızda məlumat verəcəyik, o da razılıq versə, sizi bir-birinizlə tanış edəcəyik.

– Pulu dərhal ödəmək lazımdır?

– Ailə quranda, sevgi axtaranda puldan danışmazlar. Qeydiyyatdan sonra 10 gün ərzində bankda ödəniş etmək lazımdır.

– Aydındır.

– Yeri gəlmişkən, işləmirsizsə və ya sosial təminatınız yoxdursa, endirim də təklif edə bilərik.

– Yox, çox sağ olun, salamat qalın.

Eksperimenti axıra qədər aparmaq qərarına gəldim. İkinci dəfə Bakradze küçəsi ilə gedirəm. Ötən əsrin 80-ci illərində sovet üslubunda tikilən bina uzaqdan görünür. Liftdən yarıqaranlıq dəhlizə çıxıb, qapılardan birinin üstündə tanış reklam şəklini görürəm. Yavaşca qapını döyürəm.

Otaqda gülərüz gənc qadın oturub. Salome anketi dolduran zaman ətrafımı nəzərdən keçirməyə vaxt tapıram.

Bu mərkəzi özümə tam fərqli, Hollivud filmlərindəki kimi təsəvvür edirdim. Burada isə qırmızı ürək və toppuş kupidonların əvəzinə divalardan bayraqlar və keçmiş baş nazirin şəkilləri asılıb. Divarda həm də “Kristall jurnalının üz qabıqlarının sərgisi var. Bunlardan birinin üzərində “Atılan qızlar üçün təlimat yazılıb. Nəzərimi divarın  başdan ayağa şəkil asılan hissəsinə yetirirəm: şəkillərdən cütlüklər gülümsəyir.

“Bütün bunlara sizin mərkəz kömək edib? – səsimə fərəh və ümid qarışıq notlar qatmağa çalışıram.

“Hə, bütün divar şəkillə dolmuşdu, yerləşmirdilər, bir hissəsini çıxarmalı olduq, – o qürurla cavab verir və həmin dəqiqə də anket üçün birinci sualı verir:

– Boyunuz və çəkiniz?

Bundan sonra standart suallar gəlir: ulduz bürcüm, ailəli olmuşammı, uşaqlarım, valideynlərim, bacı və qardaşlarım varmı, təhsilim, iş yerim, evim və avtomobilim varmı, spirtli içki içirəmmi, siqaret çəkirəmmi.   

Darıxıb, birdən bütün bunların uşaqlığımı xatırlatdığını düşünürəm – anamın işlədiyi və hərdən məni də özü ilə işə apardığı Gürcüstan Statistika Komitəsinin binasını.

“Hansı yaşda insanla tanış olmaq istərdiz – aşağı və yuxarı hədd?, – Salomenin sualı məni indiki zəmanəyə qaytarır.

“Hm… heç vaxt bu haqda fikirləşməmişəm. Olsun 40 yaşa qədər, – cavab verirəm.

Daha maraqlı hissə başlayır. Gələcək ərimin malik olduğu üstün keyfiyyətləri sadalamalıyam.

– Ali təhsilli olmalıdır?

– Yəqin şəxsi evi və işi də olmalıdır, hə?

Hamısı ilə də razılaşaraq, başımı yelləyirəm. Amma heç də həmişə kompromisə gedən biri deyiləm.

– Boşanmış ola bilər, hə?

– Alkoqol istifadəsinə necə baxırsız? – Salome məni sual atəşinə tutur.   

İdeal kişi porteri hazır olandan sonra Salome mənə bank hesabının nömrəsini göndərir. 70 larini ödəyən kimi, tanışlıq mərkəzi kişi axtarışına başlayacaq. Salome məni ümidləndirir – 1-2 həftə keçməmiş, xoşbəxtlik qapımı döyəcək, daha doğrusu, mobil telefonuma zəng edəcək.

Nikah milli əhəmiyyətli məsələdir

Bir neçə gündən sonra mən yenidən Bakradze küçəsinə gəlirəm. Yox, adaxlım hələ gəlib çıxmayıb. Bu dəfə mən gəlinlik fatamı çıxarıb, jurnalist kimi gəlirəm.

Nikah üçün tanışlıq mərkəzi Tbilisidə artıq 16-cı ildir ki, fəaliyyət göstərir. O, Gürcüstanın Demoqrafik İnkişaf Fondunun tabeliyindədır. Bu təşkilatın prezidenti David Xizanişvili deyir ki, Fond milli əhəmiyyətli iş görür – millətin  sayını artırmağa çalışır. 

“Bu, həm xalqa, həm də ölkəyə lazımdır. Gürcüstanda həqiqətən də köməyə ehtiyacı olan subay adamlar çoxdur. Axı millət necəsə artmalıdır, – David Xizanişvili həyəcanla danışır.

Müsahibə zamanı telefonu demək olar ki, susmur. Hesabladım – 30 dəqiqə ərzində ona 8 zəng gəldi. Özünün sözlərinə görə, gün ərzində 50-dən çox zəngə cavab verməli olur. Düzdür, onların arasında elə-belə, marağa zəng edənlər də var. David Xizanişvili artıq onları seçməyi öyrənib: artıq ilk cümlədən insanın həqiqətən ailə qurmaq istədiyini, yoxsa sadəcə maraqdan zəng vurduğunu anlayır.

“Mütləq ailə qurmaq lazımdır ki? Dost, partnyor axtarmaq olmaz? – sualını verirəm və cavabında kəskin etiraz eşidirəm: “Mərkəzə ancaq ailə qurmaq məqsədilə müraciət etmək olar. Biz milli əhəmiyyətli işə xidmət edirik, – David Xizanişvili bir daha təkrar edir.

“Bəs uşaq dünyaya gətirmək istəməsələr, yaxud bacarmasalar, – sözümə davam edirəm.

“Yəqin, belə şeylər də olur. Biz heç kimdən sağlamlıq haqqında arayış tələb etmirik, – demoqrafik mərkəzin prezidenti cavab verir. 

Standart prosedur aşağıdakı kimidir: müştəri mərkəzə şəxsiyyət vəsiqəsini təqdim edir və mənim kimi anket doldurur. Qeydiyyatdan keçmək üçün bankda rüsum ödəyir və 1-2 həftə ərzində konsultantlar Mərkəzdə olan anketlər üzrə müvafiq namizəd axtarırlar. Namizədin xoşuna gəlsəz, görüş baş tutacaq.

Anketinizin Mərkəzin məlumat bazasında  bir il ərzində olmasını istəyirsizsə, 70 lari ödəməlisiz. Az təminatlılar və işsizlərə pulsuz xidmət göstərilir. Mərkəz ancaq Gürcüstanın ölkə daxilində yaşayan vətəndaşlarına xidmət göstərir. David Xizanişvili deyir ki,  Gürcüstanın Demoqrafik İnkişaf Fondu ilk növbədə ölkə vətəndaşlarının qayğısına qalmalıdır.

Nikah üçün tanışlıq mərkəzində statistika aparılmır, ya da onu açıqlamırlar. Hər halda bizə bu məlumatı vermək istəmədilər.

2015-ci ildə Gürcüstanda 29470, 2014-cü ildə 30044 nikah qeydə alınıb, amma evlilik üçün tanışlıq mərkəzinin köməyilə neçə cütlüyün toy etdiyi məlum deyil.

Mərkəzin xidmətlərindən 20 yaşı tamam olan istənilən Gürcüstan vətəndaşı istifadə edə bilər, bununla belə David Xizanişvilinin sözlərinə görə, onlara əsasən 30-40 yaşlı kişilər müraciət edir. 

Bu gün Mərkəzdə kişilərin anketlərinin sayı daha çoxdur. Onlar bir qayda olaraq, qəşəng, dürüst, təhsilli, ciddi, mehriban və ailə qurmağa meyilli qadın axtarırlar. Onların doldurduğu anketlərdə məhz bu  xüsusiyyətlər üstünlük təşkil edir.

Qadınların doldurduğu anketlərdən məlum olur ki, onlar daha çox qeyri-ciddi, alkoqol aludəçisi olan işsiz kişilərdən qaçırlar.

Nikah üçün tanşlıq mərkəzi Gürcüstanda bircə dənədir. Düzdür, hazırkı internet dövründə müxtəlif qəzet və jurnallarda da insanlara ailə qurmaqda kömək edən “Görüş rubrikasına rast gəlmək olar. 

Son illərdə tanışlıq məsələsində sosial şəbəkələr mərkəzin ən ciddi rəqibinə çevrilib. David Xizanişvili isə sosial şəbəkələrin bu mənada o qədər də etibarlı olmadığını deyir. 

“Bizə artıq Facebook-da özünə ər və ya arvad axtarmağa çalışan, amma heç nəyə nail olmayan adamlar da müraciət edir. Orada sizi aldada biləcək, qeyri-ciddi adama rast gəlmək mümkündür.

Buna baxmayaraq, David Xizanişvilinin gələcək  planları məhz internetlə bağlıdır.

Nikah üçün tanışlıq mərkəzi onlayn məkanı detallı öyrənməyi və ailə qurmaq istəyən insanların vahid bazasını yaratmağı planlaşdırır.

“Gürcüstanda ailəsi olmayan adamlar qalmamalıdır. Bizə bu yaraşmır, – David Xizanişvili deyir.

* * *

Taksiyə oturan kimi eksperimentimin nəticələrinə görə narahat olan dostuma zəng edirəm. Danışıb qurtarandan sonra taksidən düşmək qərarına gəlirəm, bu zaman taksi sürücüsü mənə müraciətlə tam ciddi deyir:

“Xanım, sən yenə də oğlandan sağlamlıq haqqında arayış tələb elə, yoxsa hər şey ola bilər!

Dərc olunub 22.08.2016

Facebook Comments

More on JAMnews