Moldovanın “ərdoğanlaşdırılması”: ölkə Türkiyədən nəyi və necə öyrənir
Moldovanın “Newsmaker” resursunun materialı əsasında
Türkiyə, onun region ölkələrinə təsiri və bununla bağlı qalmaqallar regional və dünya mediasının başlıqlarında getdikcə daha tez-tez rast gəlinir. Moldovanın növbəsi bu payız çatıb. Moldovanın müstəqillik tarixində ilk dəfə Türkiyə ölkə gündəminin zirvəsinə çıxıb. “Orizont” Moldova-Türkiyə liseyinin yeddi əməkdaşının deportasiyası Türkiyə barədə yalnız iqtisadi tərəfdaşlardan biri kimi deyil, həm xarici, həm də daxili siyasətin yeni istiqaməti kimi danışmağa vadar etdi. Ərdoğanın Kişinyova oktyabrda nəzərdə tutulmuş səfəri ərəfəsində Moldovanın “Newsmaker” portalı hakimiyyətin yeni orientirinin Moldova demokratiyası üçün nə ifadə etməsini araşdırıb.
Vizit kartı
Oktyabrın 17-18-i tarixlərində Moldovada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı gözləyirlər. Onun səfəri Moldova-Türkiyə münasibətləri çərçivəsini xeyli aşan və ölkədə böyük rezonans doğurmuş hadisədən bir neçə gün sonra rəsmən təsdiqləndi.
Sentyabrın altısı Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin (İTX) zabitləri “Orizont” Moldova-Türkiyə liseylər şəbəkəsinin yeddi əməkdaşını saxlayaraq ölkədən deportasiya etdilər. İki gün sonra hüquq müdafiəçiləri NM-ə bildirdilər ki, yeddi müəllimin hamısı Türkiyədə həbsxanadadırlar.
Türkiyə hakimiyyəti bu beynəlxalq təhsil müəssisələri şəbəkəsinə türkiyəli ictimai xadim, 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdində ittiham olunan Fəthullah Gülənin nəzarət etdiyini düşünür. O vaxtdan bəri Türkiyədə Gülənin on minlərlə güman edilən tərəfdaşı həbs olunub.
Moldova hakimiyyəti iddia edir ki, “Orizont” liseylərinin əməkdaşları qanunvericiliyə riayət edilməklə və qanuni əsaslarla saxlanılıb Moldovadan qovulublar, lakin hüquq müdafiəçiləri prosedur pozuntuları barədə danışır və belə bir fikirdədirlər ki, Avropa İnsan Haqları Məhkəməsi Moldovanı Türkiyə vətəndaşlarının deportasiyasına görə ittiham edəcək.
Müəllimlərin özlərinə bu çətin ki kömək etsin, lakin Moldovanın beynəlxalq imicinə zərər haqqında artıq baş tutmuş fakt kimi danışmaq mümkündür. Avroparlamentin bir sıra deputatı Moldova hakimiyyətinin hərəkətlərini ittiham edən çıxışlar ediblər.
Məsələnin dəyəri
Sağçı avropayönümlü müxalifət liderləri baş verənləri prezident administrasiyasının binasının təmiri və “Arena Chisinau” idman-əyləncə kompleksinin tikintisi ilə bağlayırlar.
Moldova prezident administrasiyasının təmirinə görə Türkiyə 7,8 milyon avro ödəyib. Təmir az qala başa çatıb və gözlənildiyinə görə, qırmızı lenti oktyabr səfəri zamanı Ərdoğan özü kəsəcək.
Nəhəng “Arena Chisinau” idman-əyləncə kompleksinin tikintisi hakim Dempartiyanın əsas seçkiöncəsi layihələrindən biridir (2019-cu ildə respublikada parlament seçkiləri keçiriləcək). “Arena” Türkiyənin “Summa Group” şirkəti ilə tərəfdaşlıq şəraitində tikiləcək.
Müəllimlərin qovulmasından bir həftə sonra Kişinyovda “Moldova ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafında yeni üfüqlər” Moldova-Türkiyə iqtisadi forumu keçirilib. Həmin forumda Moldovanın iqtisadiyyat naziri Kirill Qaburiç Türkiyənin TİKA dövlət agentliyinə son 25 il ərzində Moldovaya göstərilmiş 33 milyon dollar həcmində yardıma görə təşəkkür edib.
Türkiyəli müəllimlərin Moldovadan qovulmasını tənqid etmiş hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları, analitiklər və siyasətçilər əmindirlər: bu insanlar Türkiyənin Moldovaya yardımı üçün “ödənc” olublar. Müxalifət isə xəbərdarlıq edir ki, nəticədə ölkə insan hüquqlarının pozulmasına görə beynəlxalq təcridin astanasındadır.
Moldova-Türkiyə münasibətlərində qəribə yaxınlaşma 2017-ci ilin sentyabrında başlayıb. O vaxt nüfuzlu ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada Moldovanın hakim Dempartiyasının lideri, heç bir dövlət vəzifəsi tutmayan Vladimir Plaxotnyuku qəbul etdi. Bu, başqa bir dövlətin başçısının onu rəsmən qəbul etməsinin yeganə faktıdır.
2017-ci ilin may ayında Kişinyovda səfərdə olarkən Türkiyənin baş naziri Binali Yıldırım moldovalı həmkarı Pavel Filipdən Moldovadakı “Orizont” liseylər şəbəkəsinin bağlanmasını tələb etdi. O zaman Moldovanın baş naziri cavab vermişdi ki, hər şey qanunlara uyğun olmalıdır, liseylərin bağlanması üçünsə sübutlar lazımdır. İnformasiya Təhlükəsizliyi Xidmətinə inansaq, həmin sübutlar sentyabrda tapılıb.
Pul qoxusu
İqtisadi ekspert Vyaçeslav İonitse qeyd edir ki, Türkiyə Moldovanın son üç ildə ixracatının artımını təmin edən ölkələr arasında ilk beşliyə daxildir, eyni zamanda Türkiyə xüsusilə Qaqauziyada (bu muxtar bölgədə türkdilli xalq – qaqauzlar – kompakt şəkildə yaşayır – NM) fəaldır.
İonitse deyir ki, fəqət Türkiyənin beynəlxalq miqyasda imici “əməkdaşlığa bir qədər acımtıl dad qatır”. O əlavə edir ki, iqtisadiyyatı siyasətdən ayırsaq, Türkiyə Moldova üçün daha sanballı iqtisadi tərəfdaş ola bilərdi.
“Ərdoğan özü kimi güclü siyasi liderlərlə iş görməyi xoşlayır. Bu cür hərəkətin hansı reaksiya doğuracağını anlayaraq, Plaxotnyuk nə qədər güclü olduğunu nümayiş etdirdi”, – moldovalı ekspert İqor Botsan belə hesab edir.
O güman edir ki, bu yaxınlarda Plaxotnyukun ölkənin kursunun avropayönümlüdən moldovayönümlüyə dəyişdirilməsi barədə bəyanatı da hadisələrin bu zəncirinə müvafiqdir. “[Moldova hakimiyyətinin] Qərblə münasibətlərində hər şey aydın olandan sonra yaxınlıqda Türkiyə olacaq”, – ekspert fikrini yekunlaşdırır.
Strateji Təşəbbüslər İnstitutunun icraçı direktoru Vladislav Kulminski Türkiyənin regiondakı rolunun dəyişildiyini – sırf şəxsi geosiyasi maraqlarını gedən atlantizmdən balanslı siyasətə keçidini – qeyd edir.
Moldovada hakim partiya bütün dövlət institutlarını nəzarətə götürüb və qeyri-populyarlığına baxmayaraq, hakimiyyətini əldən vermək istəmir. Bunu Kulminski deyir. “Hakimiyyəti bütün mümkün vasitələrlə saxlamağa çalışacaqlar. İdarəçiliyin demokratik metodları və siyasi mübarizəni sadəcə olaraq unutmağa dəyər”, – o hesab edir.
Bu mənada, Kulminskinin sözlərinə görə, hakim partiya və onun lideri Plaxotnyuk həqiqətən də şərqsayağı despotik idarəçilik üsulu bərqərar etməyə çalışırlar.
“MDP-də anlayırlar ki, demokratiya oyunu oynasalar, hakimiyyəti itirəcəklər. Buna görə də, hər hansı alicənablığı kənara qoyaraq, hakimiyyəti əldə saxlamağın aşkar avtoritar metodlarına keçiblər. Daha sonra müxalif düşərgənin təmizlənməsi başlayacaq ki, müxalifət onsuz da parçalanıb, zərərli insanları isə artıq düşünülmüş ittihamlar da olmadan həbs edəcəklər. Onsuz da onlardan bu barədə nə soruşan olacaq, nə də cəzalandıran tapılacaq”, – Kulminski NM-ə bildirib.
Ekspert vurğulayır ki, bu mənada Moldovada, doğrudan da, “ərdoğanlaşdırılma” dövrü başlayır. “Burada artıq hər şey mümkündür, çünki qaydalar oyunun gedişi üzrə dəyişir”, – o deyib. Kulminskinin sözlərinə əsasən, Moldovanı yenidən sivil siyasi mübarizə qaydalarına və hakimiyyətin dövriliyinə qaytarmaq vacib vəzifədir. Lakin artıq növbəti hökumət üçün.