Qətldə ittiham olunanlar öldürülənlərin həmyaşıdlarıdır" />

İki 16 yaşlı yeniyetmə təhsil aldığı nüfuzlu Tbilisi məktəbinin qarşısında öldürülüb

Qətldə ittiham olunanlar öldürülənlərin həmyaşıdlarıdır

Dekabrın 1-də Tbilisidə iki məktəbli bıçaq zərbələri ilə öldürülüb. Qəsdən törədilən qətldə ittiham olunaraq 16 yaşlı yeniyetmə həbs edilib. Polis onu cinayət törədiləndən bir neçə saat sonra isti izlərlə yaxalayıb. Hüquq-mühafizəçiləri qəsdən adam öldürməkdə şübhəli bilinən eyni yaşda ikinci yeniyetməni axtarır.

Dekabrın 1-də 51 saylı Tbilisi məktəbinin yaxınlığında yeniyetmələr arasında dava düşüb. Dava zamanı iki yeniyetmə bıçaq yarası alıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda keçinib, ikincini xilas etmək üçün həkimlər bir sutka ərzində əllərindən gələni etsə də, təəssüf ki, mümkün olmayıb. Ölənlərin hər ikisinin 16 yaşı vardı və onlar 51 saylı məktəbdə təhsil alırdı.

51 saylı məktəb Tbilisinin mərkəzi rayonlarından birində – Veredə, Filarmoniyanın yaxınlığında yerləşir və paytaxtın ən nüfuzlu ictimai məktəblərdən biri sayılır.

Təcili yardım xidmətinin “qaynar xəttinə” zəng dekabrın 1-də saat 14.10-da daxil olub. Zəng vuran şəxs yeniyetmələrin davası və yaralıların olduğu haqda məlumat verib.

“Yaxına gəldiyimdə səkidə uzanan oğlanı gördüm, qan içindəydi. Rəngi tamam solmuşdu, əzaları qıc olmuş kimi atırdı. Yanında heç kim yox idi, qalanları qaçmışdı”, – şahidlərdən biri danışır.

Yeniyetmələr arasında mübahisənin məktəb ərazisində başladığı ehtimal olunur. Bir müddət sonra onlar məktəb həyətindən çıxıblar və mübahisəni yaxınlıqdakı həyətlərin birində davam etdiriblər.

Həkimlərin sözlərinə görə, ölən yeniyetmələrin üzərində çox sayda bıçaq yarası olub. Onlardan birinin üzərində 30-a qədər yara sayıblar. Cinayətkarlar hadisə yerindən qaçıblar. Cinayətin motivləri hələlik bəlli deyil.  

Xorava küçəsində baş verən hadisə Facebook-da qızğın müzakirə mövzusu olub. Sosial şəbəkə istifadəçiləri 51 saylı məktəbin yanında həmrəylik və dəstək aksiyası keçirmək niyyətindədir. Təşkilatçıların planına görə, aksiya iştirakçıları dekabrın 3-də saat 18.00-da çiçək dəstələri və şamlarla məktəbin yanına toplaşacaqlar.

“Biz öldürülmüş yeniyetmələrin ailələrinin yaşadığı ağrını bölüşdüyümüzü ifadə etmək və cəmiyyətin bu iş üzrə istintaqın gedişatını izləyəcəyi mesajını hüquq-mühafizə strukturlarına vermək üçün toplaşmaq istəyirik. Özünüzlə gül və şam gətirməyinizi və dövlətə, ən əsası isə uşaqlara baş verən hadisəyə sivil cavab almaq istədiyimizi nümayiş etdirmənizi xahiş edirik ki, gələcəkdə belə hadisələrin qarşısını ala, heç olmasa digər uşaqları qoruya bilək”, – aksiya təşkilatçılarının bəyanatında deyilir.


More on JAMnews