Bir vaxtlar məşhur olan kurort xaraba qalıb və indiyə qədər də kütləvi turizm üçün cəlbedici ola bilməyib " />

Gürcüstanın Sxaltubo şəhəri — tərk edilmiş cənnət

Bir vaxtlar məşhur olan kurort xaraba qalıb və indiyə qədər də kütləvi turizm üçün cəlbedici ola bilməyib

Sxaltubo, Gürcüstan. İyul 2019-cu il. Foto: David Pipia, JAMnews

SSRİ-nin ən populyar balneoloji kurortlarından biri olan, özünün müalicəvi suları və “Stalin dövrünün” təmtəraqlı memarlıq tikililəri ilə məşhur olan Gürcüstanın Sxaltubo şəhəri indi demək olar ki, xarabalığa çevrillib. İndi bura urbanist tədqiqatçılar və tərk edilmiş, ölü şəhərləri sevən fotoqrafların sevimli yerinə çevrilib.

Şəhərin mərkəzi yaşıllığın içində itib-batır. İlk təəssürat şəhərin zəngin keçmişinin olması ilə bağlıdır, eyni şeyi şəhərin indisi haqda demək mümkün deyil. Elə yerli əhalinin böyük hissəsi də şanlı keçmişlə bağlı xatirələrlə yaşayır.

“Necə yaşayırıq? Hər gün Moskva-Sxaltubo qatarı gələndə burada həyat əla idi. Sanatoriyalar ağzına qədər dolmuşdu, adamlar özəl evlərdə otaq kirayələyirdi. İndi şəhər ölüb. Nə dincələn var, nə turist”, — 51 yaşlı yerli sakin Giya Porçxidze deyir.

Yerli əhali deyir ki, son illərdə Sxaltuboda bir neçə otel tikilib. Parklara qulluq edən yaşıllaşdırma xidməti işə düşüb. Bununla belə, iş yerləri hələ də çatmır. 

Fotohekayə: Qarabağ ətrafında “aprel müharibəsi”ndən sonra keçmiş sanatoriyada 20 ailə yaşayır 

Abxaziya kurortları rusiyalı turistləri nə ilə qorxutdu 

Polşa — Gürcüstan vətəndaşları üçün işin olduğu ölkə

74 yaşlı Leyla Çixladze də keşmiş dövrləri xatırlayır: “Moskva və Leninqraddan daimi müştərilərim olurdu. Qohum kimi idik. Hər il mənim evimdə qalırdılar. İşləyirdik, maaşımız və istirahət edənlərdən əlavə gəlirimiz olurdu. İndi də yaşlıların ancaq pensiyası var, gənclər də işsiz oturub. Burada yaşamaq çətindir və gedə bilən hər kəs gedir”.  

Sxaltubo, Gürcüstan. İyul 2019-cu il. Foto: David Pipia, JAMnews

Sovet dövründə Sxaltuboda 5800 nəfərlik 22 sanatoriya tikilib. İstirahət edənlərin dəqiq statistikası bu gün yoxdur. Sxaltubo Turizmin İnkişafı Mərkəzinin məlumatına görə, 2017-ci ildə 285 min nəfər, 2018-ci ildə isə 320 min nəfərə qədər adam gəlib. Bu statistikaya daxil olan qonaqların əksəriyyəti isə Prometey mağarasının yaxınlığına gələnlərdir.

Xarabalıq və qaçqınlar şəhəri  

Əhalinin siyahıya alınmasının məlumatna görə, 1989-cu ildə Sxaltuboda 17 mindən, 2014-cü ildə isə 11 mindən bir az çox adam yaşayıb. Onlardan beş min nəfəri 1993-cü ildə öz evlərini tərk etməli olan Abxaziyadan qaçqınlar idi.  

“Bilirsiz, necə də gözəl bina idi? Pilləkənlərə qırmızı xalçalar sərilmişdi, parket parıldayırdı. Biz burada artıq 27 ildir yaşayırıq. Bu cür böyük kompleksə qulluq üçün pul lazım idi. Pulumuz yoxuydu. Buna görə də hər şey dağıldı və burada indi yaşamaq artıq təhlükəlidir”, — qonşusundan bizə mehmanxana kompleksini göstərməyi xahiş edən, Suxumdan məcburi köçkün olan Vaja Kopaliani danışır. 

“Kolxeti” mehmanxanası əvvəllər “Jeleznodorojnik” sanatoriyası” adlanıb. Binada hələ də köhnə dəbdəbənin qalıqları görünür. Amma divarlarda çatlar əmələ gəlib. Pas atmış borular su axıdır, ətrafdan rütubət və çürüntü qoxusu gəlir. Dəhliz və otaqlarda parketin izi-tozu da qalmayıb. 

Sxaltubo, Gürcüstan. İyul 2019-cu il. Foto: David Pipia, JAMnews

Son illərdə məcburi köçkünlər üçün Sxaltuboda 11 hündürmərtəbəli bina tikilib. Yeni binaya adamları mərhələ-mərhələ köçürüblər. Bununla belə, az sayda məcburi köçkün hələ də sovet kurort komplekslərində qalır — bunların bir hissəsi hələ də mənzil gözləyir, bir hissəsi də sadəcə köçmək istəmir. 

Digər sanatoriyalar da təxminən “Kolxeti” ilə eyni vəziyyətdədirlər. Onların arasında ən əzəmətli və dəbdəbəli olanlar “Meşaxte” (“Mədənçi”), “İveriya” və “Medeya”dır. Roma üslubunda olan kolonadaları, milli ornament elementləri ilə böyük zövqlə uyğunlaşdırılan heykəl və fəvvarələri olan möhtəşəm memarlıq tikililəri uzaqdan valehedici görünür. 

Yaxından isə boş binaların dam və pilləkənlərində ağacların bitdiyini görmək olar. Pəncərə və qapı çərçivələri yoxdur. Hardasa mebel elementləri qalıb. 

Mərkəzi parkda hamamlar da dağılıb. Hazırda doqquzundan ancaq “6 saylı mənbə” və “1 saylı mənbə” işləyir. 

Sxaltubo, Gürcüstan. İyul 2019-cu il. Foto: David Pipia, JAMnews

Tarix 

İndiki Sxaltubo ərazisində müalicəvi mənbələr haqqında ilk məlumat XII-XIII əsrlərə aiddir. Avropada isə yerli termal suların müalicəvi keyfiyyətlərindən 1782-ci ildə “Berlin Təbii Elmlər Cəmiyyətinin işi” nəşrinin sayəsində xəbər tutdular.  

Sxaltubonun termal suyunun tərkibində radon izotopu var və o, azot mineral sular sinfinə aiddir. Təbii temperaturu 35 dərəcədir ki, bu da insan bədəni temperaturuna yaxındır. Laborator tədqiqatlar göstərir ki, Sxaltubo mənbələrinin kimyəvi tərkibi və suyun temperaturu  1902-ci ildən dəyişməyib. Suyun təbii temperaturu heç vaxt — nə qışda, nə də bol yağışlar zamanı dəyişmir. 

Su qızdırılmadan və soyudulmadan birbaşa su prosedurları otağına gəlir. Sxaltubonun mineral suyu 70-ə yaxın xəstəlik müalicə edir. O cümlədən ürək-damar, dayaq hərəkət aparatı, periferik əsəb sistemi, həm də dəri xəstəliklərini. Kurortun işçi heyəti bildirir ki, əksər xəstələr bir kurs su prosedurlarından sonra əsa və əlil arabalarını burada qoyub gedir.  

 

Sxaltubo, Gürcüstan. İyul 2019-cu il. Foto: David Pipia, JAMnews

Sxaltubo şəhərinin 50-ci  illərin əvvəllərində baş plana uyğun layihəsi qoyulub və tikilib. O, balneoloji, sanatoriya-kurort və yaşayış zonasına bölünüb. Kurortun mərkəzində 80 hektar ərazisi olan mərkəzi park yerləşir, burada 150 növdən çox yarpaqlı və iynəyaraqlı bitki əkilib. Kurort amfiteatr formasındadı — bütün sanatoriyalar mənbələrin yerləşdiyi mərkəzi parkın ətrafından tikilib. 

Salamat qalmış mənbə və istirahət edənlər 

“6 saylı mənbə” balneoloji mərkəzi onunla məşhurdur ki, vaxtıykən xüsusi olaraq İosif Stalin üçün tikilib, burada hələ də onun şəxsi vannası durur.  

Mərkəzin baş həkimi Nana Qvişiani Stalinin burada cəmi bir neçə gün dincəldiyini deyir. Moskvaya qayıdandan sonra Nazirlər Şurasının iclasında o, qərar verir ki, bütün sovet qurumları Sxaltuboda öz sanatoriyalarını açsın. Stalinin qərarı yerinə yetirilir və şəhərdə “Dəmiryolçu”, “Metallurq”, “Mədənçi” və s. sanatoriyaları açılır.   

1953-cü ildə Sxaltuboda onun üçün xüsusi iqamətgah tikilir. “Stalinin daçası” hələ də şəhərin üstündə yüksəlir. 

“6 saylı mənbə” Sxaltubo kurortunda, parkın mərkəzində yerləşən ən iri sağlamlıq mərkəzidir. 

O, SSRİ Müdafiə Nazirliyinə məxsus olub və gündə 1300 adam qəbul edib. 

“Mənbə” 2014-cü ildə özəlləşdirilib, bərpası 2018-ci ildə başa çatdırılıb. Mərkəzin qəbul otağı, hovuz

 və zallar sovet dövrünün 40-50-ci illərinin üslubunda tərtib olunub. 

Əksər pasientləri xaricilərdir. Əsasən, Azərbaycan, ərəb ölkələri, İsrail və Rusiyadan. 

Şəhərdə də nadir hallarda dincələnlərə rast gəlmək olar. Əhməd və Raya Məmmədovlar Şərqi Gürcüstandan, Marneulidən gəliblər. “Özəl evdə bir çarpayıya görə altı lari [təxminən $2] veririk. Su proseduraları günə 12 laridir [təxminən $4]. Buradan xoşum gəlir, ərimin yox. Bir həftədir buradayıq, getmək istəyir. Getməyə kafe də yoxdur, amma sudan xoşum gəlir, həqiqətən də oynaqlarıma kömək edir”, — Raya deyir.

Sxaltubo, Gürcüstan. İyul 2019-cu il. Foto: David Pipia, JAMnews

Hökumətin planları – nə alındı, nə yox 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hələ 2012-ci ildə “Sxaltubonun böyük reabilitasiyası” layihəsinin işə salındığını elan edərək, burada “Baden-baden tipli kurort” tikməyi vəd edib.  

Layihə, əsasən, Ümumdünya Bankı tərəfindən maliyyələşdirilir. Bunun üçün bank 37 milyon dollar ayırıb. Layihə şəhər infrastrukturu və parkların reabilitasiyasını nəzərdə tutur. 

Artıq yeni hökumətin təşəbbüsü ilə “Tərəfdaşlıq fondu” Sxaltubonun müalicəvi sağlamlıq spa-kurort kimi uzunmüddətli inkişaf planını işləyib hazırlayıb. 

Sxaltubo, Gürcüstan. İyul 2019-cu il. Foto: David Pipia, JAMnews

Planın birinci mərhələsində Şərqi Avropa ölkələrindən sərmayə və sərmayədarların, ikinci mərhələdə isə aparıcı Qərbi Avropa spa brendlərinin cəlb edilməsi nəzərdə tutulur. Planın realizəsi 2015-ci ildə başlayıb, on il ərzində Sxaltuboya azı 720 milyon dollar sərmayə cəlb olunmalıdır. 

Amma hələlik bu möhtəşəm planların həyata keçirildiyi görünmür. 

Bu gün qaçqınlardan beş sanatoriyanı boşaltmaq mümkün olub. Onlardan ikisi — “Mədənçi” və “İveriya” — bir neçə il əvvəl özəlləşdirilib. “Mədənçi” hündür yaşıl hasarla çəpərlənib, dəmir darvaza böyük qıfılla bağlanıb.  

Sxaltubo, Gürcüstan. İyul 2019-cu il. Foto: David Pipia, JAMnews

1952-ci ildə tikilmiş sanatoriya 2015-ci ildə 2,5 milyon dollara satılıb. Yeni sahibi olan “KBP Tbilisi” şirkəti ötən il üçün ondan beş ulduzlu otel düzəltmək öhdəliyi götürüb, amma sərmayədar şərtlərə əməl etməyib və öhdəliyin yerinə yetirilməsi müddətini uzatmağı xahiş edib. “Mədənçi”sanatoriyasında heç bir iş aparılmır.  

“İveriya” sanatoriyası 253 min lariyə [təxminən $100 min] satılıb. Özəlləşdirmə şərtlərinə əsasən, sərmayədar sanatoriyanın yerində 80 nəfərin işləməli olduğu 160 otaqlıq otel tikməli idi. Layihənin sərmayə qiyməti altı milyon dollar təşkil edir.  

Milli Dövlət Əmlak Agentliyi hazırda Sxaltubonun daha beş sanatoriyasını satışa çıxarıb – “İmereti”, “Savane”, “Sxaltubo”, “Filial” və “Meqobroba”. Hər birinin qiyməti iki milyondan səkkiz milyon lariyə qədərdi [təxminən $700 min.-2,7 milyon]. 

“Kurort öz keçmiş adını və populyarlığını qaytarsa, köhnə sanatoriyalar yenidən yaşayacaq və müalicəvi turizm inkişaf edəcək, onda bu ölü şəhəri də canlandırmaq mümkün olacaq. Sxaltubo da daha sovet kurortu muzeyi olmayacaq”, — yerli sakin Giya Porçxidze öz ürkək ümidləri ilə bölüşür. 


More on JAMnews