Gürcüstan hökuməti və kilsə marixuana istehsalı məsələsi ətrafında müştərək konsultasiya keçirməyi planlaşdırır" />

Gürcüstan Pravoslav Kilsəsi hökumətin marixuana istehsalı haqda qanun layihəsinin qarşısını alıb

Gürcüstan hökuməti və kilsə marixuana istehsalı məsələsi ətrafında müştərək konsultasiya keçirməyi planlaşdırır

Gürcüstan Pravoslav Kilsəsinin (GPK) etirazı ölkə hökumətinin planlarını dəyişib – iqtidar komandası tibbi məqsədlərlə marixuananın istehsalı və ixracını nəzərdə tutan qanun layihəsi üzərində işi dayandırıb.

Sentyabrın 16-da jurnalistlərlə söhbət zamanı parlament sədri İrakli Kobaxidze bəyan edib ki, “Gürcü arzusu” qanun layihəsini qəbul etməyə tələsməyəcək və patriarxlıqla məsləhətləşmələr aparacaq.

Parlament sədrinin bu bəyanatıa daha əvvəl Müqəddəs Üçlük Kafedral Kilsəsində bütün Gürcüstanın Katolikos patriarxı İkinci İliyanın səsləndirdiyi möizə səbəb olub.

•  11 sentyabrda Gürcüstan hökuməti ölkədə tibbi və kosmetik məqsədlə marixuana istehsalı və sonrakı mərhələdə ixracına icazə verən qanunvericilik təşəbbüsü ilə çıxış edib. Təşəbbüs Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb. Qanun layihəsində vurğulanır ki, Gürcüstanda marixuana tibbi və kosmetik məqsədlərlə istehsal olunacaq.

Bütün sosioloji sorğulara əsasən, İkinci İliya Gürcüstanda ən nüfuzlu və təsir gücü yüksək olan insandır. O hökumətə müraciət edib:

“Hökumət vəziyyətə nəzarət edəcəyinə dair üzərinə öhdəlik götürməlidir. Layihə özəl sektora aid edilməməlidir. Əks təqdirdə biz vəziyyətə nəzarəti itirəcəyik… Biz gənc nəsilləri itirəcəyiksə, belə iqtisadiyyat bizim nəyimizə gərəkdir?!”, – Patriarx bildirib.

Din xadimləri sentyabrın 12-də patriarxlıqda bu məsələ ilə bağlı «Gürcüstanda narko-siyasət – maneələr və beynəlxalq təcrübə» adı altında xüsusi konfrans keçiriblər.

“Marixuananın becərilməsinin leqallaşdırılması, bunda dövlətin iştirakı, həmçinin onun istehsalı və satışında iştirakı yolverilməzdir, çünki bu proses beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərdən risk də daxil olmaqla bir sıra riskləri özündə birləşdirir”, – konfrans gedişatında Gürcüstan hakimiyyətinə ünvanlı hazırlanan müraciətdə bildirilir.  

Kilsə aləmində Patriarxlıq kürsüsünün nüfuzlu müvəqqəti icraçısı mitropolit Şio Muciri bəyan edib ki, marixuna istifadəsi pravoslavlığa və ənənəvi ailə dəyərlərinə ziddir, buna görə də kilsə bununla heç vaxt razılaşmayacaq.

Onu da xatırlatmaq lazımdır ki, hökumət marixiananın becərilməsi ilə bağlı qanun layihəsini təqdim edəndən sonra din xadimləri etiraz əlaməti olaraq iki küçə yürüşü keçirib.

Hökumət nə planlaşdırır?

Hökumət və kilsə marixuna becərilməsi məsələsi ilə bağlı məsləhətləşmə aparmağı planlaşdırır.

Baş nazir Mamuka Baxtadze jurnalistlərə bildirib ki, qanun layihəsinin məqsədi bu sahənin nizamlamasız qalmamasıdır. Onun sözlərinə görə, hökumət marixuana istehsalı məsələsi üzrə “sərt” nizamlamalar hazırlayıb və bitkinin becərilməsinə yalnız tibbi məqsədlərlə imkan veriləcək.  

Sentyabrın 15-də maliyyə naziri İvane Maçavariani bəyan edib ki, bu qanun layihəsi Gürcüstanın böyüyən beynəlxalq bazara çıxışına kömək edəcək. Onun sözlərinə görə, hökumət çətənə ixracından yaxın 2-3 ildə 1 milyard lari gəlir gözləyir.

 


More on JAMnews