Bu bir il ərzində 192 453 nəfər Gürcüstan vətəndaşı Avropa ölkələrinə vizasız səfər etmək hüququndan yararlanıb" />

Gürcüstan: Avropa ilə vizasız rejimin tətbiqindən bir il ötdü. Rəqəmlər və problemlər

Bu bir il ərzində 192 453 nəfər Gürcüstan vətəndaşı Avropa ölkələrinə vizasız səfər etmək hüququndan yararlanıb

Düz bir il əvvəl Gürcüstan vətəndaşları Avropaya vizasız səfər etmək hüququ qazanıb.

2017-ci il martın 28-də saat 4.22-də içində ilk “vizasız” sərnişinlərin olduğu təyyarə Tbilisi Beynəlxalq Aeroportundan Polşaya yola düşüb.

Gürcüstan DİN-in məlumatına görə, bir il ərzində 192 453 nəfər Gürcüstan vətəndaşı vizasız səfər etmək hüququndan yararlanıb. Sərhədi keçməsinə qadağa qoyulan Gürcüstan vətəndaşlarının sayı isə 1001 nəfər olub.

Viza rejiminin liberallaşdırılması ilə eyni zamanda Gürcüstan vətəndaşlarının Aİ ilə razılaşma şərtlərini pozmağa başlayacağı təqdirdə viza rejiminin “dayandırılma mexanizmi” də tətbiq olunmaq üçün hazırlanıb.

Vizasız rejimin tətbiqinə başlayandan bir neçə ay sonra Gürcüstan ilk xəbərdarlığını alıb. Bəzi Avropa ölkələri (xüsusən də Almaniya) sığınacaq almağa çalışan Gürcüstan vətəndaşlarının sayının kəskin artması ilə bağlı narahatlığını bildirib. Bu faktı Gürcüstan hakimiyyəti də təsdiqləyir. Rəsmi Tbilisinin məlumatına görə, 2017-ci ildə Avropa İttifaqında sığınacaq almağa çalışan Gürcüstan vətəndaşlarının sayı 25 faiz artıb və bu tendensiya bu il də qalır. Məsələn, 2018-ci ilin yanvar-fevral aylarında Avstriyada sığınacaq almaq istəyənlərin sayı 100 faiz artıb, “Azadlıq Radiosu” yazır.

Avropada status almağa çalışan Gürcüstan vətəndaşları əksər hallarda doğma ölkələrindən getmə səbəbinin sağlamlıq durumları ilə bağlı olduğunu bildirirlər, bu da sözügedən sahədə problemin mövcudluğunu göstərir.

Vizasız rejimin qalması üçün təhlükə yaradan digər səbəb Avropa ölkələrində Gürcüstandan olan kriminal elementlərin çoxalmasıdır. Bu problem haqda da Almaniya xüsusilə çox danışır. Martın əvvəlində bu dövlətin təmsilçiləri Tbilisidə olub və Gürcüstanın daxili işlər naziri ilə görüşüblər. Onlar Gürcüstan tərəfini Almaniyanın sığınacaq almaq istəyənlərin müraciətlərinə baxmaq müddətini əhəmiyyətli dərəcədə azaltdığı ilə bağlı məlumatlandırıblar. Gürcüstan tərəfi də öz növbəsində belə halların qarşısının alınması ilə bağlı tədbirlər görməyə və qanunvericiliyə dəyişikliklər etməyə başlayıb.

Martın 6-da Gürcüstan ilk konkret addımı atıb – hüquq pozuntularına yol verən və bu səbəbdən soyadını dəyişmək istəyən şəxsləri daha rahat üzə çıxarmaq məqsədilə soyadın dəyişdirilməsi prosedurunu sərtləşdirib.

Mövcud problemlərə baxmayaraq, Gürcüstan hakimiyyətinin nümayəndələri bəyan edirlər ki, hazırkı mərhələdə Aİ ölkələri ilə vizasız rejim üçün heç bir təhlükə yoxdur.

“Gürcüstan hakimiyyətinin bu gün həyata keçirdiyi tədbirlər vizasız rejimi pozanların sayının minimuma endirilməsinə, ölkəmizə təqdim olunan bu neməti maksimum dərəcədə təhlükəsiz etməyə yönəlib. Hər bir vətəndaşın ölkəmizin əldə etdiyi bu böyük nailiyyətə həssaslıqla yanaşması olduqca vacibdir”, – Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 27-də ölkə sakinlərini vizasız rejimin bir illiyi münasibətilə təbrik edərkən bildirib.

•  Vizasız rejimlə paralel olaraq, Gürcüstan və Avropa İttifaqı ölkələri arasında 2017-ci ildə miqrasiya proseslərinin nəzarətdə saxlanması üçün “dayandırma mexanizmi” adlanan xüsusi mexanizm də dövriyyəyə girib

  • Bu mexanizmlə Avropa İttifaqı özünü hər hansı Avropa ölkəsində Gürcüstandan olan miqrantların, sığınacaq istəyənlərin sayının kəskin artmasından, Gürcüstan vətəndaşları tərəfindən törədilən hüquq pozuntularının çoxalmasından və sair sığortalamağa çalışıb. Bütün bu hallarda Avropa İttifaqı vizasız rejimin dayandırılması və hətta şərtlərinə yenidən baxılması haqqını özündə saxlayıb.

More on JAMnews