Ermənistanın Konstitusiya Məhkəməsi ətrafındakı qalmaqal beynəlxalq arenaya çıxır
Ermənistanın Konstitusiya Məhkəməsi ətrafındakı qalmaqalı artıq bir neçə həftədir ki, yerli media işıqlandırır. Söhbət hökumətlə Konstitusiya Məhkəməsi arasında mövcud olan və artıq baş nazirlə Konstitusiya Məhkəməsi sədri arasında açıq konfrontasiyaya gedib çatan qarşıdurmadan gedir.
Münaqişə 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayıb. “Məxməri” inqilabdan sonra hakimiyyətə gələn siyasi qüvvə Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı açıq şəkildə keçmiş hakimiyyətlə assosiasiya edir və yeni, inqilabdan sonrakı reallıqda onun ədalətli və qanuni qərarlar verməyə qadim olmadığı qənaətindədir.
Odur ki, Ermənistan hakimiyyəti KM sədrini qanuni yolla vəzifəsindən uzaqlaşdırmağın yollarını axtarır, amma nəticə əldə edə bilmir.
Münaqişə isə artıq ölkə hüdudlarından kənarda müzakirə olunur. Kəskinləşən vəziyyətlə əlaqədar olaraq Venesiya Komissiyasının rəhbəri və Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri bəyanatla çıxış ediblər. Üstəlik Venesiya Komissiyası artıq ikinci dəfədir ki, münaqişəni nizamlamağa çağırıb.
• Ermənistan Parlamenti Konstitusiya Məhkəməsinin sədrini vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir
• Ermənistanda iqtidar partiyasının Koonstitusiya Məhkəməsinin sədrinə qarşı mübarizəsi davam edir
Bəyanatlar haqda
Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikko ilk dəfə bununla bağlı 2019-cu ilin oktyabrında bəyanat səsləndirib. O, “bu narahat vəziyyəti yumşaltmaq və Ermənistan konstitusiyasının normal fəaliyyətini bərpa etmək üçün təmkin nümayiş etdirməyə” çağırıb.
Fevralın 3-də Bukikkio yenidən bəyan edib ki, “Ermənistan Konstitusiya Məhkəməsi ətrafında açıq münaqişədən narahatdır”:
“Son ictimai bəyanatlar və əməllər… gərginliyin yumşaldılmasına yardım etməyəcək. Demokratik mədəniyyət və yetkinlik dövlət institutlarının institusional təmkin, xoş iradə və qarşılıqlı hörmət nümayiş etdirməyi tələb edir. Mən yenidən bütün tərəfləri… Ermənistan konstitusiyasının normal realizəsini təmin etmək üçün bu narahatedici vəziyyəti həll etməyə çağırıram”.
Bukikkio hansı “ictimai bəyanatlar” haqda danışır?
Böyük ehtimalla söhbət Ermənistan baş nazirinin və Konstitusiya Məhkəməsi sədrinin bəyanatlarından gedir.
2020-ci il yanvarın sonunda mətbuat konfransı zamanı baş nazir bildirib ki, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan ona yaltaqlanıb və yeni hakimiyyətə öz peşəkar “xidmətini” təklif edib. Həmçinin baş nazirin sözlərinə görə, Tovmasyan keçmiş hakimiyyət üçün özünün hazırladığı konstitusiyada mövcud olan problemləri göstərməyi təklif edib.
Konstitusiya Məhkəməsinin sədri baş nazirin bu bəyanatına sərt cavab verib. O, 20 gün ərzində sözlərini təsdiqləyən sübutlar təqdim etməzsə və ya təkzib səsləndirməzsə Paşinyandan məhkəməyə şikayət verməklə hədələyib.
Növbəti gün baş nazir Hrayr Tovmasyanın 2018-ci ilin mayında ona hədiyyə etdiyi qələmin şəklini dərc edib. Paşinyan bildirib ki, qələmin bahalı olması – yüzlərlə avro – onu şoka salıb.
Baş nazirin gətirdiyi dəlil Konstitusiya Məhkəməsinin sədrinə zəif görünüb. Tovmsyan öz vəkillərinə baş nazirə qarşı iddia hazırlamaq göstərişi verib.
Məhkəmə və sədri ətrafında baş verən olayların xronologiyası
2019-cu ilin oktyabrında Ermənistan parlamenti “Mənim addımım” iqtidar fraksiyasının təşəbbüsü ilə sədrin səlahiyyətlərinin dayandırılması məsələsi ilə bağıə Konstitusiya Məhkəməsinə müraciət edib. Amma Konstitusiya Məhkməsi Milli Məclisin müraciətinə baxmaqdan belə imtina edib və bunu “müəyyən edilmiş reqlamentə” əməl olunmaması ilə əsaslandırıb.
Bundan sonra iqtidar partiyası Konstitusiya Məhkəməsinin üzvləri üçün “vaxtından əvvəl pensiya sistemi haqda qanun” hazırlayıb. Bu qanuna əsasən, KM sədri və üzvlərinə istefaya getmələri üçün 2020-ci il dekabrın 31-ə qədər müddət verilir, əvəzində onlara aldıqları əməkhaqqı həcmində (iki min dollardan çox) ömürlük pensya təklif olunur. Parlament müxalifəti bu qanunu “qanuni rüşvət” adlandırıb və əleyhinə səs verib. İqtidarda olan çoxluq qanunu qəbul edib – onların bunun üçün yetərli qədər səsi var. Amma hələlik hakimlərdən heç biri pensiyaya çıxmayıb.
2019-cu ilin sonunda Hrayr Tovmasyana qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda” ittihamı irəli sürülüb . Söhbət Tovmasyanın ədliyyə naziri olduğu dövrdən (2010-2014) gedir.
Onun o zaman meriyanı Yerevanın mərkəzindəki məkanı ona bazar qiymətindən ucuza vadar etdiyi, sonra isə bu məkanı notariuslara icarəyə verdiyi ehtimal olunur. Ümumilikdə Hrayr Tovmasyan bu sövdələşmədən 11 milyon 200 min dram [23 min dollar] əldə edib.
İstintaq materiallarına əsasən, həmin illərdə Tovmasyan Notarial Palatanı ona məxsus ofis məkanlarını özünə sərf edən şərtlərlə icarəyə götürməyə məcbur edib. Bu sövdələşmədən o, 10 milyon 20 min dram [21 min dollar yaxın] qazanıb.
Bundan başqa, “hakimiyyətin qəsbi” haqda iş də araşdırılır. Söhbət Tovmasyanın Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə “dələduzluq sxemi” tətbiq edərək gəldiyi ehtimal olunur.
Tovmasyan bu ittihamların heç birini qəbul etmir. O, baş verənləri məhkəməyə və şəxsən özünə təzyiq hesab edir.