Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin sədrini vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir
Ermənistan parlamentində “Mənim addımım” iqtidar fraksiyasının təklifi ilə sədrin səlahiyyətlərinə son qoyulması məsələsi üzrə Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair gizli səsvermə keçirilib. “Məxməri” inqilabdan sonra hakimiyyətə gələn siyasi qüvvə Hrayr Tovmasyanı keçmiş hakimiyyətlə assosiasiya edir və yeni, inqilabdan sonrakı reallıqda onun ədalətli, qanuni qərarlar verməyə qadir olmadığını düşünür.
Deputatların əksəriyyəti bu təklifin lehinə səs verib. Müxalif fraksiyalardan biri bu layihənin hüquqi əsaslandırmasının çox zəif olduğuna istinad edərək səsvermədə iştirakdan imtina edib.
Konstitusiya Məhkəməsinin üzvləri qərar əbul etməlidir. Doqquz hakimdən ən azı altısı parlamentin mövqeyi ilə razı olsa, Hrayr Tovmasyan vəzifəsini tərk edəcək.
• “Ermənistan həbsxanalarında imtiyazlı məhbuslar var”
İqtidar blokunun təşəbbüüsü və səsvermənin nəticələri
Hakim “Mənim addımım” fraksiyası öz layihəsini Milli Məclisə sentyabrın 19-da təqdim edib.
Sənəd 100-ə yaxın səhifədən ibarətdir. Orada Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinin dayandırılması üçün Ermənistan qanunvericiliyinə və beynəlxalq məhkəmə presedentlərinə istinad edərək dörd əsas təqdim olunub.
Hakim partiyanın layihəsində göstərilib ki, bu əsaslardan biri Tovmasyan tərəfindən Ermənistanın eks-prezidenti Robet Koçaryanın ona qarşı irəli sürülən ittihamlarınkonstitusiyaya uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı vəsatətinə baxarkən əhəmiyyətli pozuntulara yol verməsidir. Ermənistanın ikinci prezidenti konstitusiya quruluşunun devrilməsində ittiham olunur. KM-nin hakimləri Hrayr Tovmasyanın sədrliyi altında maddələrdən birinin ölkənin əsas qanununa zidd olduğunu təsbit ediblər.
Sənəddə həmçinin deyilir ki, bu qərarın qəbul edilməsi zamanı məhkəmənin qərəzsizlik prinsipi də pozulub. Söhbət KM sədrinin Ermənistanın keçmiş iqtidar partiyası olan Respublika Partiyasının üzvü olmasından gedir.bu partiyanın hakimiyyəti dövründə Tovmasyan müxtəlif vəzifələri tutub. 2010-cu ildə o, ədliyyə naziri təyin edilib, 2014-cü ildə isə Milli Məclis apparatına rəhbərlik etməyə başlayıb.
Tovmasyanın qərəzsizliyinin şübhə doğurmasının səbəbi “1 mart” işinin nəticələri üzrə Respublika Partiyasının sədri Serj Sarqsyanla Robert Koçaryanın maraqlarının üst-üstə düşməsidir. Məhz bu iş üzrə Ermənistanın eks-prezidenti Robert Koçaryan əsas təqsirləndirilən şəxsdir. Söhbət 2008-ci il 1 mart hadisələrindən gedir, bu zaman nümayişin dağıdılması zamanı 10 nəfər həlak olmuşdu. etiraz edənlər prezident seçkilərinin nəticələrindən narazı olanlar idi. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Serj Sarqsyan prezident seçilmişdi, amma qüvvədə olan prezident hələ də Koçaryan sayılırdı. Buna görə də o, silah tətbiq edərək etiraz aksiyasının sərt dağıdılmasında və insanların ölümündə günahlandırılır.
İqtidarda olan “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts hesab edir ki, təqdim olunan sənədməhkəmə sədrinin vəzifəsindən kənarlaşdırılması üçün yetərli əsasdır:
“Bizim dəyərləndirməmizə görə, bizim hüquqşünaslarımızın təqdim etdiyi hüquqi əsaslar kifayət qədər mühümdür”.
Müxalif “Çiçəklənən Ermənistan” fraksiyası bununla razılaşmayıb. Fraksiyaya daxil olan deputatlar səsvermədə iştirakdan imtina ediblər. Onlar izah ediblər ki, onların qərarı Hrayr Tovmasyanın şəxsiyyəti ilə yox, məhz sənədin qeyri-mükəmməl olması ilə bağlıdır:
“Bizim hüquqşünaslarımız kağızlara baxdılar, onlarda müddətlərin pozulması və bəndlərdə çatışmazlıqlar var. Əsas tezislər hüquqi cəhətdən sübuta yetirilməyib, gətirilən əsaslandırmalar çox zəifdir. Biz də belə nəticəyə gəldik ki, səsvermədə iştirak etməyəcəyik… Hrayr Tovmasyanın qalmalı, yoxsa getməli olduğuna da parlament qərar verməməlidir”, – fraksiya lideri, oliqarx Qaqik Tsarukyan bəyan edib.
Layihə qəbul edilsin deyə sadəcə 80 səs lazım idi də “Mənim addımım” bloku bu qədər səsə onsuz da sahibdir. Amma Makuntsun sözlərinə görə, “məhkəmə sisteminin islahatları, məhkəmə sisteminin müstəqilliyi və ona etimad mandat sahibi olan digər siyasi qüvvələrin də məsuliyyətidir”.
Tovmasyanın özü dəvət olunsa da, müzakirəyə qatılmayıb.
132 deputatdan səsvermədə 101 nəfər iiştirak edib. Onlardan 98 nəfəri Tovmasyanın səlahiyyətləeinin dayandırılmasının lehinə səs verib, əleyhinə səs verən isə cəmi bir nəfər olub. İki bülleten etibarsız sayılıb.
Hrayr Tovmasyan nə ilə məşhurdur?
Ermənistanda Hrayr Tovmasyanı keçmiş hakimiyyətin nümayəndəsi kimi assosiasiya edən yalnız hazirkı iqtidar partiyası deyil, sadə vətəndaşların çoxu da belə hesab edir.
Tovmasyan Ermənistan Respublika Partiyasının üzvü olub və bir sıra həlledici vəzifələri tutub.
O, 2015-ci ildə konstitusiyaya edilən dəyişikliklər mətninin müəllifi olmaqla məşhurdur. Həmin ilin dekabrında referendum baş tutdu və nəticədə Ermənistan prezident idarə-üsulundan parlament idarəçiliyinə keçdi.
O zaman qüvvədə olan prezident Serj Sarqsyan açıq bildirdi ki, ölkədə yüksək vəzifə tutmaq niyyətində deyil. Amma 2018-ci ilin aprelində parlament çoxluğu öz lideri Sej Sarqsyanı yeni baş nazir seçəndən sonra onun hakimiyyəti öz əlində saxlamaq niyyəti bir daha təsdiqləndi.
Konstitusiyaya edilən dəyişikliklərə qədər o, artıq iki prezidentlik müddətini geridə qoymuşdu və üçüncü dəfə seçilmək imkanı yox idi. Dəyişikliklər ona hakimiyyətə qayıtmaq şansı verdi – bu dəfə baş nazir qismində, yəni də ölkənin birinci şəxsi kimi.
O, vəzifəyə seçiləndən bir neçə gün sonra 2018-ci ilin yazında “məxməri” inqilab günlərində küçələrə axışan insanların təzyiqi altında istefa verdi.
İnqilab lideri Paşinyanın szlərinə görə, Tovmasyan konstitusiya mətnini “Serj Sarqsyanla razılaşdıraraq… yazıb ki, 2035-ci ilə qədər Konstitusiya Məhkəməsinin sədri vəzifəsində qala bilsin”.
“Bizə başqa Konstitusiya Məhkəməsi lazımdır. Belə çıxır ki, … məsələn, notarial kontoru özəlləşdirmək mümkün olduğu kimi Hrayr Tovmasyan da Serj Sarqsyan və Qaqik Harutunyanın [KM-nin keçmiş sədri – JAMnews] vasitəsilə Konstitusiya Məhkəməsini özəlləşdirib. Və bu gün biz indi 2019-cu ildə Ermənistanda elə bir reallığa çatmışıq ki, …1995-ci ilin Konstitusiya Məhkəməsinə sahibik”, – Paşinyan bildirib.
Spikerin bəyanatı və Tovmasyanın cavabı
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan KM sədrinin səlahiyyətlərinin dayandırılması ilə bağlı layihənin müzakirə olunduğu iclas zamanı bildirib:
“Dürüstlük problemin həllinə aparan yeganə yerdir. İyirmi ildən çoxdur ki, Ermənistanda kütləvi şəkildə seçki proseslərinə qanunsuz təsir göstərilib. Əvvəlki hakimiyyət dövründə ordudan başlayaraq dövləti talan edirdilər. Əgər biz əvvəlki rejimin vəkillərindən ibarət top-5 tərtib etsəydik, Tovmasyan şübhəsiz ki, bu siyahıya daxil olardı.
Tovmasyanın siyasi motivləri var və bu motivlər qətiyyən Konstitusiya Məhkəməsinin maraqları deyil, əvvəlki rejimin maraqlarının müdafiəsini davam etdirməkdir. Məhz buna görə Hrayr Tovmasyan KM sədri vəzifəsində qala bilməz, onun belə şansı vardı və o, bu şansı əldən verdi”.
Mirzoyan həmçinin Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkillərindən birinin Konstitusiya Məhkəməsi sədri ilə kirvəlik münasibətlərinə də toxunub. Spikerin sözlərinə görə, “bu, sadəcə qohumluq əlaqəsi deyil, keçmiş komanda və Konstitusiya Məhkəməsi arasındakı danışıqlar deməkdir”.
Hrayr Tovmasyan eksprezident Koçaryanın vəkili ilə əlaqəsini şərh edib:
“Koçaryanın vəkili və mənim xaç oğlum Aram Orbelyan (elə onun yerində ola biləcək istənilən biri) məni məcbur edə bilməz ki, daxili inamıma zidd qərar qəbul edim”.
Məhkəmə sədri hesab edir ki, baş verən proseslər sırf siyasi xarakter daşıyır. Və onun fikrincə, bu proseslərin məqsədi Konstitusiya Məhkəməsini siyasi qərarlar qəbul etmək yolunda neytrallaşdırmaqdan ibarətdir:
“Siyasi qırarları yerinə yetirməli və ya “qablaşdırmalı” olan bu cür gözlənilən Konstitusiya Məhkəməsinin olması dövlətin sonu deməkdir. Konstitusiya Məhkəməsi son tormozlama sistemidir. Məsələ təkcə onda deyil ki, Hrayr Tovmosyan orada qalacaq, ya yox. Əgər problem bunda olsaydı, inanın, mən çoxdan bu vəzifəni tərk edərdim”.