Ermənistanda məişət zorakılığı. Ölümlə bitən ailə problemləri
Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatın məlumatına əsasən, son 10 il ərzində təxminən 100 qadının öz ailəsində sonu ölümlə nəticələnən zorakılığa məruz qaldığı qeydə alınıb.
Bir qətlin xronikası
Mayın 9-da Ermənistan polisi məlumat verib ki, Masis şəhərinin tibb mərkəzinə qətlə yetirilmiş qadının meyiti gətirilib. Bu, Şaumyan kəndindən olan 30 yaşlı Mariam Asatryandır.
Polisin məlumatında deyilirdi ki, cinayət xüsusi amansızlıqla həyata keçirilib: qadını rezin boru və qayka açarı ilə döyərək öldürüblər. Qətldə şübhəli bilinən 26 yaşlı Akop Ohanyan saxlanılıb və etirafedici ifadə verib.
Bir neçə gündən sonra məlum olub ki, Mariam və Akop münasibətdə olub.
• Rusiya: cəzasız məişət zorakılığı ili
• Qalmaqallı hekayə: qadın bildirir ki, oğlunu oğurlayıblar və onu geri tələb edir
Daha sonra məlum olub ki, Mariam hələ iki il əvvəl hüquq-mühafizə orqanlarına müraciət edərək fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirib. Bundan başqa, 2017-ci ildən başlayaraq “Qadınlara dəstək mərkəzinin” nümayəndələri dəfələrlə Mariam Asatryanın üzləşdiyi təhlükə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
2017-ci ilin oktyabrında o, qaynar xətt vasitəsilə mərkəzə baş vurub. O zaman tərəf müqabili onu amansızca döyərək, əlini sındırmşdı. Onun bədənində kəsilmiş-deşilmiş yaralar vardı. O, 2 ay “Qadınlara dəstək mərkəzində” qalıb, sonra öz arzusu ilə sığınacağı tərk edib.
Növbəti dəfə Mariam mərkəzə 2018-ciildə müraciət edib – növbəti dəfə qəddarca döyüldüyü zaman onun hər iki əli sındırılıbmış. Bir sözlə, hüquq-mühafizə orqanları Mariamın mütəmadi olaraq döyüldüyü, aldığı xəsarətlər haqda məlumatlı olub, amma heç bir əməli addım atılmayıb.
Mariam iki övlad anası idi. Uşağının birinin 3 yaşı var, ikincisi isə hələ cəmi 40 günlükdür. Məhkəmə tibbi ekspertizasının rəyindən bəlli olub ki, qətlə yetirildiyi zaman Mariam hamilə olub.
Niyə Ermənistanda ailədaxili zorakılıq haqda danışmırlar?
Çoxları hesab edir ki, ailə daxilində baş verən məsələlər, mübahisələr və dava-dalaş evin divarları arasında qalmalıdır, polis vasitəsilə həll edilməsi isə ümumiyyətlə yolverilməzdir.
Bu mənada qadınlar və uşaqlar aciz durumdadırlar. Onlar yalnız fiziki mənada yox, həm də maddi cəhətdən acizdirlər. Çox vaxt qadınlar və uşaqlar məruz qaldıqları zorakılıq haqda bildirmirlər, çünki maddi cəhətdən asılıdırlar və gedəcək yerləri yoxdur.
Hətta zorakılıqla bağlı məsələ məhkəməyə gedib çatsa da, zorakı kişilər çox vaxt sadəcə cərimələnir və onlar bundan sonra ailəyə, öz qurbanlarının yanına qayıdır. Ermənistanda mülkiyyət hüququ bir qayda olaraq kişilərə üstünlük verir və onlar adətən mənzilin yeganə mülkiyyətçisi olurlar.
2000-ci ilə qədər Ermənistanda bircə dənə də olsun ailə zorakılığına məruz qalmış qurbanların müdafiəsi üçün sığınacaq yox idi. “Qadınlara dəstək mərkəzi” Ermənistanda məişət zorakılığına məruz qalmış insanlara yardım əli uzadan ilk ictimai təşkilat olub.
Mərkəzin proqram rəhbəri Asmik Gevorqyan deyir ki, 2010-cu ildə mərkəz hələ yeni fəaliyyətə başlayanda, bir ilin içində onlara 50 şikayət daxil olub, indi isə bu qərəm 2000-ə qədər yüksəlib. Bu mərkəzin tərkibində olan sığınacaqda isə maksimum 16 nəfər yaşaya bilir.
Hazırda Ermənistanda ailə zorakılığı qurbanları üçün iki sığınacaq mövcuddur – hər ikisi ictimai təşkilatların səyləri ilə yaradılıb. Qurbanlar burada iki aya qədər qala bilir.
Səhih rəqəmlər
Ailə zorakılığı ilə bağlı dəqiq statistika əldə etmək kifayət qədər çətindir.
2018-ci ilə qədər baş verən cinayətlər ailə zorakılığı kimi qiymətləndirilmirdi. Bu gün isə kişi ilə qadın arasındakı münasibətlər qanunla təsbit edilmədiyi halda törədilən cinayət ailədaxili zorakılıq hesab edilmir
• 2016-2017-ci illərdə Ermənistanın İstintaq Komitəsində qadınların qətli ilə bağlı 19 cinayət işi qaldırılıb, onlardan cəmi üçü bağlanıb.
• 2018-ci ilin ilk 6 ayı ərzində qadın qətli ilə bağlı 9 hadisə qeydə alınıb.
• 2017-ci ildə rəsmi məlumata görə, 793 ailədaxili zorahılıq halı baş verib, onların 18-i qadınlar tərəfindən kişilərə qarşı törəddilib. Yalnız 458 hadisə araşdırma mərhələsinə qədər gedib çatıb. Qadınlara Münasibətdə Zorakılığa qarşı Koalisiya eyni ildə zorakılıqla bağlı 5600 şikayət qeydə alıb.
• 2018-ci il ərzində ailə zorakılığı ilə bağlı 519 cinayət işi qaldırılıb. İstintaqa qəbul edilən işlərdə 493 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onlardan 25-i 12 yaşdan kiçik, səkkizi 12-14 yaş arası uşaqlar, 24-ü 14-16 arası, doqquzu 16-18 yaş arası yeniyetmələr, 183-ü 18-35 yaş arası, 244-ü isə 35 yaşdan yuxarı şəxslər olub.
• Qadınlara Münasibətdə Zorakılığa qarşı Koalisiyanın məlumatına görə, 2010-2017-ci illər ərzində Ermənistanda qadınların qətli ilə bağlı 50 hadisə qeydə alınıb.
• Ekspertlər qeyd edirlər ki, Ermənistanda hər beş qadından biri mütəmadi zorakılığa məruz qalır.
Qanun haqda
2015-ci ildən Ermənistan mediası qadınlara və uşaqlara qarşı ailə zorakılığı hallarını daha fəal işıqlandırmağa başlayıb və hakimiyyət müvafiq qanun qəbul etməyin vacibliyi haqda düşünməli olub. Amma bu qanun yalnız 2017-ci ilin dekabrında qəbul edilib.
“Ailə zorakılığının qarşısının alınması, ailə zorakılığına məruz qalan şəxslərin müdafiəsi və ailədə razılığın bərpa edilməsi haqda” qanunun qəbul edilməsi ölkə əhalisinin əhəmiyyətli hissəsinin etirazına səbəb olub. Qanuna qarşı çıxanlar bildiriblər ki, bu qanun ənənəvi ermə ailəsinin təməlini məhv edəcək, dövlətə ailə işlərinə müdaxilə etmək və uşaqları valideynlərindən almaq imkanı verəcək.
Hüquq müdafiəçilərinin fikrincə, bu qanun üzərində ciddi işləməyə ehtiyac var. Onun qəbul edilməsi hiss olunacaq nəticələrə səbəb olmayıb. Qanun qüvvəyə minəndən sonra yalnız hüquq-mühafizə orqanlarının məlumatına əsasən, Ermənistanda 990 ailə zorakılığı faktı qeydə alınıb. Bu, çox təqribi rəqəmdir, çünki ölkədə məişət zorakılığı ilə bağlı ümumi məlumat bazası mövcud deyil.
Amma hökumətin qərarı ilə indən belə dövlət ailə zorakılığına məruz qalmış və sığınacaqdan çıxandan sobnra getməyə yeri olmayan şəxslərə maddi yardım göstərəcək.
Bu vəsaiti ev kirayəsi, peşə hazırlığı kurslarının ödənişi və ya müalicə üçün istifadə eləmək mümkün olacaq. Hökumətin digər qərarı ilə ailə zorakılığına məruz qalmış şəxslər üçün sığınacaqların milimal şərtləri və orada çalışan əməkdaşların sahib olmalı olduqları peşəkar vərdişlər müəyyən edilib.
İndi Ermənistan Avropa Şurasının qadınlara qarşı zorakılıq, ailədaxili zorakılıq və onlarla mübarizə haqda İstanbul Konvensiyasını ratifikasiya etməyə və dövlətin maliyyələşdirəcəyi ilk sığınacağı yaratmağa hazırlaşır.
Hüquq müdafiəçiləri əmindirlər ki, qəbul edilən konvensiyalar da qızğın ictimai etirazlara səbəb olacaq. Eyni zamanda bu, bir növ Ermənistan hakimiyyəti, onların siyasi iradəsi və bu məsələnin həllində göstərəcəkləri cəsarət üçün test olacaq.
Postskriptum
Məqalə çapa hazırlanarkən Ermənistanda daha iki qadın qətlə yetirilib. Dörd uşaq anası 37 yaşlı Karine Akopyan keçmiş əri tərəfindən öldürülüb. Basen kəndində isə 1957-ci il təvəllüdlü Susanna Kandalyanı qardaşı ölüncəyə qədər döyüb və intihar edib.