Məhkəmə qərarını mediaya Koçaryanın vəkili izah edib, çünki qeyri-hüquqşünaslar üçün bu mətni anlamaq kifayət qədər çətin olub" />

Ermənistanın Konstitusiya Məhkəməsi eks-prezident Robert Koçaryanın şəxsi azadlıq hüququnun pozulduğu haqda qərar çıxarıb. Yenilənib

Məhkəmə qərarını mediaya Koçaryanın vəkili izah edib, çünki qeyri-hüquqşünaslar üçün bu mətni anlamaq kifayət qədər çətin olub

Konstitusiya Məhkəməsində iki gündür Ermənistanın keçmiş prezidenti Robert Koçaryana qarşı tətbiq olunan maddələrin Konstitusiyaya uyğun olub-olmadığını müzakirə edən səkkiz hakimin gəldiyi qərar açıqlanıb. Mətn hüquqi bilikləri olmayan insanların anlaması üçün çox mürəkkəb olduğuna görə Koçaryanın vəkili jurnalistlərə aydınlıq gətirib. Aram Vardevanyan izah edib ki, 35-ci maddə Konstitusiyaya zidd hesab edilib, bu da o deməkdir ki, Robert Koçaryanın şəxsi azadlıq hüququ pozulub.

Eks-prezidentin vəkili bəyan edib ki, müdafiə tərəfi öz gələcək planlarını və hərəkətlərini məhkəmə qərarı onlara təqdim ediləndən sonra müəyyənləşdirəcək və həyata keçirəcək.

3 SENTYABR, 2019

Sentyabrın 3-də Ermənistanda Konstitusiya Məhkəməsinin Ermənistanın eks-prezidenti Robert Koçaryanla bağlı qərarı gözlənilirdi.

Təqsirləndirilən Konstitusiya Məhkəməsindən cinayət məcəlləsinin ona qarşı tətbiq olunan maddələrinin konstitusiyaya zidd olub-olmadığının yoxlanmasını xahiş edib. Söhbət Robert Koçaryanın keçmiş dövlət başçısı kimi toxunulmazlığından və onun həbsinin hüquqa uyğun olub-olmamasından gedir.

Amma hakimlər məşvərət otağından geri qayıtmadı və qərarın elanı sentyabrın 4-ə ertələndi.

Keçmiş prezidentin vəkillərinin bəyanatı

Hakimlər məşvərət etdikləri müddətdə jurnalistlər eks-prezidentin vəkillərinin gözləntilərinin nədən ibarət olduğu ilə maraqlanıblar. Onlardan biri Hayk Alumyan bildirib ki, məhkəmə eks-prezidentin həbsdə olması məsələsini müzakirə etmir:

“Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı tətbiq olunan qanun və ümumi yurisdiksiya məhkəmələrinin bu qanuna verdiyi şərhin konstitusion olub-olmaması məsələsini müzakirə edir. Əgər bu qanun Konstitusiya Məhkəməsi tərəfindən uyğun hesab edilsə, biz digər işlərə keçəcəyik”.

Eyni zamanda vəkil bildirib ki, əgər Konstitusiya Məhkəməsi müdafiənin bütün arqumentlərini qəbul etsə, Koçaryan dərhal həbsdən azad edilməli, cinayət təqibinə isə son qoyulmalıdır.

Eks-prezidentin digər vəkili Aram Vardevanyan bəyan edib ki, cinayət-prosessual məcəllədə hüquqi boşluqlar var. Onun sözlərinə görə, Kassasiya Məhkəməsinin Koçaryanın təkrar həbsi ilə bağlı 2018-ci il 15 noyabr tarixli qərarı onların Konstitusiya Məhkəməsinə müraciət etmələri üçün səbəb olub.

O zaman Kassasiya Məhkəməsi Robert Koçaryanın keçmiş prezident kimi toxunulmazlığını əsas götürərək onun həbsi ilə bağlı ilkin məhkəmə qərarını ləğv edən Apellyasiya Məhkəməsinin qərarını ləğv etmişdi.

“Ermənistan hakimiyyəti məhkəməyə təzyiq göstərir”

Ermənistanın ikinci prezidentinin oğlu Levon Koçaryan bildirib ki, ölkə hakimiyyəti məhkəməyə təzyiq göstərir.

“Ümid edirəm ki, Konstitusiya Məhkəməsi təzyiqə məhəl qoymayacaq və qanun çərçivəsində ədalətli qərar qəbul edəcək”, – oğul Koçaryan bildirib.

Onun sözlərinə görə, Ermənistanın məhkəmə sisteminə göstərilən təzyiq göz qabağındadır:

“Siz dünyanın harasımda görmüsünüz ki, birinci şəxsin çağırışı ilə məhkəmələrin girişi bağlansın?”

Koçaryanın oğlu baş nazir Nikol Paşinyanın 2019-cu il mayın 19-da öz tərərəfdarlarını bütün məhkəmələrin girişlərini bağlamağa çağırışını nəzərdə tutur.

Üstəlik keçmiş prezidentin tərəfdarları açıq bildirirlər ki, bu çağırışın səbəbi məhkəmənin Robert Koçaryanın azad edilməsi haqda 18 may qərarı olub.

Ənənəvi aksiyalar

Məhkəmə qarşısında ənənəvi olaraq eks-prezidentin tərəfdarları və əleyhdarları toplaşıb. Onun tərəfdarları “Koçaryan qəhrəmandır!” şüarını səsləndirib. əleyhdarlar bu dəfə sayca xeyli az olub. Onların sıralarındakı fəallardan biri Vardqes Qaspari ənənəyə sadiq qalaraq uzanıqlı etiraz aksiyası keçirib.

Tərəflər arasında zaman-zaman yaranan münaqişələri polislər yatırmalı olub.

Koçaryan işində Venesiya Komissiyasının rolu

Avropa Şurasının Venesiya Komissiyası Robert Koçaryan işi üzrə Ermənistanın məhkəmə hakimiyyətinə tövsiyələr verməyə hazırdır. Bu haqda avqustun 22-də Konstitusiya Məhkəməsindən bildirilib.

İyulun 18-də Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistanın keçmiş prezidentinin işi üzrə – eks-prezidentə qarşı irəli sürülən konstitusion quruluşun devrilməsi ilə bağlı ittihamın Kostitusiyaya zidd olub-olmadığını aydınlaşdırma, həmçinin Konstitusiya üzrə prezidentin toxunulmazlığı institutunun mahiyyətinin aydınlaşdırılması məqsədilə məsləhətləşmək üçün Avropa İnsan Haqları Məhkəməsinə və Venesiya Komissiyasına müraciət edib.

Venesiya Komissiyasının müsbət cavabını Koçaryanın vəkili Hovannes Xudoyan artıq şərh edib:

“Gözləyirik ki, yekun dəyərləndirməyə görə, bu maddələrin [Koçaryanın ittiham olunduğu] çox da aydın olmadığı və [Koçaryanın] məsuliyyətə cəlb olunması üçün əsas kimi çıxış edə bilmədiyi qənaətinə gəlinəcək”.

Amma Xudoyanın sözlərinə görə, Venesiya Komissiyasının rəyi yalnız tövsiyə xarakteri daşıyır, buna görə də Konstitusiya Məhkəməsi fərqli qərar qəbul edə bilər.

Təfərrüatlar: eks-prezident nədə ittiham olunur

2018-ci ilin iyulunda Robert Koçaryana qarşı 1 mart 2008-ci il işi üzrə konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.

Söhbət 19 fevral 2008-ci il prezident seçkilərindən sonra baş vermiş hadisələrdən gedir. O vaxt ilk prezident, namizədlərdən biri olmuş Levon Ter-Petrosyanın başçılığı altında müxalifət etiraz aksiyası təşkil etdi. Müxalifətçilər Ter-petrosyanın qələbəsinə əmin idilər və süçkilərin nəticələrinə yenidən baxılmasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermənin nəticələrinə görə Serj Sarkisyanı qalib elan etdi.

Nümayiş dağıdılarkən döyüş silahı tətbie edildi, insanlar həlak oldu. O vaxt ölkə prezidenti hələ ki Robert Koçaryan idi. Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasən seçilmiş Serj Sarkisyan hələlik vəzifələrinin icrasına başlamamışdı. Buna görə də, hazırda nümayişin daöıdılmasında və konstitusiya quruluşunun devrilməsində Koçaryan ittiham olunur.

“1 mart” işi üzrə istintaq 2018-ci ilin erməni “məxməri” inqilabına qədər ölü nöqtədən tərpənmirdi. İnqilabın lideri Nikol Paşinyanın rəhbərliyi altında yeni hökumət dərhal bu işin qulpundan yapışdı.

İyulun 28-də eks-prezident bu iş üzrə ilk dəfə həbs olundu. Lakin iki həftə sonra onu azad etdilər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin onun həbsi ilə bağlı daha əvvəl qəbul etdiyi qərarı qanunsuz kimi qiymətləndirdi. Azad edilmək üçün əsas keçmiş prezident olaraq Robert Koçaryanın toxunulmazlığı haqqında konstitusiya maddəsi oldu.

Koçaryanın 2018-ci ilin avqustunda azad edilməsindən sonra noyabrın 15-də kassasiya məhkəməsi yeni istintaqın aparılması üçün işi apellyasiya məhkəməsinə göndərdi. 2018-ci ilin dekabr ayının 7-də apellyasiya məhkəməsi esk-prezidentin təkrarən həbsi barədə qərar verdi. Ermənistanın ikinci prezidenti həmin gündən 2018-cu ilin may ayının 18-dək həbsxanada qaldı. Həmin gün Koçaryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətini nəzərdən keçirmiş hakim David Qriqoryan onun həbsdən azad edilməsi haqqında qərar çıxardı.

O, Dağlıq Qarabağın fəaliyyətdə olan və keçmiş prezidentləri Bako Saakyanın və Arkadi Qukasyanın zaminliklərini də nəzərə almışdı. Onlar öz məsuliyyətləri altında, onun “iki erməni respublikasının təşəkkülündəki payını, Qarabağ müharibəsində və erməni ordusunun qurulmasında nəhəng əməyini” nəzərə alaraq, Komaryan barəsində qətimkan tədbirinin dəyişdirilməsini məhkəmədən xahiş etmişdilər.

Lakin 2019-cu ilin fevralından etibarən Koçaryana qarşı daha bir ittiham irəli sürülüb – 927 milyon dram (təxminən 3 milyon dollar) rüşvətin alınması. Bu ittiham 2018-ci ilin noyabrında sahibkar Silva Ambartsumyanın keçmiş prezidentə qarşı irəli sürdüyü iddia ilə bağlıdır.

Koçaryan bildirib ki, ona qarşı irəli sürülmüş ikinci ittihamın məqsədi əmlakına həbs qoyulmasından ibarətdir. O xatırladıb ki, birinci ittiham üzrə onun əmlakına həbs artıq qoyulub. Lakin konstitusiya quruluşunun devrilməsi haqqında iş üzrə əmlakın müsadirə olunması şəklində əlavə sanksiya nəzərdə tutulmur, güman edilən rüşvət haqqında iş üzrə isə istisna edilmir.

Eks-prezident ona qarşı irəli sürülmüş ittihamlardan heç birini qəbuletmir və onları siyasi sifariş və Ermənistanın hazırkı hakimiyyətinin qisası hesab edir.

Ermənistanın ikinci prezidentinə qarşı yeni ittiham irəli sürülüb – xüsusilə böyük məbləğdə rüşvətin alınması

Koçaryan 2008-ci ilin iğtişaşlarına görə məsuliyyəti Paşnyanın üzərinə qoyur

İyunun 24-də yerli telekanallardan birinə müsahibəsində eks-prezident Komaryan bildirib:

«Ermənistanın hazırkı baş naziri 1 mart 2008-ci il kütləvi iğtişaşlarına görə birbaşa məsuliyyət daşıyır və tarixə yenidən baxmaq, günahkarlar tapmaq istəyir. Onun təsəvvüründə günahkar mənəm».

Baş nazir Paşinyan bütün siyasi karyerası boyunca qatı müxalifətçi olub. 2008-ci ilin prezident seçkilərində o, prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını müdafiə edib. Paşinyan seçkilərin nəticələrinin elan edilməsindən sonra başlamış etiraz aksiyalarında da fəal iştirak edib. Martın 1-də nümayişin dağıdılmasından sonra müxalifətçi xadim kütləvi iğtişaşların təşkili ittihamları üzündən bir il dörd üy müddətinə gizli fəaliyyətə keçib.

2010-cu ilin iyul ayının 1-də Paşinyan könüllü şəkildə prokurorluğa gəlib, həbs edilib və 7 il müddətinə həbs cəzasına məhkum olunub. Bir il 11 aydan sonra o, Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə verilmiş amnistiyaya düşüb. Hüquq müdafiəçiləri hesab edirlər ki, ölkə hakimiyyəti o vaxt beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olmuşdular.

Məhkəmənin onun işi barəsində qərarının elan edilməsi ərəfəsində verdiyi müsahibədə, qərar isə 25 iyun 2019-cu il tarixində çıxarılmalı idi, Koçaryan bəyan edib ki, özü üçün masbət qərar gözləmir. Onun sözlərinə görə, işə baxılması zamanı “hər şey edilib ki, müdafiə tərəfi öz mövqeyini təqdim edə bilməsin”.

Robert Koçaryan açıq şəkildə və artıq birinci dəfə deyil ki, ölkənin hazırkı hakimiyyətinə qarşı öz mövqeyini bəyan edir:

«Aydındır ki, mən bu hakimiyyətin əlyehdarı olacağam. Siyasi proseslər göstərəcək ki, əsas əleyhdaram, ya yox və müxalifəıt cəbhəsində mən hansı rolu oynayacağam».

Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsdən sonra siyasətə qayıdır

Eyni zamanda, Ermənistanın ikinci prezidenti jurnalistin nun yenidən hakimiyyətə gəlməyə hazırlaşıb hazırlaşmamağı barədə sualına dəqiq cavab verməyib:

«Əgər daha gənc, enerjili, dərin biliyə malik insanlar olacaqsa və mən onlarda ölkəni irəli apara biləcək qüvvə görəcəyəmsə, bu halda problem görmürəm – əksinə, bu insanları görüb sevinərəm. Amma… bu sualı açıq saxlayaq».


More on JAMnews