Hakimiyyət iddia edir ki, AAİİ-də üzvlük Ermənistanın marağındadır " />

Ermənistan Parlamenti müxalifətin Avrasiya İqtisadi İttifaqından çıxmaq təklifini rədd edib

Hakimiyyət iddia edir ki, AAİİ-də üzvlük Ermənistanın marağındadır

Ermənistan Milli Məclisi ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması ilə bağlı layihəni rədd edib. Təklifin müəllifi “Yelk” müxalif blokudur. Blok nümayəndələri öz layihələrini onunla əsaslandırıblar ki, 2015-ci ildən AAİİ üzvü olması Ermənistana heç bir xeyir gətirməyib. Müxalifətçilərin iddiasına görə, onların tezisi son illərdə aparılan tədqiqatlarla təsdiqlənir.

Bununla belə parlament çoxluğu layihənin əleyhinə səs verib və bunu onunla izah ediblər ki, AAİİ üzvlüyü Ermənistanın maraqlarına uyğundur.

2013-cü il sentyabrın 3-də Ermənistan prezidenti Serj Sarqsyan Ermənistanın əsasında Avrasiya İqtisadi İttifaqının yaradıldığı Gömrük İttifaqına daxil olmağa hazır olduğunu bildirib. AAİİ-ə üzv ölkələr Ermənistan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandır.

Səsvermədən əvvəl “Yelk” blokundan olan deputat Edmon Marukyan bildirib ki, onların layihəsi “qaranı ağdan seçməyə” imkan verir. O, qeyd edib ki, yanvarın 1-dən AAİİ sazişi artıq qüvvəyə minəcək, bunun da nəticəsində Ermənistanda ərzaq bahalaşacaq, çünki üçüncü ölkələrdən daşınan malların gömrük rüsumları artırılacaq. Ölkə sakinlərinin növbəti bahalaşmaya məruz qalmaması üçün bu sazişlər qüvvəyə minmədən ölkə AAİİ-dən çıxmalıdır.

Noyabrın 24-də Ermənistan və Avropa İttifaqı arasında saziş imzalanana qədər hakimiyyət AAİİ-dən çıxışın bu sənədin imzalanmasına mane ola biləcəyini əsas gətirirdi. İndi isə müxalif deputatların sözlərinə görə, Ermənistan AAİİ üzvlüyündən qurtulmalı və Avropa İttifaqı istiqamətində inkişaf yolu ilə irəliləməlidir.

“AAİİ ərazisi sanksiyalar altındadır, buna görə Ermənistan ziyan çəkir və üstəlik AAİİ sazişinin zəmanətləri və müddəaları da AAİİ ərazisində işləmir. Yəni bu, mahiyyət etibarilə heç bir işimizin olmadığı və Ermənistan iqtisadiyyatının inkişafı üçün heç bir imkan verməyən bir ittifaqdır”, – “Yelk” blokundan olan deputat Edmon Marukyan israr edib.

Ermənistanın hakim Respublikaçılar Partiyasının nümayəndəsi, Parlamentin xarici əlaqələr daimi komissiyasının sədri Armen Aşotyan belə cavab verib: AAİİ yalnız iqtisadi yox, həm də siyasi ittifaqdır və Ermənistan bu ittifaqda siyasi problemləri həll edir.

“Siyasi nöqteyi-nəzərdən aydındır ki, AAİİ üzvlüyü Ermənistanın təhlükəsizliyinin qarantıdır. İstənilən çoxmillətli strukturda istənilən üzvlük öhdəliklər nəzərdə tutur. Bunu suverenliyin məhdudlaşdırılması, mübadilə və ya necə istəsəniz adlandıra bilərsiz… İstənilən dövlətin istənilən çoxmillətli struktura daxil olduğu zaman üzərinə müəyyən öhdəliklər götürməsi normaldır”, – Aşotyan bildirib.

O, xatırladıb ki, Ermənistan balanslaşdırılmış siyasət yürüdür və AAİİ üzvü olaraq Avropa İttifaqı ilə də əməkdaşlıq edir.

Daha əvvəl JAMnews müxalifətin AAİİ-dən çıxmaq təklifi və bununla bağlı Ermənistanda başlanan qızğın müzakirələr haqda məlumat vermişdi.

Ermənistanda AAİİ-dən çıxmaq təklifi müzakirə olunur


More on JAMnews