«Təhlükəli» yerlərə ekskursiyaya yollanırıq " />

Bakının gözəl və təhlükəli gecələri foto və hekayələrdə

«Təhlükəli» yerlərə ekskursiyaya yollanırıq

Bakıda gecə gəzintisinə çıxmaq qərarına gəldik, onun turistik sayılmayan yerlərinə də getdik. Bakılılardan gecə harada gəzməyi məsləhət görmədiklərini və özlərinin şəhərdə nədən qorxduqlarını soruşduq.

Kriminal eyvan

«… Gecələr hər yerdə, xüsusilə bizim eyvanın altında həmişə dava, hay-küy olur (kimsə kimisə qarət edir, ya da döyür), o qədər öyrəşmişəm ki, buna, artıq heç fikir də vermirəm. Sadəcə Bakı əhalisi bilir ki, qaranlıq olanda evdən çölə çıxmamaq məsləhətdir…”

Bu, yaşlı bakılı qadının rəfiqəsinə yazdığı məktubundan bir parçadır. Məktubu “Facebook”da həmin rəfiqənin qızı, rusiyalı jurnalist Yelena Rıkovseva 2015-ci ildə dərc edib.

Məktub «Bakı əhalisi»ni çox hiddətləndirib.  

Bir çox qüsurlarına baxmayaraq, Bakını kiminsə eyvan altında zorlanmasının mümkün olduğu  kriminal şəhər adlandırmaq heç cür olmaz. Qaranlıqda başkəsənlərdən ibarət dəstələr gəzmir. 2017-ci ildə Azərbaycanda 26 min cinayət törədilib və onlardan yalnız 271-i qarətlə bağlı olub və bu göstərici 9 milyon əhalisi olan ölkəyə aiddir.

Gəlin, qorxmayın

Bakı təhlükəsiz şəhərdir? Bu sual ən çox bura səyahət etməyi planlaşdıran turistləri düşündürür. Əlbəttə, forumlarda cavab verilir. Qorxmayın, rahatlıqla gəlin.

Təhlükəsizliyi qiymətləndirmək üçün bir çox beynəlxalq reytinqlər var. Faktiki olaraq, bu, cinayətkarlıq səviyyəsinin əksidir. Məsələn, NUMBEO reytinqi şəhərləri cinayətkarlıq, narkomaniya, sakinlərin qarət və küçədə təhqir olunmaq ehtimalı ilə bağlı narahatlığına görə qiymətləndirir.

NUMBEO-ya əsasən, Bakı gecələr təhlükəsiz, gündüzlər isə çox təhlükəsizdir, ümumilikdə təhlükəsizlik indeksi 71,26-dır.

Bu nəticə Azərbaycan mediasını çox sevindirib. Amma tədqiqatın metodologiyasına nəzər salsaq, görərik ki, NUMBEO reytinqi 96 nəfər arasında keçirilən onlayn sorğunun nəticəsidir.

Ölkələrin turizm sahəsində rəqabət qabiliyyəti səviyyəsinə görə müqayisə olunduğu “World Economic Forum”un daha kompleksli araşdırmasında təhlükəsizlik göstəriciləri də var. Burada da Azərbaycanı yüksək qiymətləndiriblər – 136 ölkə arasında 35-ci yerdədir.

Şəhərin mərkəzi

Burada hər yan işıqlandırılıb, barlar, kafelər, restoranlar. Gecə klubları səhərə qədər işləyir.

Şəhərin əsas gəzinti küçəsi Nizami küçəsidir – keçmiş “Torqovı”. Burada bəzi adamların Bakını Vyana ilə müqayisə etməsi üçün əsas olan məşhur çil-çıraqlar və ərəb ölkələrindən çoxsaylı turistlər var.

Bakının mərkəzi küçəsində seks işçilərinin necə peyda olması haqda

Bakının əsas meydanı danışır

Qədim və ya İçərişəhər. Burada hər yerdə sakitlik, əmin-amanlıq var, hər yer işıqlıdır. Şərqin bu şəhər-labirintində hər şey turistlərin istəyinə uyğunlaşdırılıb: çox sayda otel, suvenirlər, yerli mətbəxli və “milli koloritli” restoranlar, yerli şərabları olan meyxanələr.

Azərbaycanın horror oyunu haqda: İçərişəhərdə monstrlarla vuruşmaq

Niyə Bakı pişiklər şəhəridir?

Bakı bulvarı, rəsmi adı – Dənizkənarı park. Burada da hər şey turistlər üçündür – gözəl və səliqəli. Saat 12-yə yaxın bura seyrəklikdir, ancaq qaçan idmançıları görmək olar.

Bakılıların qorxusu: “məhləmizim oğlanları”

 

Bu, hazırda Bakıda tədricən ölən köhnə adətlərdəndir. Məhlə oğlanları öz ərazilərini həmişə “nəzarətlərində saxlayırlar”, yad adam görən kimi, onu qovmağa, ya da dərsini verməyə çalışırlar.

 

«Sevgilimi evə yola salırdım. Sağollaşdıq, bu zaman mənə yerli oğlan yaxınlaşdı və qıza niyə sataşdığımı soruşdu. Mən qıza sataşmadığımı, onunla görüşdüyümü dedim. “Sən heç onların necə mədəni ailə olduğunu bilirsən?” Dedim ki, ali məktəbdə dərs deyirəm və ümumiyyətlə fikrim ciddidir. Daha sonra ona qonşusuna göstərdiyi qayğı üçün təşəkkür etdim. Düşünürəm ki, bu sözlərim onun ürəyincə oldu,bundan sonra uzaqlaşıb getdi».

Mərkəzə yaxın

«Elmlər Akademiyası» metrosunun ətrafı – burada iki məşhur universitet və Elmlər Akademiyası yerləşib. Gecə saat 11-dən sonra küçələrdə gəzmək nəinki təhlükəli, hətta bir az vahiməlidir. Küçələrdə cavan oğlanlar təkbaşına, ya da qruplarla gəzir və sürülərlə küçə itləri dolaşır.

“28 may” metro stansiyası və dəmiryolu vağzalı ətrafı. Bura iri nəqliyyat qovşağıdır. Yaxşı işıqlandırılıb, həyat gecə yarısına qədər qaynayır. Bu rayonun ən xoş tərəfi müxtəliflikdir. Burada təmiz və “qlamur” kafe, restoran və pablardan tutmuş “kişilər üçün” ən ekzotik  proletar yeməkxanalarına qədər var.

• Bu videoda Bakıda “kişi” kafelərinin nə demək olduğu izah edilir

Bu yerlər gecələr ümumiyyətlə qorxulu deyil, amma Azadlıq prospektindəki bəzi zirzəmi barlarının pis reputasiyası var.

Bakılıların qorxuları: küçə itləri

 

Azərbaycan hakimiyyətinə küçə itlərinin sayının tənzimlənməsinin ancaq bir üsulu məlumdur – güllələmə. Populyasiya azalmır, əksinə, küçə itləri 8-15 itdən ibarət sürülərdə birləşir, şəhərin kənarında və hətta mərkəzə çox yaxın yerlərdə yaşayırlar.

 

“Bir dəfə dostlarımla şəhərin kənarına getdik. Hardasa gecə saat birdə-ikidə qayıtdım. Dostum maşınla aparmağı təklif etdi. Mərkəzdən uzaqda, “Səkkizinci kilometr” bazarının yanında yaşayırdım”.

 

Dostum dedi ki, maşını evin düz qarşısına qədər sürməyə həvəsi yoxdur, bazara qədər aparacaq. Mübahisə etmədim, düşündüm ki, elə öz gözləri ilə görsə yaxşıdır. Bazara yaxınlaşdıq, ondan pəncərəni açmağı xahiş etdim. On itdən ibarət sürü hürərək, maşına hücum çəkdi. Dostum sürətlə maşını döndərdi və sakitcə düz binanın qarısına qədər sürdü.

 

Təhlükəli yerlər

Şəhərin hansı yerlərinin daha qorxulu olduğunu aydınlaşdırmaq üçün bakılılarla söhbət etdik və onları “yoxlamaq” üçün yollandıq. Daha çox səsləri Yeni Yasamal və “20 yanvar” metrosu ətrafı topladı .

Əvvəllər Bakının qərb tərəfdən ən ucqar nöqtəsi Yasamal rayonu idi. Yeni Yasamalı daha sonralar tikiblər, əvvəllər bu yerlər çöllük olub.

Bura 77 saylı avtobusla gəlmək olar, axırıncı dayanacağıdır. Avtobusdan düşəndə qeyri-adi heç nə görmədik. Bakının kənar rayonlarının standart mənzərəsi – necə gəldi, heç bir ümumi plana uyğun olmadan tikilmiş hündür çoxmənzilli binalar, elə eyni səliqəiz küçələr. Binaların arasında dar keçidlər, dar səkilər, balaca rəngbərəng mağazalar və birinci mərtəbədə “bazburutlu kişi” kafeləri.

Gəldiyimiz yol bir tərəfdən divarla hasarlanmış şosseyə dirənir. Divarın arxasında zülmət qaranlıqdır, elə bil dünyanın axırı oradadır.

Burada nədən qorxasan? Deyirlər ki, öz “rayonunun” namusunu çəkən həmin o məhəllə oğlanlarından.

“20 yanvar” metro stansiyası Bakı avtovağzalı yaxınlığında yerləşir. Burada iri nəqliyyat qovşağı, bir neçə xəstəxana, yol ayrıcısının altında keyfiyyətsiz ucuz paltarın satıldığı uzun yeraltı keçid var. Yaxınlıqda yerləşən Tbilisi prospekti bir neçə il bundan əvvəl bütün cinslərdən olan seks işçilərinin yığışdığı ənənəvi məkan olub. İndi onlar artıq orada yoxdur, amma “Tbilisi prospektində işləmək” ifadəsi artıq bakılıların dilinə düşüb.

Bakılıların qorxuları: qadın məsələsi

 

Azərbaycan patriarxal mövqelərini əldən vermir, buna görə də qadınlar və kişilər üçün yazılmamış həyat qaydaları fərqlidir. Azərbaycanda hamı olmasa da, bir çoxları hesab edir ki, qadının axşam saat 10–dan sonra küçədə işi yoxdur. Digər tərəfdən, bu heç də o demək deyil ki, onu küçədə mütləq incidən olacaq. Bakılılar danışır:

 

“Yay vaxtıdır, qısa paltardayam, kursdan evə qayıdıram. Qulaqcığımda musiqi səslənir, ətrafıma baxmıram. Yanacaqdoldurmanın yanında (orada səki çox dardır), kimsə məni arxadan tutdu. Şok içində arxama baxdım, ərəb turistlərindən ibarət qrupu gördüm. Nəyəsə gülürdülər, amma ətrafdakılardan heç kim dönüb, baxmadı. Onlar çoxuydu, mənsə tək. Qaranlıqdı. Nə edəcəyimi bilmirdim. Sadəcə evə getdim. Evə gedə-gedə düşünürdüm ki, indi gəlib, duşun altına girəcəm ki, lap filmlərdəki kimi, “bu çirkabdan təmizlənəcəm”.

 

“Həmin elə o Yeni Yasamala avtobusla gedəndə hər şey vaxtdan asılıdır. Saat 10-da məsələn, mağazada satıcı işləyən qadınlar evə qayıdır. Artıq gecə saat 12-dirsə avtobusda hamı sizin hardansa pis yerdən qayıtdığınızı düşünəcək, buna görə də problemlər yarana bilər”.

 

“Bir dəfə gecə saat 12-də dayanacaqda tək oturub, taksi gözləyirdim. Motosikletlə cavan oğlan gəldi, evə aparmağı təklif etdi. Çox xoş idi, ilişmirdi. Artıq taksı çağırdığımı dedim, getmədi, yanımda qaldı. Taksi gələnə qədər gözlədi, “gecən xeyirə” dedi və ancaq bundan sonra çıxıb getdi”.

 

Periferiya

Bakı kəndləri – buralar gecələr kriminal hadisələrin mümkünlüyünə görə deyil, küçədə, səkidə işıqların, yollarda asfaltın, mağaza və nəqliyyatın olmaması səbəbindən qorxulu olur.

Facebook Comments

More on JAMnews