Brüsseldə Əliyev-Paşinyan görüşü: Avropa platforması alternativ olacaqmı?
Brüsseldə Avropa Şurası rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Əliyev-Paşinyan görüşü baş tutub. Görüş bitəndən sonra o, yekun bəyanatla çıxış edib.
Azərbaycan və Ermənistan liderlərinin görüşü haqda bu məqama qədər məlum olanlar, o cümlədən də Bakı və Yerevandan ekspert rəyləri.
- “Xatirədə qalanlar”. Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra
- Həyat olduğu kimi. İkinci Qarabağ müharibəsindən sonra – Ermənistandan film
- Ermənistanın verdiyi minalı sahələrin xəritələri Bakıda şübhə doğurub
“Avropa Şurası kommunikasiyaların açılmasını dəstəkləməyə hazırdır”
Avropa Şurasının rəhbəri Şarl Mişelin görüşün yekununa dair bəyanatında deyilir ki, Azərbaycan prezidenti və Ermənistanın baş naziri Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanata sadiq olduqlarını təsdiqləyiblər. Hər iki lider tərəflərin müdafiə qurumları arasında əlaqənin yaranmasını xüsusi qeyd edib. Avropa Şurası da iqtisadi əməkdaşlığın inkişafı və Yerevanla Bakı arasında etimadın möhkəmləndirilməsi üçün platforma yaratmağı təklif edib.
AŞ rəhbərinin bəyanatında humanitar məsələlərin təcili həllinin vacibliyi haqda xüsusi qeyd olunub: Azərbaucanda saxlanılan erməni əsirlərin azad edilməsi, o cümlədən də itkin düşənlərin taleyinin müəyyən olunması. Bununla yanaşı AŞ minalardan təmizləmə üzrə humanitar səyləri dəstəkləyəcəyini, o cümlədən də konsultasiyalar və münaqişədən ziyan çəkən əhaliyə kömək təqdim olunacağını vəd edib.
AŞ rəhbərinin bəyanatında Azərbaycan və Ermənistan arasında və ümumilikdə Cənubi Qafqaz regionunda kommunikasiyaların bərpa olunmasının vacibliyi vurğulanıb ki, bu proses də bütün ölkələrin suverenliyinə tam hörmət şəraitində həyata keçirilməlidir.
Şarl Mişel görüşdə dəmiryolu xəttinin bərpa olunması haqda qərarın qəbul edilməsini mühüm məsələ elan edib. Üstəlik Avropa Şurası kommunikasiyaların açılmasını dəstəkləməyə hazır olduğunu bildirib.
Bakıdan informasiya
Azərbaycan mediası ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk dəfə vasitəçilərin iştirakı olmadan tet-a-tet görüşün keçirildiyi haqda yazır. Bu görüş dekabrın 14-də axşam Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə şam yeməyindən dərhal sonra baş tutub.
Əliyev və Paşinyan arasında konkret hansı məsələlərin müzakirə olunduğu haqda informasiya hələlik yoxdur. Azərbaycan mediasının yazdığına görə, tərəflər Ermənistanla Azərbaycanı birləşdirən dəmiryolu xəttinin işə salınması haqda razılığa gəliblər.
Nikol Paşinyanla görüşə qədər Azərbaycann prezidenti İlham Əliyev NATO rəhbəri Yensom Stoltenberqlə görüşüb və bu zaman Zəngəzur dəhlizi haqda bəyanat səsləndirib.
“Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır”, – Əliyev bildirib.
Azərbaycan prezidenti ilk dəfə açıq bildirib ki, “Laçın dəhlizində postlar yoxdur, müvafiq olaraq Zəngəzur dəhlizində də gömrük postları olmamalır”. Bu, onun Ermənistanın öz ərazisindən üzərində suverenliyini itirdiyi dəhliz təqdim etməkdən imtina etməsinə cavabı olub.
“Əgər Ermənistan yüklərə və insanlara nəzarət etmək istəyirsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq”, – Əliyev deyib.
Bakıdan ekspert rəyi
Qərb Laçın dəhlizi məsələsini Rusiyaya qarşı çevirir – siyasi şərhçi Aqşin Kərimov deyir.
“İlham Əliyevin Ermənistanın Zəngəzur dəhlizində hər hansı yoxlamalar aparması ideyalarına qarşı Laçın dəhlizini arqument kimi çıxarması Ermənistanı qarışdırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, bunun indiyədək aparılan müzakirələrlə, imzalanan bəyanatlarla heç bir əlaqəsi yoxdur.
İlham Əliyevin bəyanatına gəlincə, diqqət etməliyik: Bu açıqlamanı Qərb siyasi dairələrində, NATO baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdi.
Deməli:
1. Qərbin Zəngəzur dəhlizindən faydalanmaq strategiyasına İlham Əliyev yeni tərkib qatır.
2. Bu o deməkdir ki, Qərb dairələrində Laçın dəhlizi məsələsi qaldırılıb, bu isə Rusiyanın qısqanclığına səbəb ola bilər.
3. “Zəngəzurdakı təftişin” önünə “Laçın təftişi”ni şərt kimi qoymaq Qərbin regionda iştirakı üçün zəmin yaradır.
Nəticə: İndi qalır, Rusiyanın mövqeyi. Bundan başqa nəzərə alaq ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun tikintisini və sülhməramlıların ora dislokasiya edilməsi mövqeyindədir.
Qərb çalışır ki, sülhyaratma prosesində Rusiyanın təsir dairəsini daraltsın.
Buna praktiki nail olmaq imkanı varmı?
Hələlik görünmür, ancaq bu mövzuda bir qədər tələsməyək, ən azından yaxın bir aydakı proseslərdən sonra müəyyən nəticə hasil etmək mümkündür”, – siyasi şərhçi qeyd edib.
Yerevandan informasiya
Hələ görüş başlamamışdan əvvəl Ermənistan mediası iştirakçılar arasında “bəyanatlara” diqqət yetirib. Azərbaycan prezidenti NATO baş katibi ilə birgə mətbuat konfransında çıxış edərkən bildirib:
“Üçtərəfli bəyanatlarda açıq deyilir ki, Azərbaycan Laçın dəhlizinə [Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yol] təhlükəsizlik və çıxış təmin edir. Ermənistan da Zəngəzur dəhlizində [Azərbaycan Ermənistanın cənubundan eksklavı Naxçıvana yol tələb edir] bizə eyni maneəsiz çıxış təmin etməlidir.
Bu gün Laçın dəhlizində gömrük məntəqələri yoxdur. Eyni şey Zəngəzur dəhlizində də olmalıdır. Əgər Ermənistan yüklərin hərəkətinə nəzarət etmək üçün gömrük məntəqələrinin qoyulmasında israr edərsə, onda biz də Laçın dəhlizində eyni şərtlərə israr edəcəyik. Bu məntiqlidir”.
Ermənistanın baş naziri Nikol Paşinyan dərhal Azərbaycan prezidentinin “Zəngəzur dəhlizinin Laçın dəhlizi ilə analoji fəaliyyət göstərməli olduğu” haqda bəyanatını şərh edib.
“Azərbaycan regional kommunikasiyaların açılması məsələsini dalana dirəməyə çalışır. Azərbaycan prezidentinin regional kommunikasiyaların açılması və Laçın dəhlizi arasında paralellər aparmaq cəhdlərinin bizim indiyə qədər apardığımız müzakirələrlə və imzalanmış byanatlarla heç bir əlaqəsi yoxdur və Ermənistan üçün qəbuledilməzdir”, – Paşinyan Facebook səhifəsində yazıb.
Brüssel görüşündən sonra Ermənistanın baş nazirinin mətbuat xidməti bəzi detallar haqda məlumat yayıb.
Məlumatda hansı məsələlər üzrə müzakirələrin getdiyi deyilir.
- 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 2021-ci il 26 noyabr Rusiya-Ermənistan-Azərbaycan formatında üçtərəfli bəyanatların həyata keçirilməsi prosesi müzakirə edilib:
“Baş nazir Paşinyan yuxarıda qeyd olunan bəyanatların tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb, o cümlədən də humanitar məsələlərin dərhal həll edilməsinin, hərbi əsirlərin, girovların və digər saxlanılan mülki şəxslərin qaytarılmasının təmin olunmasının vacibliyini qeyd edib. Regional kommunikasiyaların açılması ilə bağlı aparılan işlərə də toxunulub”.
- Paşinyan və Əliyev dəmiryolu xəttinin fəaliyyətinin bərpası haqda razılaşmanı təsdiqləyiblər:
“Dəmiryolu xətti beynəlxalq tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı əsasda, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Dəmiryolu xətti ilə Ermənistanın İran İslam Respublikası və Rusiya Federasiyasına çıxışı olacaq”.
- Regionda gərginliyin azaldılması üzrə konkret addımların vacibliyi.
- Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına və Ermənistanla Azərbaycan arasında qarşılıqlı etibad mühitinin yaradılmasına yönəlmiş mümkün addımlar.
- Tərəflər təmasları davam etdirmək qərarına gəliblər.
Yerevandan ekspert rəyi
Ermənistanlı ekspertlər Brüssel görüşünə xüsusi ümid bəsləmirdilər. Sadəcə humanitar məsələlərinhəll edilməsi, o cümlədən də ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanda saxlanılan əsirlərin heç olmasa bir hissəsinin qaytarılması gözlənilirdi.
Hərbi-siyasi məsələlər üzrə ekspert Areq Koçinyan avropalı tərəfdaşların bu alternativ meydançanı Rusiya üçün problem yaratmaq üçün təşkil etdiyi ehtimalını səsləndirib.
“Əgər Qərb həqiqətən də bu regionda müəyyən proseslərin qarşısını almaq və öz geosiyasi mövqelərini bərpa etmək istəyirsə, heç olmasa bir məsələ üzrə – məsələn, erməni əsirlərin geri qaytarılması ilə bağlı [Azərbaycana] yetərli təzyiq göstərə bilər, çünki bu məsələ üzrə başqa fikir ola bilməz, onlar qaytarılmalıdırlar. Yox, əgər maraqlı deyilsə və bu, sadəcə Qərbin Ukraynadakı gərginliyə multiregional cavabıdırsa, biz heç bu [faydalılıq] indikatoru da görməyəcəyik”.
İstənilən halda Ermənistanın bütün ekspertlər cameəsi hesab edir ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatına alternativ olan bu yeni formatda iştirak etmək vacibdir.
“Üçtərəfli format [Rusiya-Ermənistan-Azərbaycan] əslində dördtərəflidir, çünki sanki “otaqda” dördüncü iştirakçı var, heç kim onunn adını demək istəməsə də – Türkiyə. Bu üçtərəfli formatda müzakirə olunan heç nə Ermənistan Respublikasının maraqlarına, erməni xalqının həyat əhəmiyyətli maraqlarına cavab vermir”, – Areq Koçinyan hesab edir.
O güman edir ki, əgər Rusiya həqiqətən Qərbin müdaxiləsini 44 günlük müharibədən sonra yaradılan formata təhlükə kimi qəbul etməyə başlasa, yenidən “Azərbaycanın aqressiv bəyanatları, o cümlədən də sərhədin bütün perimetri boyu aqressiya, “dəhlizin” güc hesabına əldə edilməsi haqda bəyanatlar fəallaşacaq”.