Əliyev və Blinken nə haqda danışıblar?
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Tərəflər qarşılıqlı maraq doğuran bir neçə məsələni müzakirə ediblər. Amma ABŞ Dövlət Departamentinin bu telefon danışığı haqda informasiyası Azərbaycan KİV-də yayılan məlumatdan çox fərqlidir. Beləliklə, Blinken və Əliyev nə haqda danışıblar?
- Azərbaycan-Ermənistan: ziddiyyətlərə rəğmən sülh sazişinin imzalanması
- “Növbəti demokratiya şansını itirmək olmaz” – Bakıdan şərh
- Ukraynada müharibənin gözlənilməz nəticəsi: Türkiyədə günəbaxan yağı yoxa çıxıb
Martın 15-də ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı baş tutub.
Amerika versiyası
ABŞ Dövlət Departamentinin bu telefon danışığı haqda məlumatında deyilir:
“Dövlət katibi Entoni C. Blinken bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirib.
Dövlət katibi Blinken ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığın mühümlüyünü və ABŞ-ın Cənubi Qafqaz regionu üçün dinc, demokratik və çiçəklənən gələcəyə dəstək verməkdə sadiq olduğunu vurğulayıb.
Bir müddət əvvəl Ermənistan və Azərbaycan qüvvələri arasında eskalasiyanı qeyd edən dövlət katibi tərəfləri təmkin nümayiş etdirməyə və bütün həllini tapmamış məsələlərin hərtərəfli həllinin axtarışı üçün diplomatik təmasları fəallaşdırmağa çağırıb.
O, həmçinin Azərbaycanda insan haqları və təməl azadlıqların təmin olunmasının vacibliyini vurğulayıb.
Dövlət katibi ABŞ-ın digər tərəfdaşları ilə yanaşı Moskva və tərəfdaşları, o cümlədən də Belarusda Lukaşenko rejimini Kremlin Ukraynaya qarşı təhrik olunmamış və haqsız müharibəyə görə məsuliyyətə cəlb olunmalarına sadiqliyini vurğulayıb”.
Azərbaycan versiyası
Azərbaycanın AzerTac dövlət informasiya agentliyi bu telefon danışığı ilə bağlı rəsmi məlumatı belə təqdim edib:
“Martın 15-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.
Telefon danışığı əsnasında regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib”
Telefon danışığı haqda informasiyanın Amerika versiyası ilə müqayisədə Azərbaycan versiyasında Azərbaycanda insan haqlarının təmin edilməsi ilə bağlı maddə və ABŞ-ın tərəfdaşları Rusiya və Belarusa münasibəti haqda son abzas “yoxa çıxıb”.
Şərh
JAMnews eyni telefon danışığı haqda iki məlumatın bir-birindən fərqlənməsi ilə bağlı məsələni şərh etməsi üçün politoloq Şahin Cəfərliyə müraciət edib.
Həmsöhbətimizin sözlərinə görə, Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana zəngi Birləşmiş Ştatlar tərəfindən xəbərdarlıq xarakteri daşıyır.
“ABŞ və digər Qərb ölkələri Ukraynada davam edən işğalçı müharibəyə görə Rusiya və Belarusa qarşı kifayət qədər ciddi iqtisadi sanksiyalar tətbiq ediblər. Qərb Rusiyanın bəzi postsovet ölkələri vasitəsilə, onların bank strukturları sayəsində bu sanksiyalardan yan ötə biləcəyini düşünür. Qeyd edim ki, sanksiyalardan bu yolla yan ötmək tam leqaldır və buna görə də Blinken Bakı və Yerevana bu cür addımların yolverilməz olduğu haqda xəbərdarlıq edib.
Dövlət Departamentinin və Azərbaycanın dövlət KİV-də gedən məlumatların fərqli olmasına gəlincə, rəsmi Bakı bu mövzuda spekulyasiyaları istəmir və telefon danışığının bu hissəsi haqda informasiyanı mümkün qədər bloklayır”.
Əməkdaşımızın “azərbaycanlı siyasətçi Azər Qasımlı bildirib ki, Ukraynadakı müharibədən sonra Bakının Kreml və Qərb arasında balanslı siyasət üçün imkanları tükənəcək. Bu bəyanı necə şərh edərsiz” sualının cavabında Cəfərli deyib:
“Bu nəzər nöqtəsi ilə razıyam. Əgər Rusiya Ukraynada bəyan etdiyi hədəflərinə nail olmasa, dünya derjavası statusunu itirəcək və ən yaxşı halda regional liderə çevriləcək. Bu vəziyyətdə bizim regionumuz üçün Qərbin gücü və təsiri həlledici xarakter daşıyacaq və bununla hesablaşmamaq çətin olacaq”.