Ziddiyyət nöqtəsi. Ermənistan və Azərbaycan üçtərəfli bəyanatın 4-cü bəndini fərqli şərh edir
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, Rusiya sülhməramlı qüvvələrinin Qarabağa daxil olması ilə paralel olaraq erməni silahlı qüvvələri bu ərazilərdən geri çəkilməli idi. Azərbaycan bütün qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmasında israrlıdır. Ermənistan hesab edir ki, rəsmi Bakı bəyanatın bu maddəsini yanlış şərh edir. Üçtərəfli bəyanatın 4-cü bəndində əslində nə deyilir? Azərbaycanlı ekspertlərin fikirləri.
- Rusiya sülhməramlıları Qarabağdan Ukraynaya gediblərmi? Moskva inkar, Bakı sübut edir
- Rusiyalı deputat Azərbaycanı nüvə zərbəsi ilə təhdid edib, Kreml məsələyə qarışmalı olub
- Qarabağda vəziyyət dəyişməyib, qaz təminatı bərpa ediləcək
Martın 31-də hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndini yanlış şərh edir.
Rusiya prezidenti V.Putin, Azərbaycan prezidenti İ.Əliyev və Ermənistanın baş naziri N.Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndi:
“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti beş ildir, tərəflərdən heç biri bu müddət bitənə altı ay qalmışa qədər bu vəziyyətin dayandırılması haqda niyyətini bəyan etmədiyi təqdirdə 5 il avtomatik uzadılma şərtilə.
Rəsmi Bakı bildirir ki, bu müddəaya əsasən, bütün erməni silahlı qüvvələri, o cümlədən tanınmamış Dağlıq Qarabağ Respublikasının “Müdafiə Ordusu” Qarabağdan çıxmalıdır.
Ermənistan diametral şəkildə əks mövqedədir. Rəsmi Yerevan əmindir ki, sənədin bu bəndi yalnız Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinə aiddir. Nikol Paşinyanın fikrincə, Müdafiə Ordusunun Qarabağdan çıxarılması “Dağlıq Qarabağın Azərbaycana təslim olması demək olardı”.
JAMnews-un Azərbaycan redaksiyası bir neçə ekspertdən Qarabağ münaqişəsinin tərəfləri arasında mübahisə mövzusuna çevrilmiş üçtərəfli bəyanatın bu bəndinin əslində nə demək olduğunu şərh etməyi xahiş edib.
Ekspert şərhləri
“Azərbaycan öz gücü ilə 4-cü maddənin tələblərini yerinə yetirir”
Siyasi şərhçi Aqşin Kərinovun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları “Brüssel görüşü [aprelin 6-da Avropa Şurasının prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin üçtərəfli görüşü planlaşdırılıb — JAMnews] öncəsi üçün saxta arqumentlərin hazırlanmasına hesablanıb”:
Nəzərə alaq ki, Paşinyan Soçi görüşü öncəsi də ritorikasına “silah səsləri” qatmışdı, amma nəticədə Soçidə tamamilə fərqli bir bəyanat imzalandı və Paşinyan o sənədə imza atmaq məcburiyyətində qaldı. İndi Brüssel danışıqlarından öncəki tezislərini də həmin analogiya ilə dəyərləndirmək imkanları var.
10 noyabr bəyanatının 4-cü bəndinə gəlincə, düzdür, həmin bəndi Rusiya da, Ermənistan da manipulyasiya etməyə çalışır. Manipulyativ mövqelər üçün barmaq yeri tapsalar da, həmin bənddəki iki ifadə Azərbaycan üçün çox şeyi deyir:
- Rusiya sülhməramlıları erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir,
- Sülhməramlıların qalma müddəti 5 ildir.
Rusiyanın mövqeyi belədir ki, onun üzərinə qanunsuz erməni silahlılarını Azərbaycan ərazilərindən çıxarmaq öhdəliyi qoyulmayıb, həqiqətən də, bəyanatın müvafiq bəndində açıq şəkildə belə bir cümləyə rast gəlmək olmur.
Azərbaycan isə tərəflərin sürüşkən mövqelərindən dolayı öz resursları ilə 4-cü bəndi icra etməyə çalışır. Ancaq bu məsələdə Türkiyə və Rusiya ilə əldə edilmiş pərdəarxası razılıqlar da rol oynayır.
Ermənistanın 4-cü bəndlə bağlı danışması sadəcə boğulan birinin saman çöpündən yapışmasına bənzəyir. Axı sənin tükənmiş resursların, bərbad ordun, siyasi qətiyyətsizliyin imkan vermir ki, həmin bəndin icrasını öz xeyrinə yönəldəsən. Bu, məsələnin hərbi-texniki tərəfi, həmin bəndin hüquqi-siyasi tərəfi də Ermənistana hansısa güzəşt tanımır”.
“Rusiya sülhməramlılarının Azərbaycanda olması qanunsuzdur”
Azvision.az ictimai-siyasi saytının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, Rusiya sülhməramlılarının Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələri ilə birlikdə olması məntiqsizdir:
“Bütün problem Rusiyanın sülhməramlı kontingentinin Qarabağda olması faktından irəli gəlir. Onların mandatı hələ də qeyri-müəyyəndir. Rusiya silahlı qüvvələrinin Azərbaycanda olması hətta ölkəmizin parlamenti tərəfindən də ratifikasiya olunmayıb, başqa sözlə, hüquqi cəhətdən Azərbaycanda olmaları qeyri-qanunidir.
“Sülhməramlı kontingentin məsuliyyət zonası” ifadəsinin mənası hələ də aydın deyil. Orada nəyə nəzarət edirlər? Məsələn, sülhməramlıların “məsuliyyət” zonasında olan Xocalı Azərbaycanın nəzarətində olan Ağdamdan nə ilə fərqlənir?
Hər şeydə ən azı elementar məntiq olmalıdır. Və ən elementar məntiqə görə, Qarabağda qeyri-qanuni erməni quldur dəstələri hələ də qalırsa, niyə orada sülhməramlılar var? Və əksinə: Qarabağda sülhməramlılar varsa, o zaman separatçı qüvvələrin nəzarətində olan terrorçuların orada nə işi?
Axı sülhməramlı kontingent Azərbaycanın bu hissəsindəki erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Qarabağa daxil olub. Kobud desək, erməni millətindən olan Azərbaycan vətəndaşları hələ də Azərbaycanın güc strukturlarına etibar etmirlər və 5 illik müddətə – 2025-ci ilə qədər Rusiya sülhməramlıları onların təhlükəsizliyini təmin edir. Əgər belədirsə, orada silahlı ermənilərə nə ehtiyac var?
Əgər Rusiya bu çox sadə məsələni həll edə bilsə, o zaman gələcəkdə Azərbaycanda anti-Rusiya əhval-ruhiyyəsi ilə məşğul olmayacaq və “Roskomnadzor”un Azərbaycan saytlarını bloklamasına ehtiyac qalmayacaq”.
“Qarabağda Rusiya əsgəri kimə lazımdır?”
Hərbi icmalçı, herbiand.az hərbi-siyasi saytının redaktoru Azəf Quliyev deyir ki, üçtərəfli bəyanatın 4-cü bəndini hər kəs istədiyi kimi yoza bilər?
Bəli, bu gün rəsmi Yerevan Qarabağda Ermənistana məxsus hərbi hissələrin olmamasını söyləyir və 4-cü bəndə istinad edərək Azərbaycanın düz demədiyini bildirir.
Amma fakt ondan ibarətdir ki, bu gün Qarabağda mülki əhaliyə silah paylanır. Hətta məndə olan informasiyaya görə, Qarabağdakı ermənilərin qanunverici orqanının bununla bağlı qərarı var. Yəni məsələyə hüquqi don geyindirilir. Bundan başqa Qarabağda yeni hərbi birləşmə yaradılması barədə də qərar qəbul olunub.
Azərbaycan tərəfi isə haqlı olaraq bütün bunların yolverilməz olduğunu bildirir. Erməni tərəfi iddia edir ki, silah paylanmasının əsas səbəbi təhlükəsizliyin təmin olunmaması ilə bağlıdır.
Bu zaman sual yaranır: Əgər ermənilərin duz-çörəklə qarşıladığı rus əsgəri Qarabağda təhlükəsizliyi təmin edə bilmirsə, nəyə və kimə lazımdır?
Hələ 2020-ci ilin noyabrında mən bildirmişdim ki, Rusiya silahlı qüvvələrinin Qarabağa yeridilməsi iki xalq və iki dövlət arasında uçurumu bir qədər də dərinləşdirəcək. Ehtimallarım özünü doğruldur.
Bu gün Paşinyan daxili auditoriya, Qərb və Rusiya arasında manevr etməyə məcburdur. Söylədiyi fikirlər də əsasən bu yöndən yozulmalıdır. O da yaxşı anlayır ki, bu gün Qarabağda mövcud olan silahlı birləşmələr Azərbaycan Ordusu ilə müqayisədə çox kiçikdir və onların zərərsizlədirilməsi Azərbaycan üçün an məsələsidir. Amma daxili auditoriyanın istədiyini deməyə məcburdur.