“Yumşaq kəşfiyyat”. Laçın dəhlizində nə baş verib?
Laçın dəhlizində nə baş verib?
Azərbaycan ekoloqlarından və jurnalistlərdən ibarət qrup bir neçə saatlıq Laçın dəhlizini bağlayıb. Yalnız Qarabağdakı RF sülhməramlı qüvvələrinin komandanı Andrey Volkov hadisə yerinə gələndən sonra münaqişəni həll etmək mümkün olub. Azərbaycanlı ekspertin sözlərinə görə, bu yolla rəsmi Bakı “Laçın dəhlizində postların qurulması ehtimalı ilə bağlı sülhməramlıların reaksiyasını öyrənmək üçün yumşaq kəşfiyyat” aparıb.
- “Zəngəzur dəhlizilə bağlı Azərbaycan Rusiya ilə danışıqlar aparır”. Bakıdan şərh
- “Azərbaycan və Ermənistan növbəti fikir ayrılığı mərhələsinə girib”. Bakıdan şərh
- “Laçın dəhlizinin bağlanması tələbi populizmdir”. Bakıdan şərh
Nə baş verib?
Noyabrın 3-də azərbaycanlılardan ibarət qrup bir neçə saat ərzində Xankəndini Ermənistanla birləşdirən Laçın dəhlizini bağlayıb.
Qarabağdakı RF sülhməramlı kontingentinin komandanı Andrey Volkov hadisə yerinə gələndən təxminən üç saat sonra yolun açılması ilə bağlı razılığa gəlmək mümkün olub.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəyanatına görə, qurumun əməkdaşları İqtisadiyyat Nazirliyi yanındakı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin və AzerGold QSC-nin işçiləri ilə birlikdə “Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə keçərək sülhməramlı qüvvələrin Xocalı şəhərində yerləşən qərargahında sülhməranlıların komandanlığı ilə müzakirə aparıblar”.
Ekologiya Nazirliyinin mətbuat xidmətinlən bildirilib ki, danışıqlar zamanı “müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazisində faydalı qazıntı yatağının qanunsuz istismarı üzrə qeyri-leqal iqtisadi fəqliyyət həyata keçirilməsilə bağlı Azərbaycan tərəfi bir daha ciddi narahatlığını bildirib.
Faydalı qazıntı yataqlarında əmlakın monitorinqinin və inventarlaşdırılmasının keirilməsinin, ekoloji tədqiqatların aparılmasının vacibliyi xüsusilə qeyd edilib”.
Azərbaycanlı ekoloqlar nədən narazıdırlar?
Laçın dəhlizindən müşahidə kameralarının görüntülərini yayan Azərbaycan mediasının məlumatına görə, noyabrın 10-dan 14-dək bu yoldan hər gün 8 yük maşını Xankəndidən Ermənistana keçib. Həmin avtomobillər noyabrın 16-18-də isə Ermənistandan Xankəndiyə doğru gedib.
Qeyd olunur ki, Azərbaycan tərəfində olan məlumata əsasən, bu yük maşınlarında Qarabağda, keçmiş Ağdərə rayonunun (Tərtər rayonuna birləşdirilib) Gülyataq kəndinin yaxınlığında yerləşən mədənlərdən hasil olunan qızıl daşınır.
Medianın bildirdiyinə görə, Xankəndidə öz ofisi olan “Base Metals” şirkəti Azərbaycan ərazisində, Qarabağda Bakının icazəsi olmadan qanunsuz qızıl hasilatı ilə məşğul olur.
Volkov Azərbaycan jurnalistlərinə nə deyib?
Qarabağda sülhməramlı qüvvələrin komandanı Andrey Volkovla görüşən Azərbaycan jurnalistləri fürsətdən istifadə edərək ondan RF Müdafiə Nazirliyinin xəritələrində toponimlərin keçmiş adları ilə qeyd olunmasının səbəbini soruşublar.
Qeyd edək ki, son zamanlar Azərbaycanın Müdafiə Nazirliyi az qala hər gün Rusiya və sülhməramlı kontingenti “Qarabağda yaşayış məntəqələrinin adlarını təhrif etməkdə” günahlandırdığı bəyanatlar yayır.Həmçinin bildirilir ki, “Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur”.
“Bir daha bildirirəm ki, bütün toponimlərə əməl edirik. Biz hər yanda Xankəndi, Ağdərə yazırıq. Bizin Baş Qərargahın xəritələrində adlar sovet dövründən qalıb: Stepanakert, Mardakert. Toponimlərə aid olan hər şeyi biz hörmətlə Azərbaycanda səsləndiyi kimi yazırıq.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bütün sənədlərində toponimlər yalnız Azərbaycanın bizə göndərdiyi adlarla yazılıb. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Siz bizim sənədlərimizi də yoxlaya bilərsiz”, – Volkov Azərbaycan jurnalistlərinə cavabında deyib.
RF Müdafiə Nazirliyinin saytında “toponimlərin yanlış qeyd olunması” ilə bağlı suala cavabında RSK komandanı bildirib ki, buna görə cavabdeh deyil.
“Nəbz yoxlaması uğurlu keçib”
Azərbaycan hakimiyyətinin nəbz yoxlaması uğurlu keçib – “Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu belə hesab edir:
“Ermənilər anlayırlar ki, gün gələcək və Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan gömrük və sərhəd postları fəaliyyətə başlayacaq. Bu gün yolun təxminən 3 saat bağlı qalması və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Rusiya sülhməramlı qüvvələri ilə yolda danışıqlar aparması buna misaldır. Nəbz yoxlaması uğurla həyata keçirildi”.
Ekspertin sözlərinə görə, Azərbaycan məmurlarının daha sonra Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdirməsi də ermənilərə mesajdır ki, bu yerlərdə azərbaycanlıları görməyə alışmalıdırlar.
“Maraqlıdır ki, Ermənistan hakimiyyəti bu gün baş verənləri soyuqqanlı qarşıladı, kəskin reaksiya vermədi, Qarabağdakı separatçılar isə haray-həşir saldılar. Onlar qorxu içindədirlər və cavab tapmağa çalışdıqları sual budur: “Rusiya yolun Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsinə seyrçimi qalacaq, yoxsa buna imkan verməyəcək və Azərbaycan məmurları bundan sonradamı Xocalıya və ya Xankəndiyə gələcəklərmi?” – politoloq fikirləri yükunlaşdırıb.
“Rusiya hərbçiləri çaşqınlıqla baş verənləri izləyirdi”
Burada məsələ ekoloji problemlərdə deyil – siyasi icmalçı Fariz Əliyev bildirib.
“Düşünmürəm ki, Laçın dəhlizində baş verən insidentdə söhbət hansısa ekoloji problemdən gedir. Bəli, keçmiş Ağdərə rayonunda mədən qanunsuz istismar edilir. Amma buna qədər Qarabağda onilliklər boyu başqa faydalı qazıntı mənbələri istismar edilib.
Məncə, Azərbaycan ekoloqları və jurnalistləri cəlb edərək bu cür yumşaq metodla kəşfiyyat apardı. Necə deyərlər, hətta döyüşlə də yox, sadəcə adi vətəndaşların iştirakı ilə. Bu vəziyyətə sülhməramlıların reaksiyasını yoxlamaq üçün.
Biz nə gördük? Rusiya hərbçiləri praktiki olaraq heç bir reaksiya vermədi. Onlar çaşqınlıq içində baş verənləri izləyirdilər. Bu cür vəziyyətlərdə necə davranmalı olduqları haqda təsəvvürləri belə yox idi.
Hadisə yerinə sülhməramlı kontingent komandanının gəlməsi də gözlənilən potensial effekti vermədi. Volkov da nə edəcəyini bilmirdi. Yolu bağlayanlarla danışdı, onların arqumentləri ilə razılaşdı və danışıqlara dəvət etdi.
O da maraqlıdır ki, sülhməramlılar öz xidmət ərazilərini Azərbaycan torpaqları kimi mübahisəsiz tanıyırlar.
İndi isə təsəvvür edək ki, Azərbaycan Laçın dəhlizinə ekoloqların də jurnalistllərin timsalında yox, sərhədçilərin və ya xüsusi təyinatlıların timsalında girdi. Bu halda nə olacaq? Ötən şənbə baş verənlərdən yola çıxsaq, o zaman sülhməramlılar sadəcə baş verənləri izləyəcəklər və Azərbaycan orada öz postları uğurla quraşdıracaq. Mən artıq başqa ssenari görmürəm”, – Əliyev qeyd edib.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube