Yerli hüquq müdafiəçiləri həbsdəki Ermənistan vətəndaşlarına baş çəkiblər
Azərbaycanda həbsdə olan Ermənistan hərbçiləri
Azərbaycan Ombudsmanı yanındakı qrupa daxil olan hüquq müdafiəçiləri Qarabağda saxlanılan və uzun müddətli həbs cəzasına məhkum edilən Ermənistan vətəndaşlarına baş çəkiblər. Ombusman Aparatından verilən məlumata əsasən, məhbusların ailələri ilə ünsiyyət imkanı var, tibbi xidmətlərlə təmin olunublar. Azərbaycan və Ermənistan tərəfi bu insanların statusunu müxtəlif cür ifadə edir. Ekspertin fikrincə, Rusiya tərəfinin mövqeyi Azərbaycanın mövqeyinə yaxındır.
- Azərbaycanlı jurnalist Gürcüstanın “kölgə hakimi”nə qarşı
- Qəbul imtahanlarının rekordçusu Azərbaycanda təhsildən imtina edib
- “Səhlənkarlıq, yoxsa təxribat?” Yerevanda “Surmalu” ticarət mərkəzində partlayış
Azərbaycan Ombudsmanı İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri müvəqqəti saxlanma yerlərindən birini ziyarət ediblər. Bu haqda Ombudsman Aparatının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, ziyarət zamanı hərbi əməliyyatların dayandırılması haqda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalanandan sonra Azərbaycanın azad olunmuş ərazisində cinayət əməllərinin törədilməsinə görə məhkum edilmiş Ermənistan vətəndaşları da qəbul edilib.
“Konfidensial qəbullar çərçivəsində aparılan söhbət zamanı hər bir məhkum üçün telefon əlaqələrinin, yazışmaların, ailə üzvləri ilə təmasın, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin təmin olunduğu müəyyən edilib.
Qəbul edilmiş şəxslər saxlanma şəraitindən və rəftardan şikayət etməyiblər”, – mənbə vurğulayır.
Həmçinin bildirilir ki, ziyarət zamanı hüquq müdafiəçiləri məhkumların lazım olan hər şeylə təmin edilmələrini, o cümlədən də onlara qarşı diskriminasiyanın olub-olmadığını müşahidə ediblər.
Azərbaycanda nə qədər Ermənistan vətəndaşı həbsdə saxlanılır?
Azərbaycan tərəfi ölkə ərazisində həbsdə saxlanılan Ermənistan vətəndaşlarının dəqiq sayını açıqlamır.
Ermənistanın Ombudsman Aparatının məlumatına görə, ən azı 41 hərbçi və 4 mülki vətəndaş Azərbaycanda həbsdə saxlanılır. Bu haqda Human Rights Watch təşkilatının 2022-ci ildə dərc olunan hesabatında deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, 2021-ci ildə Azərbaycan yüz nəfərdən çox saxlanılan şəxsi Ermənistan tərəfinə təhvil verib.
Ermənistan hərbçilərinin kütləvi həbsi 2020-ci il noyabrın sonunda, ikinci Qarabağ müharibəsi sona çatandan yarım ay sonra baş verib. 62 Ermənistan hərbçisi Qarabağda Xocavənd rayonu ərazisində saxlanılıb.
Bir müddət sonra onlar Azərbaycanda müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.
Ekspert rəyi
“İkinci Qarabağ müharibəsinə son qoyan 2020-ci il 10 noyabr üçtərəfli Bəyannaməsi həmin ilin payızında hərbi əməliyyatlar getdiyi müddətdə əsir düşənlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsini nəzərdə tutur”, – azərbaycanlı hərbi ekspert Mahmud Babayev deyir.
Onun sözlərinə görə, Azərbaycanda hazırda saxlanılan Ermənistan hərbçilərin statusu Azərbaycan və Ermənistan hakimiyyətləri tərəfindən tam fərqli yozulur:
“Ermənistan bildirir ki, bu şəxslər üçtərəfli bəyannamənin şərtləri altına düşür. Hər dəfə “humanitar məsələlərin həlli” adı altında “hərbi əsirlərin” azad edilməsini tələb edirlər.
Azərbaycan qəti şəkildə məslənin bu cür qoyuluşu ilə razı deyil. Sözügecən bəyannamədə söhbət sənəd imzalanan ana qədər hər iki tərəfdə olan hərbi əsirlərdən gedir. Əgər 2020-ci il noyabrın 10-da atəşkəs elan olunubsa və müharibə faktiki olaraq bitibsə, yarım ay sonra həbs olunan Ermənistan vətəndaşlarını hərbi əsir adlandırmaq mümkün deyil.
Burada Rusiyanın – bu münaqişədə əsas vasitəçinin mövqeyi də az maraq kəsb etmir. RF XİN rəhbəri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla son görüşündə bu mövqeyi səsləndirdi. O vurğuladı ki, bu insanlar müharibə başa çatandan sonra saxlanılıblar və hərbi əsir sayıla bilməzlər.
Azərbaycan bir neçə dəfə saxlanılmış Ermənistan vətəndaşlarını minalanmış sahələrin xəritələri ilə dəyişib. Amma hər şey hüquqi əsaslandırma ilə həyata keçirilib. Dəyişdirilməzdən bir neçə gün əvvəl məhkəməbu məhbuslar haqda cəzanın həbsdə keçirdikləri müddətə qədər azaldılması haqda hökm çıxarıb.
Bu cür dəyişmələr artıq çoxdan baş vermir. Ermənistan tərəfinin təqdim etdiyi minalanmış sahələrin xəritələrinin ancaq 25 faiz həqiqəti əks etdirməsi bunda az rol oynamayıb. Bu haqda dəfələrlə rəsmi bəyan edilib.
Amma çox vaxt görüşlərin ərəfəsində Azərbaycanın xoş məram göstəricisi olaraq ən yüksək səviyyədə bir neçə Ermənistan vətəndaşı azad edilib. Avqustun sonuna qədər Moskva və Brüsseldə iki görüşün keçiriləcəyini nəzərə alsaq, bu prosesin davam edəcəyinə ümid etmək olar”, – ekspert deyib.