Yerevan metropoliteni təhlükəsizlik tədbirlərini gücləndirib
Sankt-Peterburqda baş vermiş terror aktından sonra Yerevanın metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib, nəzarət sərtləşdirilib.
Polis metro və yeraltı keçidlərdə şübhəli vətəndaşların çanta və rükzaklarını yoxlayır. Həmçinin video-müşahidə ilə nəzarət həyata keçirilir.
Yerevan metropoliteninin mətbuat xidmətində qeyd ediblər ki, “metro strateji obyektdir, biz sayıqlığı əldən verməməliyik”.
“Bu cür tədbirlər vətəndaşların təhlükəsizliyi üçün lazımdır”, – Yerevan metropoliteninin mətbuat xidmətinin əməkdaşı deyib və əlavə edib ki, eyni addımı bütün MDB ölkələrinin metropolitenləri də atıb.
Ermənistan sakinləri Sankt-Peterburqda baş verən, 14 nəfərin həyatına son qoyan faciəyə etinasız qalmayıb.
Aprelin 3-ü axşamdan etibarən insanlar Rusiyanın Ermənistandakı səfirliyi önünə gül aparır, Peterburq metrosunda baş vermiş partlayış qurbanlarının xatirəsinə şam yandırırlar.