“Yeqova Şahidləri” Rusiyada: “Onlar qanunsuz heş nə etməyiblər, amma yenə də təqib olunurlar”
Kavkazskiy uzel-in materialları əsasında
Rusiya Ali Məhkəməsi “Yeqova Şahidləri” təşkilatının ləğvi ilə bağlı qərardan verdikləri apellyasiya şikayətini rədd edib. İndən belə bu təşkilat Rusiyada ekstremist təşkilatı olaraq tanınır, fəaliyyəti də məhkəmə qərarı ilə qadağan edilib. Məhkəmə iclası iyulun 17-də baş tutub, “Kavkazskiy uzel” iclasın necə keçdiyi və Şahidlərin bundan sonra nəyə ümid etdiyi haqda xəbər verir.
Ali Məhkəmənin iclas zalında iki yüz yerin hamısı dolmuşdu – iclasa iyirmidən çox ölkədən inanclılar, çoxlu jurnalist gəlib, səfirlik nümayəndələri də iştirak edib. Vəkillər deyirlər ki, zala girmək istəyənlərin çoxu küçədə qalıb.
— Məhkəmə inanclılara qarşı dəlillərin saxtalaşdırıldığından xəbər verən əsasları həvəslə olmasa da, nəzərdən keçirib. Bununla belə ötən qərara analoji hökm çıxarıb. Demək olar ki, inanclılar yenidən siyasi təqibin qurbanları olduqlarını sübut etdilər, – “Yeqova Şahidləri”nin maraqlarını təmsil edən vəkil Anton Omelçenko “Kavkazskiy uzel”in müxbirinə bildirib.
— Onlar qanuna zidd heç nə eləməyiblər, amma yenə də təqib olunurlar, – o əlavə edib.
Digər vəkil Viktor Jenkov təşkilatın ləğvi ilə bağlı qərarı əsassız hesab edir.
— Hakimlər bizim sübutlarımızı dinlədilər, amma müdafiə Şahidlərinin, dinşünaslıq və linqvistika üzrə ekspertlərin dindirilməsini rədd etdilər. Nəticədə ilk instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla bağlı hökm çıxardılar.
“Yeqova Şahidləri”nin müdafiəçiləri məhkəmə qərarından şikayət vermək niyyətindədir.
— Hətta Rusiya daxilində də bu qərarın ləğv edilməsi üçün instansiyalar var. Məsələn, Ali Məhkəmə Presidiumu, – vəkil deyib.
Viktor Jenkov güman edir ki, qərardan Ali Məhkəmə Prezidiumuna şikayət vermək səmərəsizdir.
— Vəkillər bir qayda olaraq, bu instansiyaya ümid bağlamırlar. Axı bu instansiyaya şikayəti ancaq qərar qüvvəyə minəndən sonra yönləndirirlər.
Vəkil qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərmək planları haqda danışıb. Həm Ali Məhkəmə Prezidiumuna, həm də AİHM-ə şikayət vermək üçün vəkillərin üç ay vaxtı var.
— İndi Rusiya qanunvericiliyinin beynəlxalq hüquqa nisbətdə prioritet olduğu bəyan edilsə də, bununla belə, Rusiya bütün beynəlxalq öhdəliklərindən imtina etmir. Əgər AİHM “Yeqova Şahidləri”nin xeyrinə qərar çıxararsa, ehtimal var ki, bu qərar yerinə yetiriləcək, – Jenkov “Kavkazskiy uzel”ə bildirib.
“Yeqova Şahidləri” təşkilatının ləğvi haqda qərarı İnsan Haqları İnstitutunun eksperti, Rusiya Hüquq Müdafiə Kitabxanasının rəhbəri Lev Levinson “tamamən hüquqa zidd” adlandırıb.
“Bu qərarlar tamamən siyasi maraqlarla diktə olunub və heç bir məhkəməyə başucalığı gətirmir, hansı ki, tamamən idarə olunduğunu və beynəlxalq hüquq normalarını, Avropa Məhkəməsinin həm Rusiyada, həm də digər ölkələrdə “Yeqova Şahidləri” ilə bağlı yaranan hüquqi problemlərə dair çıxardığı qərarları heçə saydığını göstərdi. Düzdü, daha Rusiyada olduğu miqyasda deyil”, – Lev Levinson “Kavkazskiy uzel”in müxbirinə bildirib.
O, həmçinin Rusiyada anti-ekstremist qanunvericiliyinə dair dəyərləndirməsini də bölüşüb.
— Düşünürəm ki, Cinayət Məcəlləsində digər insanların hüquqlarını pozan, zorakılıq əməllərinə əl atan şəxsləri cəzalandırmaq üçün yetərincə imkanlar vardı. İndi isə ekstremizm daha geniş anlayışa çevrilib və “Yeqova Şahidləri” ilə bağlı misalda olduğu kimi seçmə olaraq hakimiyyətə sərf etməyən şəxslərə qarşı tətbiq edilir.
Levinson “ekstremizmlə bağlı yoxlamanın” məhz necə aparıldığı haqda danışıb.
— Məsələn, hər hansı təşkilat və cərəyanın ədəbiyyatı ekspertiza üçün götürülür. Bu ekspertizanı vicdansız cib ekspertləri həyata keçirilir. Onlar ekstremist məzmunlu sayılan mətnlər tapır və bu əsasda təşkilatın fəaliyyəti qadağan edilirş “Yeqova Şahidləri” misalından belə çıxır ki, inanclılar öz dini təlimlərinin istisna olduğunu və digərlərini qəbul etmədiklərini bəyan edirlər. Amma bütün “xilas dinlərinin” – xristianlığın, iudaizmin, islamın – mahiyyəti elə bundan ibarətdir. Onların hər biri öz inancını həqiqi sayır və digərlərinin mövqeyini həqiqət kimi qəbul etmir. Məgər onların hamısını ekstremist elan etmək lazımdır?
“Yeqova Şahidləri” təşkilatın öz məlumatına görə, dünyanın 240 ölkəsində qeydiyyatdan keçib və dini fəaliyyət göstərir. “Yeqova Şahidləri”nin dünyadakı ümumi sayı 8,3 milyon nəfərdir, onlardan 170 min nəfəri Rusiyada yaşayır.