Yenə də “Daş yuxular” haqqında
“Elə ki, Ədif bəy Əylisdəki erməniləri qırmaq əmri verir, bu çaqqal Abdulla qorxusuz-hürküsüz şirə dönür. Özünü salır məhləyə, balta götürüb cumur Minasın evinə. Minas həyətdə sakitcə oturub daş yonurmuş. Hiyləgər Abdulla əvvəl Minasın başını kəsir, sonra onun arvadına, yazıq tifillərinə də aman vermir. İndi, əzizim, ədalət naminə özün de, bu Qulu Minasın evində aydan-arı, sudan duru yaşaya bilərmi? Allah haqqı, yaşaya bilməz! Minasın əzablı ruhu heç vaxt ona dinclik verməz.
Bu, məşhur Azərbaycan yazıçısı Əkrəm Əylislinin “Daş yuxular kitabından olan bir parçadır və əslində bu parça ilə romanın məzmunu haqqında təsəvvür formalaşdırmaq olar. Yəni kitab azğınlaşmış azərbaycanlıların heç bir günahı olmayan ermənilərə 1919-cu ildən ta 1990-cı ilə qədər divan tutması haqda hekayələrlə doludur.
Roman 2012-ci ildə Rusiyanın “Дружба народов jurnalında dərc olunub. Azərbaycan cəmiyyətinin reaksiyasını təsəvvür etmək çətin deyil. Dövlət təbliğatını nəzərə almasaq belə, bir çox azərbaycanlının ermənilərlə qədim kilsələrə valeh olan müəllifdən xeyli fərqli ünsiyyət təcrübəsi vardı.
Siyasətçilər, ictimaiyyət və KİV özlərinin vətənpərvərlik və ədəbiyyat təsəvvürlərinə uyğun reaksiya verirdilər:
- Əylislinin kitablarının Bakı, Gəncə və Əylisdə nümayişkaranə şəkildə yandırılması;
- Prezident fərmanı ilə Əylislinin bütün mükafat və fəxri adlardan məhrum edilməsi (o xalq yazıçısı idi və prezident təqaüdü alırdı);
- Əylislinin xanımı və oğlunun işdən çıxarılması;
- ermənipərəst təbliğatın aparılmasında suçlama;
- “Müasir Müsavat partiyasının sədri (həm də Balıq Hafiz ləqəbi ilə tanınan və hər şey haqqında özünün tamamilə absurd replikaları ilə məşhur olan) Hafiz Hacıyev Əylislinin qulağını kəsməyə çağırdı, özü də həmin o qulağa görə partiya 10 min dollar pul mükafatı təyin etdi;
- Əylislinin əsərlərini məktəb proqramından çıxardılar.
Erməni mətbuatında Əylislini “nəhayət həqiqəti söyləyən yazıçı kimi dəstəklədilər. Rusiya və Qərb KİV-də onu dərhal cəfakeş elan etdilər.
“Nə susmağı, nə də səsini alçaltmağı bacarmayan yazıçı neyləməlidir? Elə nifrətə qarşı çıxan Əkrəm Əylisli kimi etməlidir, – Lev Annenski öz resenziyasında yazdı.
Xülasə, Əylisli ideal şəkildə təqiblərə məruz qalan vicdanlı yazıçı obrazını yaratdı və bu obraz həm “Daş yuxularin bədii nöqsanlarını, həm süjetdəki boşluqları, həm də ideyanın özünün açıq-aşkar birtərəfliyini uğurla ört-basdır etdi.
Sonra bu qalmaqal uzun müddətə unuduldu, amma martın 30-da Venesiyadakı kitab festivalına yola düşən Əylislini Bakı hava limanında saxlayaraq, ölkədən çıxışına qadağa qoyulması haqqında məlumat verildi. Hər halda yazıçının xanımı jurnalistlərə belə söylədi.
Sonra ikinci versiya da yarandı: “Mənə izahatı göstərdilər. Aeroportun növbə rəisi izahatında göstərib ki, mən onu vurmuşam, yumruğun yeri qaralıb və bununla bağlı ekspertizanın rəyi də var, – Əkrəm Əylisli dedi. Xatırladaq ki, yazıçı 78 yaşındadır.
AR-nın Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Əylisliyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221-ci (“xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Sosial şəbəkələrdə daha təmkinli reaksiyalar yer aldı.
“Əylisliyə “Nobeldən başqa həm də sağdan qısa huk hərəkətinə görə WBA boksçu kəməri də veriləcək
“Mən Əylislini onun “Tənha narın nağılı və “Mənim nəğməkar bibim əsərlərinə görə tanıyıram, zəif və qeyri-adekvat “Daş yuxularına görə deyil
“Əylisli hesab edir ki, bütün ermənilər aydan arı, sudan duru, bizsə hamımız pisik. Bizimkilər də bizi aydan arı, sudan duru, ermənilərin hamısını isə pis hesab edirlər. Yəni bu, səfehliyin iki növüdür. Onların necə kəllə-kəlləyə gəldiyini müşahidə etmək gülməli olardı, amma daha böyük səfehlik Əylislini məhv edə bilər, bu da şərəfsiz və alçaq hərəkətdir, onun nə yazmasından asılı olmayaraq
Hakimiyyətyönlü media Əylislinin həmin o “Daş yuxuların müəllifi olduğunu xatırlatdı. Haqqin.az hətta müəllifin demə Bakıda 1990-cı ildə törədilməyən erməni qırğını barədə yalan uydurduğuna da eyham vurdu.
Müxalif yönlü müstəqil media əksinə, romanın adını çəkməsə də yazıçının təqib olunması və kitablarının yandırılması faktlarını xatırlatdı.
Əylisli bir neçə saat ərzində hava limanında saxlanıldıqdan sonra sərbəst buraxıldı.
“Sovet dövründə və ondan sonrakı dövrdə neçə-neçə beynəlxalq tədbirdə Azərbaycanı ləyaqətlə təmsil etmişəm. İndi bu missiyadan nəyə görə məhrum edilməliyəm? Buna heç bir səbəb tapa bilmirəm. Əgər bu olanlar “Daş yuxularla bağlıdırsa, o əsər artıq siyasi kontekstdən çıxıb, ədəbi taleyini yaşayır, – deyə yazıçı bildirib.
Dərc edilib: 01.04.2016