Gürcüstanda Pasxa ənənələri
Gürcüstanda Pasxa ənənələri
Tanrının zühuru – Gürcüstanda ən anlamlı dini bayramdır. Hətta çox da dindar olmayan ailələrdə də oturuşmuş müəyyən Pasxa ənənələri gözlənilməklə qeyd olunur.
Ağır və nəm. Əls pasxa kuliçi belə olmalıdır
Bayrama bir həftə qalmış sosial şəbəkələrin gürcü seqmentində “Yaxşı kuliçi haradan almaq olar” adlı ajiotaj başlayır (adətən bu cümlə bir yox, bir neçə sual işarəsi ilə yazılır).
Ciddi və çox mürəkkəb bir kastinq başlayır – bu o qədər də nəm deyil, bu ağır deyil, bu ətirli deyil, dördüncüdə kişmiş cüt (və ya tək) saydadır…
Ümidləri doğrultmayıb, yaxşı kuliç bişirməyən çörəkxananın halı xarabdır. İstəyir bundan sonra işçilər il boyu başı üstündə gəzsinlər, artıq reputasiyalarını xilas edə bilməyəcəklər. “İlin ən yaxşı kuliçi” nominasiyasında qələbə çörəkxana üçün özünəməxsus “Oskar”dır.
- Gürcüstanda Pasxa: Patriarx deyib ki, “hətta pandemiya dövründə də həyat və ölüm Tanrının iradəsindədir”
- Taxt oyunu. Gürcüstan kilsəsində nə baş verir?
- Azərbaycandakı gürcülər: özünəməxsusluq və yadlıq arasında
Yenə də, “yaxşı kuliç” deyəndə nə nəzərdə tutulur və gözəyarı yaxşını pisdən necə ayırmaq olar? Kuliç bulka kimi yumşaq və havalıdırsa, tez üzrxahlıq edib, mağazanı tərk edin. Gürcüstanda uşaqlar belə bilir ki, əsl Pasxa kuliçi ağır, nəmtəhər, sarı-narıncı rəngdə olmalıdır, kuliç heç bir halda ağ ola bilməz! Amma xarici parametrlər hələ işin yarısıdır. Kuliç qədərində yağlı, şirin olmalıdır və ən əsası da o, xüsusi bir ətir saçmalıdır!
Yaxşı kuliçdən cövüz, mixək, zəfəran, darçın və başqa ədviyyatların xoş ətri gəlməlidir. Hər şey çörəkçinin ustalığından asılıdır. Bəs bu qədər ajiotaj, isterika nəyə lazımdır – deyə xəbər ala bilərsiz. Məgər kuliçi evdə hazırlamaq mümkün deyil? Əlbəttə, mümkündür. Həm də evdə hazırlanan kuliçdən yaxşısını tapmaq mümkün deyil.
Amma bu zaman nəzərə almaq lazımdır ki, yaxşı kuliçi hazırlamaq üçün bir neçə gün, çoxlu əmək, ustalıq…. və hövsələ tələb olunur. Əgər bütün bunlar varsa, işə başlamaq olar. Kuliçin mağazadan alınmasının xeyrinə olan daha bir arqument büdcədir. Onu almaq, bişirməkdən daha ucuz başa gəlir.
Pambıq üzərində bitən ot
Gürcüstanda Pasxa bayramı süfrəsində mütləq atribut təzə həyat və yeniliyin simvolu olan bitən otdur.
Kuliçdən fərqli olaraq, onu hazırlamaq çox asandır. Sadəcə bitmək vaxtını hesablamaq lazımdır ki, Pasxa bayramına qədər artıq cücərtilər görünsün. Bunun üçün adətən toxumları iki həftə əvvəl, bazar günü səpirlər. İstənilən qabdan istifadə etmək olar. Adətən adi boşqab götürülür, üzərinə 4-5 santimetr qalınlığında isti suda isladılmış pambıq qoyulur, onun da üzərinə toxum səpilir. Bu boşqab işıqlı və isti yerdə durmalıdır, pambıq isə həmişə nəm olmalıdır. Vəssalam.
Təxminən bir həftə sonra yaşıl otunuz çıxacaq, bu otun da arasına sonra Pasxa yumurtalarını qoyub, bu gözəlliklə süfrəni bəzəyirlər.
Gürcüsayağı Pasxa yumurtaları
Pasxa yumurtaları adətən cümə günü (İsanın çarmıxa çəkildiyi gün) boyanır. Gürcüstanda, adətən, onları bitki kökləri ilə rəngləyirlər, yerli dildə ona “endro” deyirlər. Bayram ərəfəsində endro hər addım başı satılır. Köklər yaxşı-yaxşı yuyulur, xırda doğranır. (Yeri gəlmişkən, üyüdülmüş endro da almaq olar, amma bəzi xanımlar niyəsə ona etibar etmir).
Üstünə su əlavə edirlər. Soğan qabığı, duz tökülür və 20 dəqiqə ərzində bişirilir. Bundan sonra da su otaq temperaturuna qədər soyudulur və yalnız bundan sonra həmin suyun içinə yumurta qoyulur.
Yumurtanın sayını çox etmək lazım deyil ki, bişdiyi vaxt sınmasın. Yumurta “rəngli suda” 20-25 dəqiqə bişməlidir, yumurtaları səliqəylə çıxarmaq, bir az soyuyana qədər gözləmək, sonra da gələcəkdə daha asan soyulması üçün soyuq suyun altında saxlamaq lazımdır.
Həm də yumurtanı istənilən qazanda bişirmək məsləhət deyil, çünki qazan rənglənəcək. Təcrübəli evdar xanımların pasxa yumurtaları üçün ayrıca qazanı olur, o da ildə bir dəfə ortalığa çıxarılır.
Yaşlı nəslin nümayəndələri xatırlayırlar ki, sovet vaxtlarında müəllimlər Pasxa günlərində şagirdlərin əllərini yoxlayırdılar, əllərində rəngin izləri görünənlərin də vay halına – bu o deməkiydi ki, evdə yumurta boyayıblar.
Əsas ənənə qəbir üstünə getməkdir
İsa Məsihin zühuru bayramının səhəri – bazar ertəsi günü Gürcüstan sakinləri yaxınlarının məzarı üstünə gedir, mütləq də buraya qırmızı yumurta qoymaq lazımdır. Onlar özləriylə qəbir üstünə mütləq kuliç, yumurta və çaxır götürürlər. Buradaca ənənəvi gürcü yeməkləri ilə süfrə açıb, qonaq çağıranlar da olur.
Pasxa gecəsi dindarlar bayram ibadətindən qayıdanda metropoliten pulsuz işləyəcək. Növbəti gün bələdiyyə nəqliyyatı ilə qəbiristanlığa gediş də pulsuz olacaq.
“Tbilisi boşdur”
Pasxa günlərində Tbilisi yollarında tıxaclar olmur, insanlar da rahatca küçələrdə gəzişə bilir. Bu, adi haldır, çünki yaxınların və qohumların məzarları şəhərdən kənarda, regionlarda olur, buna görə də həmin günlərdə insanlar Tbilisini tərk edir.
Bu səbəbdən də hər Pasxa bayramında “Facebook” “hamıdan ağıll” birisi sevincək bir status yazacaq ki, “nəhayət kənd camaatı Tbilisidən gedib və bir neçə günlük Tbilisidə ancaq əsl tbilisilər qalıb”. Bu mövzuda zarafatlar Pasxa günlərində artıq kuliç və bouanmış yumurta kimi əsl ənənəyə çevrilib.