Yaz - kişilərin qazanc dalınca getdiyi fəsil
Səfər – borcla olsa da
Ermənistanın şimal hissəsindəki kəndlərdə kişilərin qazanc dalınca getdiyi fəsil başlayır. Kişilərin demək olar ki, 90 faizi dolanışıq ucbatından 7-8 aylıq Rusiyaya gedir, ailə qayğılarını qadınların üzərinə qoyurlar.
“Dörd gündən sonra Çitaya, Krasnoyarska gedirəm. Hətta bilet üçün pul da yoxdur, borc alıb, gedəcəm, qazanıb, göndərərəm, bizimkilər qaytarar. Avtobusla gedəcəm, təyyarəyə pul xərcləməyəcəm. Noyabrın sonunda qayıdacam”, – artıq 16 ildir qazanc üçün Rusiyaya gedən Mqer Qriqoryan deyir.
44 yaşlı Mqer Yerevandan 100 km məsafədə – Lori vilayətinin Qexasar kındində yaşayır. O deyir ki, tək getmir, kəndin digər sakinləri ilə birlikdə gedirlər. Kişilərin böyük qismi getməli olur – ailəni dolandırmaq lazımdır:
“Mən Qarabağ müharibəsi iştirakçısıyam. 1994-cü ildə başımdan yaralanmışam, üçüncü qrup əliləm, uzun müddət günəşin altında qala bilmirəm, amma yenə də hər il qazanc dalınca gedirəm. Çox istəyərdim ki, ailəmin yanında olum, amma iş yoxdur. Mən Yerevanda günü 5 min drama (təxminən 10 dollar) tikintidə işləyirdim, amma bu yetərli deyil”.
Qexasarın 932 nəfər sakini var. Burada əsasən əkinlə məşğul olurlar. Amma texnikanın köhnə olması və ümumiyyətlə olmaması zamanla çoxlarını torpaq becərməkdən imtina etməyə məcbur edib.
37 yaşlı Andranik Torosyan artıq 17 ildir ki, ölkədən qazanc dalınca çıxır. Təəssüflə bildiri ki, bu illər ərzində iki oğlunun necə böyüdüyünü görə bilməyib – onların ilk addımlarını, ilk sözlərini ötürüb.
“Mən heç fərqinə varmadım uşaqarın nə zaman mənim boyuma çatdığını. Onlar özləri də yəqin ki, atalı olmağın nə demək olduğunu anlamadılar. Beş ay evdə, yeddi ay kənarda. İstəyirdim kredit götürüm, kiçik ferma yaradım, amma pul vermədilər. Dedilər ki, kredit tarixçən yoxdur. Mən isə öz işimi açmaq istəyirdim ki, getməyə ehtiyac qalmasın. İndi yenə də getməli olacam. Rusiyada da hər şey dəyişib. İndi orada taciklər çoxalıb, iş ucuzlaşıb və bizə az pul verirlər. Orta hesabla ayda 40-50 min rubl. Bizə təmiz 35 min qalır. Amma aylarla ödəmədikləri də olur”, – Andranik deyir.
Qexasarın mərkəzindəki mağaza yerli sakinlərin yaşayış səviyyəsini hər şeydən daha yaxşı əks etdirir. Satıcı Seyran Petrosyan deyir ki, saatlarla heç kim gəlməyə bilər, gələnlər də ərzaqı nisyə alır. Bir neçə nisyə dəftəri göstərir. Artıq borcunu ödəyib qurtaranların adının üstündən yaşıl qələmlə xətt çəkir.dır.
“Əsasən pensiya və müavinət aldıqları günlərdə ödəyirlər. Elə vaxt olur ki, kişilər qayıdana qədər ödəmirlər. Bəziləri isə ümumiyyətlə əliboş qayıdır. Daha bəlli olmur ki, nə vaxt ödəyə billəcəklər. Belə hallarda qışa zor-güc odun və un alırlar, vəssalam.
Sovet dövründə də insanlar gedirdilər, amma indiki kimi belə kütləvi yyox. İnsanlar qonşu şəhərlərdə – Vanadzorda və Spitakda işləyirdilər, indi isə gedəcək yerləri yoxdur”, – Seyran deyir.
Qexasarın tibb bacısı Dustrik Qriqoryan danışır ki, uşaqlar hətta ataları üçün darıxmaqdan da xəstələnirlər, qızdırmaları qalxır:
“Aylarla atalarını görmürlər, bu, onlar üçün sarsıntıdır. Deyirlər ki, “atam gedib, mən darıxıram”. Qadınlar isə qayğı yükü altında boğulurlar. Biçin vaxtı bizə gəlsəz və gəlinlərimizi görsəz, dəhşətə gələrsiz. Onlar kişiyə çevrilirlər”.
Qexsar qadınlarının özləri etiraf edirlər ki, hər bahar kişilər gedəndə kədərlənirlər. Amma eyni zamanda anlayırlar ki, başqa cür dolana bilməzlər. ərləri və oğlanları ilə müasir rabitə vasitələri ilə əlaqə saxlamaq imkanına sevinməkdən başqa çarələri qalmır.
“Yaxşı ki, vayber, skayp var – heç olmasa ailə ilə əlaqə saxlamaq olur. Bu kəndin qadınları qəhrəmandır. Ot biçirlər, kartof yığırlar, odun doğrayırlar. Elə sahələr var ki, ot biçmək üçün traktorlar ora gedib çıxa bilmir. Qadınlar bu işin öhdəsindən ağır dəryazlarla gəlməli olurlar. Bunlar qadın işi deyil, minlərlə xəstəliklər də elə bundandır”, – 62 yaşlı Aykuş Ohanesyan danışır.
O, artıq 43 ildir ki, kənd məktəbində rus dili dərsi deyir. Onun sözlərinə görə, Qexar oğlanları məktəbdən dərhal sonra orduya gedir, ordudan sonra isə qazanc dalınca. Ağır iş üzündən onlar da müxtəlif xəstəliklərlə qayıdırlar:
“Budur, yenə köç vaxtı gəlib. Ərim artıq gedib, yaxın iki gündə oğlumu da yola salacağıq. Mənim və gəlinin maaşı heç nəyə çatmır. O da məktəbdə işləyir. kişilər gedirlər və bütün qayğılar bizim üzərimizdə qalır. Yayda nə cürsə öhdəsindən gəlirik, qışa tədarük görürük, ehtiyat hazırlayırıq – kişilər qayıdana qədər”.
Qonşu kənddə
Qexasar yaxınlığında Şirakamut kəndi yerləşir, oradan da kişilər kütləvi şəkildə qazanc dalınca gedirlər. Kənd nümayəndəsi Aşot Yeranosyan deyir ki, son zamanlar Şirakamutun 1800 sakinindən 300 nəfəri daimi yaşayış üçün Rusiyaya köçüb.
“Burada torpaq insanları doyuzdurmur. Məsələ burasındadır ki, regionun başqa kəndləri ilə müayisədə Şirakamutda torpaq azdır. Burada heyvandarlıqla məşğul olmaq da sərf eləmir, çünki örüş yerləri də azdır və uzaqda – yüksəkliklərdə yerləşir. Buna görə də çoxları qazanc dalınca burdan getməyə, ya da həmişəlik köçməyə məcbur olur”, – o danışır.
Sovet illərində burada 250 nəfərin şalışdığı tikiş fabriki fəaliyyət göstərib. Bu gün həmin fabrikdə cəmi 17 nəfərə yaxın adam işlə təmin olunub. Vaxtilə 230 nəfərin çalışdığı lift üçün ehtiyat hissələri hazırlayan zavod isə hazırda ümumiyyətlə işləmir.
Şirakamut kitabxanaçısı Tereza Qambaryan deyir ki, bu günlərdə ərini və oğlunu Samaraya yola salıb. Onlar tikintidə işləməyə gediblər.
“Kənd Yeni ildə canlanır – bu vaxt kişilər gəlir. Bütün kənd xaricdə qazanılan pullar hesabına dolanır. Amma bu həyat deyil. Bəzən elə olur ki, əliboş qayıdırlar – insanların pulunu ödəmirlər, əməkhaqlarını gecikdirirlər, ya da vəd etdiklərinin hamısını vermirlər”, – Tereza danışır.
Şirakamut kənd nümayəndəsi Aşot Yeranosyan deyir ki, keçmişdə çiçəklənən kənd zəlzələ zamanı dağılıb və ondan sonra heç özünə gələ bilməyib.
Episentr
Şirakamut və Qexasar 1988-ci il dağıdıcı zəlzələsinin episentrində yerləşir. Zəlzələ hər iki kəndi yerlə bir eləyib. Qexasarda 150, Şirakamutda isə 300 nəfər həlak olub.
İllər ötdükcə kəndlər nisbətən bərpa olunublar, amma hələ də müvəqqəti yaşayış yerlərində qalırlar. Qexasarda 30 ailə, Şirakamutda isə 40 ailə vaqon evlərdə yaşayır.
Son ümid
Kənd sakinləri ümid edirlər ki, Ermənistanın yeni hakimiyyəti, nəhayət, onların problemlərinə əncam çəkəcək. Burada daima hökumətdə nələrin müzakirə olunduğunu izləyirlər.
“Baş nazir yaxşı danışır: öz ölkənizdə qalın, işləyin. Amma onda lazımdır ki, heç olmasa günə 10 min (təxminən 20 dollar) ödəsinlər! Belə yaşamaq mümkün deyil. Amma mən inanıram ki, yenilər hər halda ölkədəki vəziyyəti dəyişə biləcək”, – Mqer Qriqoryan deyir.
Andranik Torosyan yenə də ona kreditin verilmədiyini xatırladıb:
“Baş nazir bizin özümüzü iş yerləri yaratmağa, yeni nələrsə düşünməyə çağırır. Bax, mən ferma açmaq istəyirəm. Bəs o zaman niyə mənə kredit vermirlər? İndi mən getməli olacam. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq. Hələ ki, nəticə çıxarmaq üçün tezdir, yeni hakimiyyəti dəyərləndirmək üçün bir il kifayət deyil”.
Kənd sakinləri öz həyatlarından narazıdırlar, amma özləri özlərinə təsəlli verirlər.
“Biz əvvəl də şikayətlənirdik, amma heç kim bizi eşitmirdi. İndi başqa cürdür. Biz inanırıq. Niyə inanmayaq ki? Əlbəttə, bir ilə heç nə dəyişə bilməzdi. 30 il ölkəni soyub, dağıdıblar. Məgər tez dəyişiklikləri gözləmək mümkündür? Ümid var. Bax, biz pedaqoqlara söz veriblər ki, artıq sentyabrdan əməkhaqlarımız qalxacaq”, – Aykuş Ohanesyan deyir.