Yaxın Şərq regional müharibənin bir addımlığındadır? Bakıdan baxış
Yaxış Şərqdə gərginlik
“İsmail Haniyə sui-qəsdindən sonra Yaxın Şərq regional müharibənin bir addımlığındadır”. Azərbaycanın “Şərqə baxış” siyasi təhlil mərkəzinin analitikləri belə hesab edirlər. Onlar qeyd edirlər ki, ötən müddət ərzində İran cavab addımına hazırlaşdığını bildirir, İsrail isə mümkün böyük bir hücuma qarşı İranı ölkənin strateji obyektlərinə zərbələr endirməklə təhdid edir. Amma “İsrailin təhriklərinə baxmayaraq, ABŞ İraqda buraxdığı səhvi İranda təkrarlamaq” və “idarə edə bilməyəcəyi nəticəni yaradacaq ssenariyə” qol qoymaq niyyətində deyil.
“Aprel ayında yaranmış analoji vəziyyətdə ABŞ araya girərək, gərginliyin kontrollu şəkildə azaldılmasına nail olmuşdu. ABŞ bu dəfə də İranı İsrailə qarşı cavab addımında ölçülü davranmağa məcbur etməyə çalışır”, – deyə analitiklər bildirirlər.
- Zamirə Hacıyevanın mülklərinin satışından əldə olunan vəsaitin böyük hissəsi Azərbaycana qaytarılacaq
- Azərbaycanda gənc politoloq dövlətə xəyanətdə ittiham olunur
- Putinin susqunluğu. Nə üçün Ukrayna ordusunun Rusiyanın dərinliklərinə doğru irəlilədiyi bir vaxtda o, Qafqazı gəzir?
“Ümumilikdə son proseslər bunu bir daha təsdiq edir ki, Yaxın Şərqdə iplər hələ də ABŞ-ın əlindədir. Amerikan aviadaşıyıcılarının Yaxın Şərqin sularına daxil olması kifayət edir ki, bölgənin dinamikası dəyişsin. Bir sözlə, ABŞ-ın regiondakı hərbi imkanları son illərdə nə qədər azalsa da, dənizlərdəki hegemoniyası Yaxın Şərqin hələ də amerikan nüfuz dairəsi kimi qalmasına bəs edir. ABŞ isə Yaxın Şərqdə yeni böyük müharibə yerinə, İsrail-İran gərginliyinin yenə də kontrollu səngidilməsində maraqlıdır.
Məlumdur ki, İsrail və yəhudi lobbisi İran məsələsinin birdəfəlik həlli üçün uzun müddətdir ABŞ hökumətinə təzyiq göstərir. İsrailin arqumenti budur ki, bölgədəki stabilliyi təhdid edən proksi qrupların himayədarı İrandakı molla rejimidir, ona görə də nüvə silahı əldə etmədən “ilanın başı əzilməlidir” ki, regiondakı gərgin vəziyyət sakitləşsin”.
Amma İrandakı rejimin dəyişməsi nə deməkdir və bu necə olacaq? Regional müharibə İranda rejim dəyişikliyi yarada bilərmi?
“Deyək ki, Tehran nüvə silahı əldə etmədən ABŞ hərbi müdaxiləyə qərar verdi, İranın strateji enerji və hərbi obyektlərini bombaladı, dini rejim zəiflədi və rejim dəyişikliyi baş verdi (ki, quru qoşunlar vasitəsilə işğal baş vermədikcə, bu ehtimal da çox azdır). Bəs Tehranda hakimiyyətə kimlər gələcək?
50 ilə yaxın vaxt ərzində Qərb İrandakı dini rejimə alternativ bir siyasi qüvvə yaratmayıb, yarada bilməyib və ya yaratmaq istəməyib.
Ara-sıra 1979-cu ildə xalq tərəfindən devrilmiş Şahın oğlu Rza Pəhləvi gündəmə gətirilir ki, molla rejimi devrildikdən sonra Pəhləvilər İrana geri qayıdacaq. Ancaq xalq tərəfindən qovulmuş Pəhləvilər İranda yenidən qəbul ediləcəkmi və onlar strateji obyektləri bombalanmış İranda stabillik yarada biləcəkmi?!
Nəzərə alsaq ki, İranda bir neçə separatçı hərəkat fəaliyyət göstərir, o zaman mərkəzi hakimiyyətin zəifliyi 90 milyon əhalisi olan ölkədə onillər boyu davam edəcək böhran və qarışıqlığa gətirib çıxara bilər. İranda alovlanacaq kürd, ərəb və bəluc separatçılığı ətraf ölkələrin də stabilliyini pozacaq. Milyonlarla yeni qaçqın və qlobal enerji qiymətlərində kəskin artış da ortaya çıxacaq nəticələr arasındadır”.
İndiki məqamda ABŞ və Qərbə parçalanaraq Yaxın Şərqi və ətraf ölkələri xaosa çevirəcək bir İran lazımdırmı?!
“Rasional prizmadan baxsaq, heç bir dövlət idarə edə bilməyəcəyi nəticəni ortaya çıxacaq vəziyyəti idarə edə bilməyəcəyi bir ssenariyə getməz. Məsələn, 2022-ci ilin fevralında Rusiya Kiyevə girərkən şübhəsiz ki, Zelenskinin devrilməsindən sonrakı prosesə, yəni hakimiyyətə kimlərin gətiriləcəyinə hazırlaşmışdı.
“Əsas odur bu addımı ataq, sonrasına baxarıq” düşüncəsi sadəcə olaraq xaosa zəmin hazırlamaqdır. Necə ki, Buş hökuməti 2003-cü ildə Səddamı devirərkən, İraq üçün keçid ssenarisi hazırlamamışdı. İddiaya görə, Buş hökuməti düşünürmüş ki, əsas odur Səddam devrilsin, sonra xalq küçəyə çıxar, sürgündəki qərbpərəst İraq müxalifətini Bağdada qaytarmaqla keçid hökuməti qurular, problem həll olunar. Bəlkə də bir çoxlarının düşündüyü kimi həqiqətən də Buş hökumətinin əsas məqsədi Yaxın Şərqə və İslam dünyasına xaos salmaq idi… Hər halda bu, başqa müzakirənin mövzusudur.
Həmin dövrdə israillilər Səddamın devrilməsi üçün də xüsusi canfəşanlıq göstərir, İraq liderini regionun baş problemi kimi təqdim edərək, Bağdadda hökumət dəyişikliyinin bölgədəki vəziyyəti stabilləşdirəcəyini iddia edirdilər. ABŞ hərbi müdaxilə edərək Səddamı devirdi, Bağdadın İran nəzarətinə keçməsi isə çox çəkmədi. İraq örnəyində olduğu kimi, İrana hərbi müdaxilə Yaxın Şərqdə İsrail üçün daha böyük problemlərin ortaya çıxmasına səbəb ola bilər.
2000-ci illərdə bu tipli “təcrübə”lər mümkün idi. ABŞ öz iqtisadi və siyasi gücünün zirvəsində idi və təkqütblü dünya sistemi yaşanırdı. İndi isə Uzaq Şərqdən Çin yüksəlir. Avropada Rusiya, Asiyada isə Çin təhdidinin artdığı bir vaxtda ABŞ-ın Yaxın Şərqdə yenidən eksperiment etməsi, burada böyük resurs və vaxt itirməsi ağlabatan deyil. Ciddi siyasi-ictimai qütbləşmə yaşayan ABŞ cəmiyyətini də Yaxın Şərqdə yeni bir böyük müharibəyə “hazırlamaq”, onminlərlə amerikan hərbçisini İranın işğalına səfərbər etmək variantları da real görünmür.
Uzun sözün qısası, İsrailin təzyiqlərinə baxmayaraq ABŞ rəhbərliyi “Tehranda sonrası necə olacaq” sualına cavab tapmadıqca, İran məsələsində İraqda etdiyi səhvləri təkrarlamaq istəmir. Hətta, İsrailə maksimum dəstək göstərən və İrana qarşı olduqca sərt mövqe sərgiləyən Tramp hakimiyyətə gəlsə belə, Pentaqonun İranla regional müharibəyə getməsi inandırıcı deyil. Ümumiyyətlə, İran məsələsini regional müharibə ilə həll etmək mümkün görünmür”.