Yarım ayda “İşçi Masası”nın 3 üzvü həbs edilib, dördüncü risk altında oduğunu deyir
“İşçi Masası” fəallarının təqib olunması
Avqustun əvvəlindən Azərbaycanda eyni həmkarlar ittifaqı təşkilatının üç nümayəndəsi həbs edilib, dördüncü polis təqibi barədə məlumat verib.
“İşçilər Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov hakimiyyət nümayəndəsinin tələbinə tabe olmamaqda təqsirli bilinərək 500 manat məbləğində cərimə olunub, həmçinin xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs edilib.
Konfederasiyanın iki üzvü – Elvin Mustafayev və Ayxan İsrafilov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi başlanıb, hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Fəalların üçü də onlara qarşı irəli sürülən ittihamları rədd edib. Onlar fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.
- Mərhum jurnalist Elmar Hüseynovun ailəsi Azərbaycana hökumət xəttilə gəlib
- Beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Qubad İbadoğlunu azad etməyə çağırıb
- Türkiyənin Azərbaycana təhvil verdiyi alim Qubad İbadoğlu işi çərçivəsində həbs edilib
Avqustun 12-dən 13-nə keçən gecə “İşçi Masası”nın digər üzvü Orxan Zeynalov polis tərəfindən təqib olunduğunu açıqlayıb. Onun sözlərinə görə, barəsində bank kreditinin qaytarılmaması ilə bağlı iş açılıb.
Zeynalov videomüraciətində qeyd edib ki, bu, uzun illər əvvəlin məsələsidir, bankın da ona qarşı heç bir iddiası olmayıb, amma hüquq-mühafizə orqanlarının əməkdaşları “birdən-birə bunu xatırladaraq”, gəncin buna görə həbs edilə biləcəyini bildiriblər.
O, həmçinin qeyd edib ki, digər fəallar kimi onun da üzərinə narkotik maddə atacaqlarından və şərlənərək həbs olunacağından qorxduğu üçün qaçıb polisdən gizlənməyə məcbur olub.
“İşçi Masası”nın hər üç nümayəndəsi – Elvin Mustafayev, Ayxan İsrafilov və Orxan Zeynalov “Wolt Azerbaijan”da kuryer işləyirblər.
Fəalların təqibi sifarişçilərə yemək daşıyan kuryerlərin avqustun 1-də keçirdiyi etiraz aksiyasından sonra başlayıb. Aksiya iştirakçıları yol hərəkəti qaydalarına edilən yeniliklərlə bağlı mopedlərinin əllərindən alınmasına etiraz ediblər.
Polis mopedlərinin mühərriklərinin həcminin 50 kubsantimetrə qədər olduğunu əsas gətirərək, kuryerlərdən A kateqoriyalı sürücülük vəsiqəsi tələb edir. Bu, 2022-ci ilin dekabrn 16-da qanunvericviliyə yeni dəyişiklik qüvvəyə mindikdən sonra baş verib, o zaman Milli Məclis “Yol hərəkəti” haqqında Qanuna dəyişiklik edib.
“Bu uşaqlar qırmızı xətti küçiblər”
Siyasətçi Azər Qasımlı hesab edir ki, bu gənclər hakimiyyətin qırmızı xəttini keçdikləri üçün həbs olunurlar. Onun sözlərinə görə, gənc fəallar hakimiyyətin təlqin etdiyi oyun qaydası ilə oynamaq istəməyiblər:
“Bu günə qədər həmkarlar ittifaqı tipli təşkilatların yaradıldığını xatırlamıram. 90-cı illərdə buna cəhd var idi, ancaq 2000-ci ilin əvvəlindən başlayaraq, belə cəhdlər olmayıb. Belə cəhdlərin olması və məsələyə peşəkar yanaşma məni çox sevindirir. Azərbaycan hökumətinin ölkəni Türkmənistana və ya Şimali Koreyaya çevirmək istəyinin olmasına baxmayaraq, Azərbaycan cəmiyyəti göstərir ki, hələ də resurslar var və intellektual potensial tam tükənməyib.
Hakimiyyətin siyasətçilər, media, ictimai fəallar, təşkilatlar və sivil toplum üçün müəyyən qırmızı xəttləri var. O xəttə qədər fəaliyyət göstərməyə imkan verirlər. Bu uşaqlar o qırmızı xətti keçiblər. Təşkilatlanmaq, cəmiyyətdə fərqli təbəqələrlə işləmək qərarı veriblər. Cəmiyyətin sosial baxımdan aşağı təbəqəsilə işləmək, onların hüquqlarını müdafiə etmək, onları təmsil etmək, hakimiyyətin yaratdığı “həmkarlar ittifaqı”na alternativ olmaq istəyiblər və bununla da hökumətin qırmızı xəttini keçiblər”, – deyə o “Abzas Media”ya bildirib.
“Volt Azərbaycan”ın fəaliyyəti dayandırılıb
Həbs və təqiblərin fonunda avqustun 14-də Qida Təhlükəsizlik Agentliyi “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Agentlik bunu şirkətin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsilə əlaqələndirib.
“Qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub”, – deyə AQTA-nın açıqlamasında qeyd olunub.
“Ola bilər ki, hansısa yeni şirkətin yoluna xalça döşəyirlər”
İqtisadçı ekspert Elçin Rəşid güman edir ki, AQTA-nın bu davranışı hansısa özəl şirkətlərə qarşı şantaj xarakteri daşıyır və insanları işsiz qoyacaq. Onun sözlərinə görə, AQTA açıqlamada yazdıqlarından çox naşı olduğunu göstərir:
“Yazıblar ki, isti və soyuq zəncirin qaydaları pozulub. Wolt daşıma şirkətidir, qida hazırlama şirkəti deyil. Daşımanı da xüsusi qutularda edir. Burda tərəflər razıdırsa, AQTA-nın bura müdaxilə etmək hüququ yoxdur, çünki qida təhlükəsizliyi problemi yaratmır.
Bu yaxınlarda biz sərnişindaşıma sektoru ilə bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin iqtisadi baxımdan savadsız çıxışını gördük. Sonradan məlum oldu ki, bazara yeni şirkət gəlir və digər şirkətlərdə kartel (Kartel sövdələşməsi – eyni sahədə fəaliyyət göstərən müəssisələrin inhisarlaşdırılması. Cinayət məsuliyyəti yaradır) qaydasında qiymətləri qaldırdılar. Göründü ki, bazara yeni şirkət gəlir və onun yoluna qırmızı xalça sərirlər.
Burada da gözləmək olar ki, onlar hansısa yeni izdivacın yoluna xalça döşəyirlər”, – ekspert “Abzas Media”ya deyib.
Ekspert deyir ki, şirkətin fəaliyyətinin dayandırılması istehlakçıları da faydadan məhrum edəcək:
“Necə ki, rəqəmsal inkişaf və rabitə nazirinin o vaxtkı açıqlaması ölkə iqtisadiyyatının əleyhinə idi, AQTA-nın da bu açıqlaması ölkə iqtisadiyyatının əleyhinədir. Burada da hansısa başqa məqsədlər gözləmək olar. Şirkətin içində işçilər yaxşı təşkilatlanmışdılar, hüquqlarını tələb edirdilər. Təbii ki, indi onlara hüquqlarını vermək istyəməyənlər tərəfindən cəzalandırılırlar”, – deyə Elçin Rəşid bildirib.