Vısotski və Abxaziya
Bu hekayənin müəllifi Eleonora Qiloyanın Vısotski ilə şəxsi tanışlığı olmayıb. Amma Vısotski onun kumiridi və bu gün, böyük şair və musiqiçinin ölümünün ildönümündə onun haqqında öz hekayəsini danışır.
Başlanğıc
Birinci sinif, mənim yeddi yaşım var. Sinif rəhbərim 9 may bayramı ərəfəsində bizə Böyük Vətən Müharibəsi haqqında sərbəst şəkildə şeir tapıb əzbərləməyi tapşırdı. Mən kömək üçün anama müraciət etdim. Anam dedi: ev kitabxanasına get və Vısotskini axtar. Tapdım. 9 may haqqında, həyatın mənası, əsl kişi haqqında şeir – hər şey tapdım.
Vısotski ilə münasibətlərimiz sürətlə inkişaf edirdi. Oxuyurdum, əzbərləyirdim, dinləyirdim, bir daha oxuyurdum. Hətta qəbul imtahanında məhz bu şairin şeirlərini oxumaq üçün teatr texnikumuna daxil olmaq istəyirdim. Səhv etmədim, məhz şairin. Vısotskini oxumaq lazımdır, məhz bu zaman onun sehrinə düşürsən.
Aramızda yaranan bu ovsundan sonra axtarışı daha da dərinləşdirdim. Məni Vısotski ilə bağlı olan hər şey – dostları, qadınları, uşaqları maraqlandırırdı.
Abxaziyanı tapmaq
Bütün dahi işlər və insanlarda Abxaziyanı axtarıram. Mənə elə gəlir ki, ölkəm istedadı olan insan üçün izsiz keçə bilməz.
Misal üçün, sevdiyim rus klassiki Çexov vətənimi sevirdi. “Təbiəti olduqca qeyri-adidir, – Anton Palıç yazırdı, – Abxaziyada heç olmasa bir ay yaşasaydım, əlliyə yaxın gözəl nağıl yazardım. Hər bir balaca koldan, dağlardakı kölgələrdən və yarımkölgələrdən, dənizdən və göydən minlərlə süjet baxır.
Konstantin Simonov tez-tez Abxaziyada olur, yazıçılarımızla dostluq edirdi.
Əlbəttə, Vısotskinin də Abxaziya ilə az da olsa bağlı olmasını çox istəyirdim. Bunun sübutlarını axtarırdım. Tapdım da.
Ayıq başla
Vısotskinin Suxuma əksər səfərləri “Acariya, “Gürcüstan və “Şota Rustaveli teploxodlarındakı səyahətləri ilə bağlı olub. 1968-ci ildən başlayaraq, Vısotski hər il Krım-Qafqaz xətti ilə üzən və müntəzəm olaraq Suxuma gəlib çıxan gəmi kapitanları Aleksandr Nazarenko və Anatoli Qaraqulinin qonağı olub.
Suxumlu Lev Levitas danışır:
“1971-ci ilin yay fəsli idi. “Şota Rustaveli teploxodunda dostum Volodya Dobrodeyev kapitan Nazarenkonun sərnişinlər üzrə köməkçisi işləyirdi. Bir gün o mənə zəng vurub dedi: “Teploxodda bir xanım var. Ona şəhəri göstərə bilərsən? Niyə göstərməyim ki? Biz qonaq sevənik.
Gəlib, Dobrodeyevin kayutasına girdim. O mənim yanımda daxili telefonla zəng etdi: “Marinoçka, zəhmət olmasa bura gəl. Qamətli, maraqlı siması olan və mənə kimisə xatırladan qadın içəri girdi. Volodya bizi bir-birimizə təqdim edərək dedi: “Marina xaçapurini çox sevir, onu kafeyə apar.
Aparmaq problem deyildi, amma heç cür anlaya bilmirdim. Biz Volodya ilə tək qalanda, ondan soruşdum: “Məni niyə çağırdın axı? Onu kafeyə apara bilən başqa adam yoxdur? O da güldü: “Bu axı Marina Vladidir! Tanımadın? Bunu eşidəndə az qala stulumdan yıxılacaqdım!
Kafeyə gəldik. Marina xaçapuri, qarpız və 50 qram konyak sifariş etdi. Oturub, sifarişi gözləyirdik. Marina dedi: “İndi bizimkilər gələcək. Bu zaman ofisiant xanım sifarişi gətirdi. Qarşısında kimin oturduğunu görəndə, az qala sinini əlindən salacaqdı. Axı Suxum balaca şəhərdir və birdən qarşında Marina Vladini görürsən!
Bu zaman Vısotski, Dobrodeyev, Nazarenko və daha kimlərsə gəldi. Oturduq, tanış olduq, sifariş verməyə başladıq. Vısotski dedi ki, bir damcı belə içməyəcəm, tərgitmişəm.
Rəsmi olaraq yeganə konsert
Suxumun özündə Vısotski tək yolüstü olmayıb, həm də 1972-ci ildə (bəzi xatirələrə görə, 1973-cü ildə) konsertlə çıxış edib.
Onda Göq şəlaləsi yanında “Pis yaxşı insan filmi çəkilirdi. Bildiyimiz kimi, artistlərin arasında Vısotski də varıydı. Çəkiliş günlərindən birinin sonunda o, gitaranı götürüb, konsert verdi. Qrupu müşayiət edənlər və təsadüfi tamaşaçılar arasında Suxum fizika-texnika institutunun əməkdaşları da vardı, onlar Vısotskini konsert verməyə razı sala bildilər.
İnstitutun mədəniyyət evində Vısotskini bir saatdan çox gözlədilər. Gələcəyinə heç bir ümid yoxuydu. Vısotski nəhayət, çəkiliş günündən sonra gəldi, yorğun və ac idi. Təşkilatçılar tələsik artistə yemək hazırladılar, o isə bir stəkan çaxır içdi, azca qəlyanaltı etdi, sonra da gitaranı götürüb, səhnəyə çıxdı.
Vısotski əvvəlcədən çıxışını kəsməməyi xahiş etdi və xahişlə yenidən oxumayacağını dedi. Zalda kimsə konserti lentə almaq istədi. Bunu görən Vısotski çıxışının lentə yazıldığını gördüyünü dedi və nəsə alınmasa, çıxışını kəsməməyi xahiş etdi. Bu lent yazısı səhəri gün bütün şəhərdə yayıldı.
Xeyirxahlığınız xatirimdədir
Vısotskinin Abxaziyaya səfərlərinin demək olar ki, bütün şahidləri Qaqranı işarə edir, amma heç kim artistin harada qaldığını dəqiq bilmir.
Bir neçə il əvvəl Vısotskinin yaşadığı Çepiya ailəsinin xatirələrini tapdım. Bu ilin yayında mən Vısotskinin Qaqraya hər gəlişində evində qaldığı Qriqori Çepiyanın nəvəsi ilə tanış oldum.
İren mənə çoxlu maraqlı şeylər danışdı. Onun babası Qriqori Çepiya “Pis yaxşı insan filminin direktoru ilə tanış idi. Filmin çəkiliş qrupu gələndə məlum olur ki, Qaqripş başqa bir “Ayın oğurlanması filminin aktyorları ilə məşguldur. Onda Qriqori Çepiya aktyorları öz evində yerləşdirməyi təklif edir.
Onların arasında Anatoli Papanov və Lyudmila Maksakova da vardı.
Bundan sonra Vısotski özü də bir neçə dəfə Marina Vladi ilə bura gəlib. Valeri Perevozçikovun “Salam, bu mənəm kitabında Çepiya ailəsinin adı çəkilir və Vısotskinin Qaqraya məktubu var.
“Əziz Qrişa əmi və Lyuba xala! Sizə beşinci oğlunuz yazır! Mən ancaq işlə məşğulam: Daşkənddə və Alma-Atada olmuşam, Marina Fransadadır, sizə salam deyir. Sizdən Qrişa əminin çaça içirtdiyi Seva Abdulovun anasını evinizdə qəbul eləməyinizi xahiş edirəm. O, istirahət etmək istəyir. Adı Yelizaveta Moiseyevnadır. Gözəl qadındır, mənim üçün doğma ana kimidir. Sizin evinizdə özünü rahat hiss etsə, çox sevinərəm. Sizin də onu sevəcəyinizi düşünürəm. Uşaqlara salam deyin! Sizi qucaqlayıram. Mehribanlığınız həmişə xatirimdədir. Görüşənə qədər, Volodya Vısotski.
Butulka, qadınlar və fırtına haqqında
Vısotskinin özü Çepiya ailəsində 1973-cü ilin avqust ayında olub. O vaxtlar onlar Marina ilə Pitsundada dincəlirdilər, Vsevolod Abdulov və Brejnevin şəxsi tərcüməçisi Viktor Suxodryov da öz xanımı ilə onlarla birlikdə idi.
Suxodryov Vısotski ilə Pitsundadakı istirahətləri barədə xatirələrini bölüşüb. Onun sözlərinə görə, Çepiyanın evinə onlar Suxodryovun nikahının ildönümü yaxınlaşdığına və yaxşı çaxır axtarışına çıxdıqlarına görə gəlib çıxıblar. Ev sahibi onlara böyük butulkada çaxır versə də, pulunu almayıb. Düzdür, əvəzində “əsl Qafqaz qonaqlığında oturmalı olublar.
Hər şey gözlənildiyi kimi qurtardı – Volodya butulkanı, Sevanı və məni “Renoya soxdu və axşam tərəfi (xanımlarımız artıq narahat olmağa başladılar) biz evə qayıtdıq. Volodya növbə ilə bizi maşından çıxardı – əvvəlcə Sevanı, sonra məni, sonra da butulkanı və bizi otaqlarımıza qədər daşıdı, – Suxodryov yazır.
Suxodryovun başqa bir xatirəsi daha maraqlıdır.
“Bir dəfə (yenə də Pitsundada) demək olar ki, bizim yanımızda Volodya fırtına haqqında mahnı yazdı. Həqiqətən də hava beləydi: dənizdə fırtınaydı, çimmək mümkün deyildi, çox qəribə havaydı, həm yağış yağırdı, həm də günəş çıxmışdı… Növbəti gün dəniz sakitləşdi, Volodya səhər yeməyi zamanı dedi: “Uşaqlar, bu gün fırtına haqda mahnı yazmışam. O, bu sətirləri şeir kimi oxudu. Mahnı kimi yox, məhz şeir kimi. Dalğaları atların boynu ilə müqayisə etdiyi, sonra özünə keçdiyi həmin fırtına haqda: “Mən də baş sındırıram. Söhbət “Штормит весь вечер (“Axşam boyu fırtına idi) mahnısından gedir.
Çepiya ailəsində Vısotskinin ifa etdiyi gitara hələ də durur. Marina Vladinin Lyuba xalaya bağışladığı şalı isə saxlaya bilməyiblər.
Dəniz və dağlar
Abxaziyanın Vısotskiyə böyük ilham verməsi ümidilə yaşayıram. Mənə elə gəlir ki, onun yaradıcılığındakı əksər dəniz motivləri Abxaziyadan götürülüb. Bu sətirləri oxuyarkən, mən başqa dənizləri görsəm də, ancaq öz dənizimizi təsəvvür edirəm.
Vısotski Qafqaza tez-tez səfər edib – “Vertikalın çəkilişlərindən tutmuş, Dağıstan, Kabardino-Balkariya, Şimali Osetiya və Çeçenistan qastrollarına qədər. Vısotskinin həyatının əsas dağları məhz orada, bizim dağlardan bir az aralıda olub. Kim bilir, qəhrəmanımız hansı aşırımlardan keçməli olub?
Bu gün?
Vısotskini bu gün təsəvvür etməyə çalışıram. O harada və kim ola bilərdi? Nə haqda yazardı? Və onun bu gün yaşamasını istəmədiyimi anlayıram. “Спасибо, что живой (“Sağ olduğuna görə, minnətdaram) adlı kommersiya işinin olduğu bu zəmanədə yaşamasını istəməzdim, bu gün həmin filmə baxmamağı sizə tövsiyə etmək üçün özümü məcbur edib sona qədər izlədim. Vısotski adına “Своя колея (“Öz yolun) mükafatının saxta vətənpərvərlik cəfəngiyatına çevrildiyi həmin bu dövrdə yaşamağını istəmirəm. Mən altmışıncı illərin axırlarının Volodyasını sevirəm. Mən “Bolşoy Koretnıda özümü çox rahat hiss edirəm. Taqankanın həyətində həqiqət axtarışına çıxıram. İndi də onun paytaxtına yolum düşəndə Vaqankovka qəbiristanlığının mərkəzi darvazasından sağa, dünyanın ən yöndəmsiz heykəlinə sarı əmin addımlarla gedirəm. Burada həmişə onun şeirlərini əzbər bilən və mahnılarını zümzümə edən adamlar olur. Və əlbəttə ki, burada Suxumda biz hər səhər Onun tez-tez baş çəkdiyi bu sahildə qəhvə içirik.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər