“Valideynlər susur”: Ermənistanda yaşlılara qarşı zorakılıq halları artıb
Ermənistanda qocalara qarşı zorakılıq
Məişət zorakılığı Ermənistanda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib – illər boyu susqunluqdan və hətta cəmiyyətdə bu problemin mövcudluğunu inkar edəndən sonra. Amma yenə də tabu olan zorakılıq növləri və formaları var, xüsusən də yaşlılara qarşı fiziki və psixoloji zorakılıq.
2023-cü ilin ilk beş ayında beş yaşlı insan ölümlə nəticələnən məişət zorakılığının qurbanı olub. Qətldə qohumları – oğul, gəlin, nəvə ittiham olunur.
Valideynlər niyə susur, qocalar niyə zorakılığa məruz qaldıqlarını bəyan etmirlər? Bir qətlin hekayəsi, statistika və ekspert rəyi.
- Ermənistan-Türkiyə sərhədi açılacaqmı? Ermənistanın sərhəd kəndindən reportaj
- Xatirələrdə qalmış “fotolar”
- “Siz dialoqdan imtina edə bilməzsiniz, bu, gələcəkdən imtina etmək kimidir” – Ermənistanlı gənc fəal Azərbaycan haqqında
Qəza kimi göstərməyə çalışdıqları qətl
“Anam ölür, tez gəl!” deyə həyəcanlı səs təcili yardım çağıraraq telefona qışqırırdı.
Günorta saatlarında Dilican şəhərindən zəng gəlib. Həkimlər göstərilən ünvana çatanda 62 yaşlı Varsenikə daha kömək edə bilməyiblər.
Evə toplaşan oğul və yaxınları qadının onların gözləri önündə qəfil öldüyünü, ona kömək edə bilmədiklərini iddia ediblər. Amma həkimlər qadının bədənində qançırlar və xəsarət izləri görüblər.
“Bunun ölümlə heç bir əlaqəsi yoxdur,” oğlu təkid edib, “o bir neçə gündür özünü pis hiss edirdi və üç gün əvvəl huşunu itirərək yıxılmışdı. Bədəndəki qançırlar buna görədir”.
Yaxınları onun sözlərini təsdiqləyiblər.
Lakin məhkəmə-tibb ekspertizası belə nəticəyə gəlib ki, yıxılma belə xəsarətlərə səbəb ola bilməz. Bir neçə saatdan sonra polis mərhum qadının gəlinini saxlayıb. İlkin araşdırmaya görə, o, qayınanasını öldürüb, başında və üzündə metal çömçə zərbələri nəticəsində qançırlar yaranıb.
Kasad statistika: dünyada yaşlılara qarşı zorakılıqla bağlı nə məlumdur?
Yaşlılara qarşı zorakılıq dünya fenomenidir, lakin faktiki məlumat demək olar ki, yoxdur, onlar çox təxminidir.
Tədqiqatçılar iddia edirlər ki, dünyada yaşlılara qarşı zorakılıq hallarının 24-dən yalnız biri qeydə alınır.
Məsələ burasındadır ki, bütün dünyada yaşlılar öz problemləri ilə bağlı susurlar və əksər hökumətlərin onları zorakılıqdan qorumaq üçün uyğun yanaşması və siyasəti yoxdur. Təxmini statistika yaşlı insanlara qarşı zorakılıq nisbətinin yüzdə birdən 10 faizə qədər olduğu yalnız bir neçə ölkədə mövcuddur.
ÜST yaşlıların zorakılığını “vacib, lakin kifayət qədər öyrənilməmiş ictimai sağlamlıq problemi” hesab edir. Təşkilatın son məlumatları 2017-ci ildə 28 ölkədə aparılan 52 araşdırmanın nəticələrinə əsaslanır.
ÜST-ün məlumatına görə,
• 60 yaşdan yuxarı dünya əhalisinin 15,7 faizi, yəni bu yaş qrupunda hər altı nəfərdən biri hər hansı zorakılığa məruz qalır.
• Bağlı müəssisələrdə yaşlı insanlara qarşı son dərəcə yüksək zorakılıq halları müşahidə edilir. Xəstəxanalarda, qocalar evlərində və digər uzunmüddətli qayğı müəssisələrində çalışan işçilərin 64,2 faizi nə vaxtsa qocaya qarşı zorakılığın şahidi olduğunu etiraf edib. Hər ikinci işçi özünün “keçmişdə zorakılıq tətbiq etdiyini” etiraf edib.
• Yaşlı insanlara qarşı ən çox görülən zorakılıq növü psixoloji (11,6 faiz), ikinci yerdə maddi (6,8 faiz), laqeydlik (4,2 faiz), fiziki (2,6 faiz), cinsi (0,9 faiz) olur.
Covid-19 pandemiyasının təsiri altında qocalara qarşı zorakılıq halları xeyli artıb. ABŞ-da aparılan araşdırmalar göstərir ki, pandemiya zamanı ailələrdə qocalara qarşı zorakılıq halları 84 faizə qədər yüksələ bilər.
Tədqiqatçılar “2050-ci ildə dünyada yaşlı insanların sayının iki milyard nəfəri keçəcəyini nəzərə alaraq” bu rəqəmlərin yaxın onilliklərdə artacağını hesablayıblar.
Niyə yaşlı insanlar zorakılıqdan danışmırlar?
Yaşlılara qarşı zorakılıqla bağlı statistikanın olmamasının əsas səbəbi zorakılığa məruz qalanların susmağa üstünlük verməsidir. Bəziləri üçün zorakılıq “norma” halına gəlir, bəziləri onlara münasibəti, xüsusən də, psixoloji və ya maliyyə zorakılığına gəldikdə belə müəyyən edə bilmir.
Yaşlı insanların hüquqları əsasən həyat yoldaşları və ya uşaqları tərəfindən pozulur. Bu hallarda qocalar psixoloji və maddi cəhətdən onlardan asılıdırlar.
Zorakılıq qayğı mərkəzlərində və ya sığınacaqlarda da baş verə bilər. Eyni zamanda, yaşlı insanlar, o cümlədən əlillər işçilər tərəfindən zorakılığa məruz qalırlar.
Zorakılığa məruz qalanların yalnız dörd faizi bu barədə məlumat verir. Qalanları isə
• cəzalandırılmaqdan və ya tək qalmaqdan qorxur,
• zorakılıq edən qohumun qanuni məsuliyyətə cəlb olunacağından narahat olur,
• danışmağa utanır.
Zorakılıq barədə məlumat verməyənlərin əcəlindən əvvəl ölmə ehtimalı iki dəfə yüksəkdir, çünki zorakılığın nəticələrini aradan qaldırmaq üçün heç bir tədbir görülmür.
Yüksək risk qrupuna psixi sağlamlıq problemləri olan yaşlı insanlar daxildir. Psixi sağlamlıq problemi olan hər üç nəfərdən ikisi şiddətə məruz qalır.
Bundan əlavə, yaşlılar kimə müraciət edəcəklərini bilmirlər. Ermənistanda zorakılığa məruz qalan qocalara ayrılan sosial xidmət yoxdur. Ölkədə yalnız iki məişət zorakılığı sığınacağı var. Hər ikisi qeyri-hökumət təşkilatları tərəfindən yaradılıb və son dərəcə məhdud resurslarla fəaliyyət göstərir.
“Onlarla amansız davranan uşaqlarına ürəkləri yanır”
Hüquq müdafiəçisi Zaruhi Hovhannisyan deyir ki, uşaqlar və qocalar məişət zorakılığına məruz qalan ən həssas qruplardır. Onlar zorakılığa məruz qaldıqları barədə başqalarından daha az danışır, hüquq və müdafiə imkanları haqqında başqalarından az məlumatlıdırlar.
“Məktəbə, uşaq bağçasına gedən, tanışların və dostlarının əhatəsində olan uşaqlar bu barədə danışmaq istəməsələr belə, bu məlumatı ötürə bilirlər, onlardan fərqli olaraq yaşlılar daha təcrid olunmuş həyat tərzi keçirirlər. Ona görə də qocalar daha həssasdırlar, onlara qarşı zorakılıq ehtimalı daha yüksəkdir”.
Ekspert qadınlara dəstək mərkəzində və məişət zorakılığı qurbanları üçün sığınacaqda baş verən qocalara qarşı zorakılıq hallarını xatırlayır və deyir ki, bunlar müstəsna hallar olub və yalnız polis tərəfindən qeydə alınan ağır fiziki zorakılıq olduğu üçün məlum olub:
“Bu qadınlar daha sonra qocalar evinə düşdülər və zorakılığa məruz qaldıqları mühitə qayıtmadılar, lakin bu nadir hallarda olur. Digər hallarda, yaşlılar adətən başlarına gələnləri bildirmirlər. Əsasən qohumlarına qıymadıqları üçün. Tanışlar və dostlar qançırlar və ya digər izlər görsələr də, bir qayda olaraq, zorakılığı inkar edirlər, bunun “günahkarları” özləri olduğunu iddia edirlər – guya səndələyib yıxılıblar, ehtiyatsızlıqdan nəyəsə dəyiblər.
Zaruhi Hovhannisyan təəssüflənir ki dəqiq statistika yoxdur. Bu səbəbdən indi baş verənləri mühakimə etmək çətindir – qocalara qarşı zorakılıq halları artıb və ya onlar məruz qaldıqları zorakılıq haqda daha çox danışmağa başlayıblar. Ancaq dəqiq məlumdur ki, son illərdə məişət zorakılığı halları daha çox baş verir. 2020-ci ildə Ermənistanda ən çox qadın qətli qeydə alınıb – qadınların qəsdən öldürülməsi ilə bağlı 15 hadisə baş verib.
“Biz qocalara qarşı zorakılıq hallarının artmasını istisna edə bilmərik. Xüsusən də cəmiyyətdəki ağır sosial-psixoloji vəziyyəti, 2020-ci il müharibəsinin həll olunmamış travmalarını, eləcə də günü-gündən pisləşən sosial vəziyyəti nəzərə alsaq.
Dövlət ahılların əsas ehtiyaclarını təmin etmək iqtidarında deyil və sosial yük, bir qayda olaraq, uşaqların üzərinə düşür. Bu isə yaşlılarda əlavə asılılıq yaradır. Təbii ki, bütün bu amillər situasiyaya birbaşa təsir edir, lakin məlumatların kasadlığı, bu halların dəqiq sayının bilinməməsi bu barədə daha aydın mühakimə yürütməyə imkan vermir”, – hüquq müdafiəçisi deyir.