Üzümçülərin əzabları davam edir
Qiymət aşağı salınıb, həcmlər azaldılıb, izahat verilmir
Sardarapatadan olan Alik Ozmanyan bu il rkatsiteli sortundan olan 80 ton üzüm toplayacağını düşünür, amma məhsulunu tam satmağa ümidi yoxdur. Deyir ki, artıq 10 ildən çoxdur ki, aldığı məhsulu “Ararat konyak zavodunun Armavir filialına verir. Bu il zavod məhsulun qəbulu şərtlərini dəyişib.
Birincisi, qiymət 20 dram (4 sentə yaxın) ucuzlaşdırılaraq 130 drama (30 sent) endirilib. Eyni zamanda alış həcmi 15% azaldılıb. Ozanyanı ən çox hiddətləndirən isə odur ki, zavod fermerlərin fikrini nəzərə almadan, müqavilə öhdəliklərinə dəyişikliklər edib, üzümçülərin məhsulun qalan hissəsini necə satacağı zavod rəhbərliyini azacıq da olsa narahat etmir.
Əvvəlki illərdə kiçik emal müəssisələri fermerlərə güzəştə gedərək, malı müqavilə bağlamadan qəbul edirdilər, son iki il ərzində isə onlar ya üzümü müqaviləsiz almır, ya da qoyulan qiymətin ancaq 50%-ni ödəyirlər.
Üzüm qəbulu sentyabrın 15-dən başlayıb
“Ararat konyak zavodu üzüm alışı mövsümünə start verib. Ötən illərdən fərqli olaraq, ilk qəbul günü münasibətilə təntənəli tədbir keçirilməyib. Nə baş nazir, nə də kənd təsərrüfatı naziri gəlib, heç zavod direktoru da olmayıb. Rəsmi hissəni özü də tək qaldığına təəccüblənən Armavir qubernatoru Aşot Kaqramanyan keçirib.
O, bir neçə dəfə üzüm yüklənmiş ilk maşının zavod ərazisinə daxil olmasını təxirə salmaqla sonuna qədər ümid edirdi ki, heç olmasa zavod rəhbəri gec də olsa gələcək, amma heç kimin gəlmədiyini görüb, üzüm qəbulunun başladığını elan edib.
Rəsmi şəxslər niyə yoxuydu və niyə qiymətlər aşağı salınıb?
Kənd təsərrüfatı naziri Serqo Karapetyan [məqalə dərc olunan zaman Serqo Karapetyan artıq vəzifəsindən azad edilib] adətən üzümün qəbulunun başlaması münasibətilə təşkil olunan təntənəli mərasimdə iştirak etməyi və zavodun fonunda şəkil çəkdirməyi sevirdi. “Amma bu dəfə deyəsən, onun deməyə sözü yoxuydu, – Sardarapatadan olan üzümçü Mamikon Aleksanyan deyir. O hesab edir ki, nazir fermerlərin üzümün qiymətinin aşağı salınması, müqavilə ilə nəzərdə tutulan həcmlərin azaldılması, ötən il alınan üzümün pulunun hələ də ödənilməməsi ilə bağlı suallarına cavab verməmək üçün mərasimdə iştirakdan imtina edib.
Mamikon böyük məbləğdə ziyan çəkdiyini deyir. Bu il o, dolu yağdığına görə məhsulun 30-40%-ni itirib, sonra da “Ararat konyak zavodu müqavilədə nəzərdə tutulan 80 ton üzümü 15% azaldıb, indi də digər zavodlar onunla müqavilə bağlamaqdan imtina edir.
Ötən il Mamikon 6 hektarlıq üzüm bağından yığdığı 130 ton üzümün 80 tonunu “Ararat konyak zavoduna, qalan 50 tonunu isə iki başqa müəssisəyə: Myasnikyanda yerləşən “Şahnazaryan MMC və Proşyan zavodunun Armavir filialına satıb.
Adları qeyd olunan iki müəssisə hələ də Mamikonun pulunu verməyib. Fermerlər Serqo Karapetyanın sözünə inanaraq, üzümlərini nisyə satıblar. Nazir onlara bildirirdi ki, 2015-ci ildə yığılan məhsulun pulunu müəssisələr 1 mart 2016-cı ildən gec olmamaq şərtilə ödəyəcəklər.
2015-ci ildə Armavirdə üzüm qəbulunu 5 təşkilat yerinə yetirsə də, onlardan ancaq ikisi pulu nağd ödəyib. Qalan üç təşkilat hələ də üzümçülərə borcludur. Bu faktı Armavir qubernatoru Aşot Kaqramanyan da təsdiq edib.
Məhsulu alan müəssisələrin bu il təklif etdiyi üzümü qəbul şərtləri qubernator üçün də sürpriz olub. Onun təxminlərinə görə, qiymətin aşağı salınmasına səbəb alkoqol içki istehsal edən şirkətlərin malının satış problemi, qəbul həcminin azaldılması isə riskləri azaltmağın vacibliyi ilə bağlı ola bilər.
Hər halda qubernator ümidvar olduğunu bildirib ki, şirkətlərlə danışıqlar tezliklə bitəcək. Onlara irəli sürülən tələblər aşağıdakılardır: ötən ilki borclar qaytarılsın, bu ilki üzümün qəbulu başlansın, müqavilə bağlanmadan üzüm qəbulunun qiyməti 110 dramdan (23 sentə yaxın) aşağı olmasın.
Ayqevan sakinləri üzüm tağlarını kökündən qoparmağa hazırlaşır
Samvel Sarqsyan ötən ilə qədər hər il zavoda 5 ton üzüm satırdı. Bu il zavodlar onunla və onun qonşuları ilə yeni müqavilə bağlamaqdan imtina edib. Samvel üzüm bağının yerində meyvə ağacı əkmək qərarına gəlib.
Onun fikrincə, problem süni olaraq yaradılır: bu sahədə ancaq iri fermerləri saxlamağa çalışırlar. Samvel deyir: bu sahədə ancaq Ernekyan [kənd təsərrüfatı sahəsinə iri sərmayələr qoyan erməni əsilli Argentinalı sahibkar], ikinci prezidentin oğlu və üzümlükləri yüzlərlə hektar ərazi tutan bir neçə nəfər qalacaq.
Kiçik (cəmi 6 hektar) üzüm bağı olan Alik Ozmanyan Samvelin ehtimalı ilə razıdır. Axı qiymət və alış həcminin azaldılmasından başqa, kiçik üzümlüklərin sahiblərinə daha bir tələb irəli sürülür: alınan üzüm salxımlarının ideal görünüşü olmalıdır. Bunun üçün isə fermerlər əlavə xərclər etməli olur.
Bu il dolu üzümün görünüşünü korlayıb və fermerlər salxımları qaydaya salmaq üçün adam tutmalı olurlar. Misal üçün, Mamikon Aleksanyan buna əlavə 1,5 milyon dram (3000 dollardan çox) xərcləyib.
Ötən il Armavir rayonunda 137 min ton üzüm istehsal olunub. Bu il şaxta və doluya görə məhsul 105 min ton təşkil edib.
Dərc olunub: 28.09.2016