“Uşaqları əsirlikdən xilas etmək” – Gürcüstanda kilsə pansionatı niyə etirazların mərkəzində qalıb?
Gürcüstanda kilsəyə məxsus uşaq evinin sakini zorakılıq haqda danışıb
İyunun 3-də axşam Tbilisidə Baş Prokurorluq qarşısında etiraz aksiyası zamanı doqquz nəfər polis tərəfindən saxlanılıb, onlardan ikisi xəsarət alıb. Aksiyanın keçirilməsinə xalq müdafiəçisi Nino Lomcariyanın Gürcüstanın cənub-qərbində dağlarda yerləşən Ninotsminda şəhərində kilsənin himayəsi altında olan uşaqlar üçün internat-evindəu şaqlara qarşı zorakılıq və təcavüz halları haqda bəyanatı səbəb olub.
Aksiya zamanı “Formula” telekanalı bu uşaq evinin keçmiş sakini ilə müsahibə yayımlayıb və o, şahid olduğu qaranlıq və cinayətkar faktlar haqda danışıb.
Niyə uşaq evi etirazların mərkəzində qalıb?
Dağlıq Samtsxe-Cavaxetiya regionunun Ninotsminda şəhərində yetim uşaqlar üçün internat məktəbi Gürcüstan Pravoslav Kilsəsinə məxsusdur. Bu uşaq evinin müdriyyəti hüquq müdafiəçilərinin, Gürcüstanın Xalq Müdafiəçisinin ofisinin əməkdaşlarının, hətta dövlətin sosial işçilərinin ora gəlişini qadağan edir.
“Bu insanlar eynicinsli nikahların leqallaşdırılmasını tələb edirlər. Onnları uşaq evlərinə və ya hər hansı ailəyə buraxmaq olmaz”, – yepiskop Sxaltinski Spiridon bildirib.
Bununla belə Xalq müdafiəçisi Nino Lomcariya bildirib ki, onun ofisi 2016-2021-ci illərdə pansionatda uşaqlara qarşı törədildiyi ehtimal olunan dörd cinayət işi üzrə istintaqın gedişatı ilə bağlı prokurorluqdan informasiya istəyib.
Lomcariya deyib ki, bu işlərdən biri təcavüzlə bağlıdır. 2017-ci ildə bu cinayətlə bağlı yepiskop Serafim Cocua ittiham olunub. Buna baxmayaraq, həmin yepiskop pansionatda dini ayinləri davam etdirir, sonuncunu 2021-ci il mayın sonunda həyata keçirib.
Ombudsmenə artıq dəfələrlə monitorinq keçirməklə bağlı etiraz edilib. Pansionat müdriyyətinə bu təlimatı pansionatın himayədarı olan yüksək ranqlı din xadimi Sxalta arxiyepiskopu Spiridon verib.
Tbilisidə son bir neçə gündür ki, “Pansionatların qapısını açın”, “Günahhkarları cəzalandırın”, “Uşaqları əsirlikdən xilas edin”, “Kilsə rütbəsi məsuliyyətdən azad etməyəcək” şüarlı etiraz aksiyaları davam edir.
İyunun 3-də axşam gec saatlarda müxalif siyasətçi Yelena Xoştariya polis kordonunu aşaraq bu məsələ ilə bağlı suallarını birbaşa prokurora vermək üçün onun kabinetinə daxil olmaq istədiyi zaman vəziyyət gərginləşib.
Polis ona binaya daxil olmağa imkan verməyib və aksiyanı tamam dağıdıb. Doqquz aksiya iştirakçısı saxlanılıb. Onlardan beşi daha sonra girov müqabilində azad edilib, qalanlar müvəqqəti saxlanma təcridxanasına keçirilib.
Saxlanılma zamanı fəal Qiqi Makaraşvilinin qolunu sındırıblar.
Digər fəal Nika Parulavanın qol sümüyü çatlayıb, çox sayda bədən xəsarəti alıb.
Pansionatın keçmiş sakini danışır
“Formula” telekanalının jurnalistləri ilə söhbətində Ninotsminda internat məktəbinin keçmiş sakini danışıb ki, təxminən 10 il əvvəl internat tərbiyəçilərindən biri yeddi yaşlı oğlanı ölüncəyə qədər döyüb.
Onun sözlərinə görə, hadisədən sonra ölmüş uşağı aparıblar, amma hadisə yerinə polis gəlməyib. 15 il internatda qaldıqdan sonra o, deyir ki, tərbiyəçilər “cəhənnəmə getməlidir”:
“Biz həyətdəydik, oğlanlardan biri qızların yanına qaçdı, onun altı-yeddi yaşı olardı. Himayədar onun bütün saçlarını yoldu, döyməyə başladı, uşaq ölənə qədər dayanmadı. Amma bu fakt elə də qapalı qaldı. Kimsə gəldi, amma polis deyildi. Meyiti sellofan parçası ilə örtdülər və apardılar”.
Keçmiş pansionat sakini deyir ki, çox sayda alçaltma və qəddar davranış hallarına şahid olub və özü də yaşayıb.
“Alçaltmalar olurdu, biri taxtayla, dırmıqla, tərbiyəçinin əlinin altında olan nə ilə gəldi döyürdülər. Onlar öz [kilsə] geyimlərində və deyirlər ki, Tanrıya inanırlar, amma əslində ora əsl cəhənnəmdir. Biz gündüz yatmasaydıq, gözlərimizi bağlayıb, uzanmağa məcbur edirdilər. Bizi istənilən itaətsizliyə görə cəzalandırırdılar, müəllimlərə səcdə etmədiyimiz üçün.
Mən azı 90 dəfə oradan qaçmağa çalışmışam. Biz qiyam çıxarmaq, ya da qaçmaq istəyən qırx nəfərə yaxın uşaq toplaşmışdıq. Amma nəticədə biz ancaq iki nəfər qaldıq, qalanlar çox qorxurdular ki, onları öldürəcəklər, o uşağın yerində olmaq istəmirdilər”.
Bir çox siyasətçilər və vətəndaş cəmiyyəti nümayəndəsi etirazlara qoşulub
Bütün nüfuzlu qeyri-hökumət təşkilatları və siyasi qruplar hakimiyyətə yönəlik təxirəsalınmaz tədbirlərin görülməsi və ombudsmenin monitorinq qrupuna pansiona daxil olmağa imkan verilməsi tələbinə qoşulub.
Ən böyük müxalif Vahid Milli Hərəkat Partiyası dərhal adekvat addımların atılması çağırışı ilə hakimiyyətə müraciət edib.
“Gürcüstan üçün Lelo” partiyası hakimiyyətin Ninotsminda internat məktəbində baş verənlərlə bağlı hakimiyyətin hərəkətsizliyini cinayət adlandırıb.
Hakimiyyət bildirir ki, istintaq davam edir
Parlamentin vitse-spikeri Arçil Talakvadze jurnalistlərə bildirib ki, o, uşaq pansionatı ətrafındakı vəziyyətlə bağlı “patriarxlığın gizlədiləsi bir şeyinin olmadığına ümid edir”.
“Mən ümid edirəm ki, bu məsələ patriarxlıq və parlamentin insan haqları komitəsi arasında razılaşdırılacaq. Parlament bu məsələ ilə bağlı razılaşmanın əldə edilməsinə hər cür dəstək verəcək”, – vitse-spiker deyib.
“Gürcü arzusu” iqtidar partiyasının nümayəndəsi Aluda Quduşauri Xalq müdafiəçisinə qarşı qarşılıqlı iddia ilə çıxış edib:
“Söhbət təcavüz kimi ciddi cinayətlərdən gedir. Əgər Xalq müdafiəçisinin bütün bu müddət ərzində belə məlumatı vardısa, niyə əvvəl bu haqda danışmayıb? Axı bu, ən başından çox vacib idi. Amma əlbəttə, bu o demək deyil ki, indi fəal tədbirlər görmək lazım deyil”.
Gürcüstan DİN-dən iyunun 3-də bildirilib ki, Ninotsminda şəhərindəki pansionata qarşı zorakılıq faktları ilə əlaqədar cinayət məcəlləsinin 126-cı maddəsi ilə istontaq aparılır.