UNICEF Tbilisidə bəzi uşaq bağçalarında həddən artıq yüklənmə və bir sıra başqa problemlər aşkar edib
BMT-nin Uşaq Fondu (UNICEF) Gürcüstanda məktəbəqədər təhsilin keyfiyyətini araşdırıb. Hesabatda deyilir ki, uşaq bağçası tərbiyəçilərinin az qala yarısının nə ali, nə də peşəkar təhsili var; paytaxtın uşaq bağçalarının bəzi qruplarında 60 uşaq olur; regionlarda isə oyuncaqlar və təhsil inventarına (qələm, dəftər və s.) hər il bir uşağa hesablanmaqla cəmi 73 tetri (təxminən 30 ABŞ senti) xərclənir.
________________
Uşaq bağçası nə ilə vacibdir
Sivil dünya artıq çoxdan bu qənaətə gəlib ki, insanın həyatında hər şey məhz uşaq bağçasından başlayır. Erkən təhsil uşağın gələcək təhsili üçün baza olur – onun necə təhsil alması, öz hərəkətlərində hansı motivləri əsas tutması və ümumilikdə bacarıq və imkanları bundan asılıdır.
25 sentyabr 2015-ci il tarixində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında dünya liderləri “Transforming our world: the 2030 Agenda for Sustainable Development” sənədini qəbul edir. Burada dünya ictimaiyyətinin 2030-cu ilə qədər bütün planetdə sülhün bərqərar olması və yoxsulluğun aradan qaldırılması üçün fəaliyyət planı göstərilir.
Bu qlobal məqsədə çatmaq üçün BMT məhz uşaq bağçaları və başqa məktəbəqədər təhsil ocaqlarına böyük diqqət yetirir.
“2030-cu ilə qədər bütün uşaqlar elə bir məktəbəqədər təhsillə təmin olunmalıdır ki, onlara ibtidai təhsil almağa hazır olmaq imkanı versin”, – sənəddə deyilir.
Gürcüstanda BMT-nin Uşaq Fondu (UNICEF) və Qiymət və İmtahanlar üzrə Milli Mərkəz (NAEC) tərəfindən həyata keçirilmiş tədqiqat Gürcüstanda məktəbəqədər tərbiyə probleminin gündəmdə olmadığını aşkar edib.
Gürcüstanda ümumi keyfiyyətli məktəbəqədər təhsil təmin olunmayıb, bundan əlavə, ölkədə bununla bağlı milli siyasət yoxdur.
Bir qrupda 60 uşaq
Gürcüstanda bütün uşaqların 69,5 faizi uşaq bağçalarına gedir. Avropada bu göstərici 95 faiz təşkil edir.
Bu 69,5 faizin böyük hissəsini şəhər uşaqları təşkil edir. Kənd yerlərində uşaq bağçalarına uşaqların ancaq 48 faizi, etnik azlıqların kompakt yaşadığı regionlarda isə cəmi 33 faiz gedir. Sosial müdafiəsiz olan uşaqların cəmi 39 faizi uşaq bağçalarına gedir.
Şəhərlərdə uşaq bağçalarına gedən uşaqlar başqa problemlərlə – qruplarda uşaq sayının çox olması ilə üzləşir.
Misal üçün, Tbilisinin bələdiyyə bağçalarında orta hesabla 39 uşaq olur. Tbilisidə hətta elə bağçalar var ki, qrupda 60 uşaq var.
Problemli uşaqlar
Məhdud imkanlı uşaqlar uşaq bağçalarında çox sayda problemlərlə üzləşir – müvafiq infrastrukturun olmamasından və qrupların həddən artıq yüklənməsindən tutmuş tərbiyəçilərin qeyri-peşəkarlığına qədər.
Məhdud imkanlı uşaqlar xüsusi sosial stiqma olmadan məktəbəqədər təhsil ala bilmir. Bundan başqa, işçilər arasında belə bir yanaşma var: “onlar məhdud imkanlı uşaqlar və onların valideynlərinin problemlərinə kifayət qədər obyektiv və ciddi yanaşmır”.
Şəhər uşaq bağçalarında psixoloq və xüsusi pedaqoqlar işləyir, amma onların peşəkarlığı qənaətbəxş deyil.
Misal üçün, məhdud imkanlı uşaqları ümumi kütlədən ayırmamaq, qrupa cəlb etmək və onların tam mənası ilə yaşamasına çalışmaq əvəzinə, onlarla ayrılıqda, individual şəkildə, qrupdan kənarda işləməyə çalışırlar.
Kim tərbiyəçi olur
UNICEF-in araşdırmasından alınan məlumata görə, Gürcüstanın uşaq bağçalarının 44 faiz tərbiyəçilərinin məktəbəqədər təhsil sahəsində nəinki ali, heç peşəkar təhsili də yoxdur.
Müvafiq təhsil bağça müdirlərinin cəmi 50 faizində var.
UNICEF-in tədqiqatı Gürcüstanın hər yerində, 57 bələdiyyədə aparılıb. Məlum olub ki, son 10 il ərzində uşaq bağçaları işçilərinin böyük əksəriyyəti peşəkar treninqlər və ya ixtisasdəyişmə kursları keçib.
Bu sahədə maaş da müvafiqdir – orta hesabla 336 lari (təxminən 150 dollar), bu da əhalinin işlə təmin olunmuş hissəsinin aylıq gəlirindən – təxminən 940 lari (400 dollara yaxın) – az qala üç dəfə azdır.
Uşaqlar nə oynayır və nə öyrənir
Gürcüstanın uşaq bağçalarında oyuncaq və tədris inventarının çatışmazlığı əməlli-başlı hiss olunur. Oyuncaqların böyük hissəsini uşaq bağçalarına valideynlər gətirir, çünki büdcədə onlarla bağlı müvafiq xərclər bəndi yoxdur. Ya da bənd var, amma 56 bələdiyyə üzrə məlumatlara əsasən, 62,5 faiz bələdiyyə uşaq bağçasında hər bir uşağa hər il 10 laridən az (4 dollara yaxın), bəzi bələdiyyələr isə cəmi 0,73 lari və ya 1,11 lari (50 sentə qədər) xərcləyir. .
Gürcüstanda məktəbəqədər təhsil müəssisələrinin büdcələrini bələdiyyə xidmətləri paylayır. Büdcənin həcmi müəssisənin miqyasından və ya müəssisəyə gedən uşaqların sayından birbaşa asılıdır. Amma tədqiqat nəticəsində məlum olduğu kimi, uşaq bağçasının büdcəsi tək uşaqların sayından deyil, həm də uşaq bağçasınını harada yerləşməsindən asılıdır. Misal üçün, Batumidə hər bir uşağın təhsil inventarına 20,8 lari (9 dollara qədər) ayrılırsa, Xelvaçauri uşaqları 5,4 lari (2 dollardan bir az çox) alır. Bu da başqa problemlərlə birlikdə ondan xəbər verir ki, dövlət bütün uşaqlaları eyni şərait və imkanlarla təmin etmir.
Valideynlər nə edir?
Bu tədqiqatlardan məlum olur ki, onlar xüsusi bir iş görmür.
“Valideynlərlə əlaqələr əsasən bayram tədbirləri ilə məhdudlaşır, onlar illər ərzində gündəlik praktiki qərarlarda iştirak etmirlər”, – tədqiqatda deyilir.
Əksər valideynlər nadir hallarda seçilmiş məktəbəqədər müəssisəsinin siyasəti, istifadə olunan tədris metodları barədə məsələni qoymur, valideynlər öz uşaqlarının proqramlarında iştirak etmir və nadir hallarda bu haqda məlumatlı olmurlar.
Tədqiqatda tərbiyəçilərlə valideynlər arasında kommunikasiyanın azlığından danışılır, bu da qrupda 40 uşağın olması ilə bağlıdır, tərbiyəçilər fiziki cəhətdən hər bir uşağın valideyninə lazımi vaxt ayıra bilmir.
UNICEF hesabatı belə bir nəticə ilə yekunlaşdırır: Gürcüstanda məktəbəqədər təhsilin aşağı keyfiyyətinin əsas səbəbləri qruplarda uşaq çoxluğu, aşağı maaş, təhsil və peşəkar inkişaf çatışmazlığı ilə bağlıdır.