“Barıqalar hazırlaşsın” – Saakaşvili Ukraynada rəsmi vəzifəyə təyin edilib
“Hakimiyyətsiz vəzifə” Gürcüstanın keçmiş prezidentinin nəyinə lazımdır? Analitik icmal
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin prezident yanında Milli İslahatlar Şurası İcra Komitəsinin rəhbəri təyin edilməsi haqda sərəncam imzalayıb.
“Mixail Nikolozoviçi yeni məsuliyyətli vəzifə münasibəti ilə təbrik edirəm. İnanıram ki, o, ölkə həyatında mühüm dəyişikliklərin həyata keçirilməsində Milli İslahatlar Şurasına impuls verə biləcək”, – Ukraynanın Hromadske teleşirkəti prezidentin mətbuat xidmətinin yaydığı bəyanatından sitat gətirib.
İslahatlar Şurası nədir və Saakaşvili nə ilə məşğul olacaq?
Prezidentin həmin sərəncamına əsasən, Şuranın tərkibinə Ali Radanın sədri, baş nazir, bəzi hökumət üzvləri, Milli Bankın rəhbəri, o cümlədən də Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və Prezident Ofisinin rəhbəri daxildir.
- Saakaşvili Ukraynanın baş nazir müavini ola bilər
- “Bu, nəsə başqa bir şeydir, camaat”. Saakaşvili Ukrayna haqda filmin tizerini paylaşıb
Milli İslahatlar Şurası Ukrayna prezidenti yanında məsləhət-məşvərət orqanıdır, 2014-cü ildə, hələ prezident Petro Poroşenko dövründə yaradılıb. Orqanın məqsədi “Ukraynada islahatlar üzrə razılaşdırılmış dölət siyasətinin tətbiqidir”.
Şuranın ümumilikdə 28 iclası baş tutub, bu iclaslarda müxtəlif islahatlar müzakirə olunub. Sonuncu iclas 2018-ci il martın 2-də baş tutub, həmin vaxtdan şura artıq toplanmayıb.
Zelenskinin sərəncamında İcra Komitəsi rəhbərinin funksiyaları, yəni Saakaşvilinin indən belə nə ilə məşğul olacağı qeyd olunub.
Düzdür, “Hromadske”nin yazdığına görə, “Saakaşvilinin hansı funksiyalarının, vəzifələrinin və səlahiyyətlərinin olacağını anlamaq çətindir. Görünür ki, onun hakimiyyət rıçaqları olmayacaq, çünki Komitə sadəcə məşvərət orqanıdır”.
Saakaşvilinin Ukrayna siyasətinə qayıdışı
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko zamanında Mixail Saakaşvili Ukrayna vətəndaşlığı alıb, əvvəlcə prezident müşaviri, daha sonra isə Odessa vilayətinin qubernatoru təyin edilib. Daha sonra o, istefa verib, hakimiyyəti korrupsiyada ittiham edib və etiraz aksiyaları təşkil etməyə cəhd göstərib.
“Barıqalar” – Saakaşvili o zaman öz opponentlərini – ölkədəki korrupsiyaçıları və oliqarx sistemin müdafiəçilərini belə adlandırmışdı.
Bundan sonra Gürcüstanın keçmiş prezidenti Ukrayna vətəndaşlığından məhrum edilib və ölkədən qovulub.
Saakaşvili yalnız 2019-cu ildə hakimiyyət dəyişikliyi baş verəndən sonra Ukraynaya qayıda bilib. Prezident Zelenskinin sərəncamı ilə onun vətəndaşlığı bərpa edilib.
Təxminən bir il sonra, 2020-ci ilin aprelində prezident Zelenski baş nazirin islahatlar üzrə müavini vəzifəsinə Mixail Saakaşvilinin namizədliyini irəli sürüb. Amma deputatlarla bir neçə görüşdən sonra onun namizədliyi səsverməyə qoyulmayıb – medianın yaydığı məlumata görə, Saakaşvili deputatların böyük hissəsinin dəstəyini ala bilməyib.
“Hromadske” aprelin 24-də dərc etdiyi “Barıqalar hazırlaşsın: Saakaşvili Ukraynada siyasətə necə qayıdır” məqaləsində “Mixonun” (Saakaşvilini Ukraynada belə adlandırırlar) ikinci qayıdışının arxasında nəyin durduğunu və Saakaşvilinin Zelenskinin nəyinə lazım olduğunu aydınlaşdırmağa çalışıb.
“Kadr aclığı basıb”, – politoloq Vladimir Fesenko izah edir. Elə Zelenskinin özü də effektiv icraçılar axtardığını deyərək faktiki olaraq bunu etiraf edir.
“Çox güclü fiqurdur: təcrübəsi və Gürcüstanda uğurlu ilahat hekayəsi, güclü energetikası, siyasi təcrübəsi, beynəlxalq əlaqələri. Amma Zelenski üçün ən əsası – uğurlu təcrübəsi və energetikasıdır”, – Fesenko potensial baş nazir müavininin üstünlüklərini sadalayıb.
Polittexnoloq Sergey Qayday “kadr aclığı” ilə bağlı fikirlə razılaşır və bunu daha sərt – “idarəçilik böhranı” adlandırır. Onun fikrincə, bu, ötən il Zelenskinin “Xalq xidmətçisi” partiyası hakimiyyətə gəldiyi vaxtdan hökumət üzvlərinin durmadan dəyişməsində özünü biruzə verir.
Zelenski ancaq “yeni simalar” siyasətindən imtina etmək qərarına gəlib və təcrübəli insanlar axtarmağa başlayıb – Fesenko deyir.
“Görünür ki,yeni güclü impulsa ehtiyac var – əvvəl islahatlar üçün, indi böhran əleyhinə menecment üçün”, – politoloq qeyd edib.
Gürcüstanın keçmiş prezidentinin baş nazirin müavini vəzifəsinə namizədliyi müzakirə olunduğu zaman ukraynalı ekspertlər Saakaşvili ilə hazırkı kabinetin üzvləri arasında mümkün münaqişə riskini qeyd edirdilər.
Fesenkonun sözlərinə görə, prezident komandasının bəzi üzvləri Poroşenko ilə vəziyyətin təkrarlanmasından, Saakaşvilinin yenə də prezidentin müttəfiqindən kəskin tənqidçisinə çevrilməsindən çəkiniblər.
Münaqişənin ən mümkün variantı daxili işlər naziri Arsen Avakovla bağlı ola bilərdi. Onunla Saakaşvili arasında artıq səs-küylü mübahisə yaşanıb.
Sergey Qayday Saakaşvilinin iştirakı ilə münaqişələri qaçılmaz hesab edir.
“O, korrupsiyaya qarşı dözümsüzdür, belə deyək, dünyagörüşünün olmamasına qarşı dözümsüzdür. Bu, ən azı hökumətlə və Zelenskinin çevrəsi ilə qaçılmaz münaqişə deməkdir”, – polittexnoloq deyir.
Gürcüstanın hazırı hakimiyyəti Mixail Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyin edilməsi ehtimalına qarşı çıxıb. Rəsmi Tbilisi təmsilçilərinin bəyanına görə, Gürcüstan məhkəməsinin haqqında bir neçə ittiham hökmü çıxardığı bir şəxsin Ukraynada vəzifəyə təyin edilməsi qəbulolunmazdır.
Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsi və onun nailiyyətləri haqda JAMnews-un məqaləsində – “Mixail Saakaşvili haqda gürcülərə vermək istədiyiniz altı sual”