Ukrayna kilsəsinin tanınması Abxaziya kilsəsinin yaradılmasına gətirib çıxara bilər
Kainat patriarxı Varfolomeyin Ukrayna pravoslav kilsəsinə təqdim etdiyi avtokefaliya haqqında tomos Gürcüstan kilsəsini dərin fikrə getməyə məcbur edib. Heç bir qərar yaxşı heç nə vəd etmir – artıq Rusiya kilsəsindən müstəqil Ukrayna pravoslav kilsəsinin tanınması da, tanınmaması da.
Gürcüstan kilsəsi üçün burada seçim yalnız bir-biri ilə rəqabət aparan pravoslav mərkəzləri arasnda deyil: Rusiya pravoslav kilsəsinin arxasında Kremlin gücü durursa, Kainat patriarxının pravoslav dünyasında qanunvericilik hüququ var.
•Ukrayna kilsəsi müstəqil oldu və Rusiya kilsəsi niyə etiraz edir
•İki abxaz kilsə strukturu necə və nəyə görə Yeni Afon uğrunda mübahisə edirlər
Gürcüstan pravoslav kilsəsi üçün istənilən seçim başqa bir məna kəsb edir ki, bu da reallıqda onun üçün Ukrayna pravoslav kilsəsinin taleyindən daha vacibdir. İş burasındadır ki, istənilən qərar özündə Abxaziyada kilsə probleminin “donunun açılması” perspektivini daşıyır.
Moskva və Konstantinopol arasında
2008-ci ildə Cənubi Osetiyadakı müharibə nəticəsində Rusiya Abxaziyanı dövlət kimi tanıdı. Lakin bu akt kilsə məsələsinə heç cür təsir etmədi. Rusiya pravoslav kilsəsi əvvəlkitək Abxaziya kilsəsini Gürcüstan kilsəsinin əzəli hissəsi kimi tanıyır.
Eyni zamanda, 1992-1993-cü illər Gürcüstan-Abxaziya müharibəsinin başa çatmasından sonra Abxaziyadakı kilsə yüksək rütbəli din xadimlərinin diqqətindən kənarda qalıb – gürcüstanlı din xadimlərinin məlum səbəblər üzündən Abxaziyaya getməsi mümkün deyil.
Bu dövr ərzində yaranmış vakuumu iki kilsə strukturu doldurub ki, bunların da heç biri heç kim tərəfindən tanınmayıb və onlar da öz aralarında yola getmirlər – bunlar Vissarion atanın rəhbərliyi altında Abxaziya pravoslav kilsəsi və Dorofey (Dbar) atanın rəhbərliyi altında Abxaziya müqəddəs metropoliyasıdır.
Bunların hər biri haqqında qısa arayış.
Abxaziya pravoslav kilsəsi
Abxaziya pravoslav kilsəsinin rəhbəri Vissarion ata Bütün Gürcüstanın katolikos-patriarxı İkinci İliya tərəindən təyin edilib və bu, hələ 1990-cı illərdə Gürcüstan-Abxaziya münaqişəsi başlayana qədər baş verib.
Vissarion Rusiya pravoslav kilsəsinin məxsusi etimadını qazanmış adamdır. O, Gürcüstan kilsəsi ilə münasibətləri birtərəfli qaydada kəsib. Onun tabeliyində olan məbədlərdə yalnız rus keşişlər xidmət edir və dualarda gürcü katolikos-patriarxı deyil, Rusiya pravoslav kilsəsinin başçısı Kirilin adı çəkilir.
Abxaziya müqəddəs metropoliyası
Əksinə, Dorofey ata bir vaxtlar Rusiya pravoslav kilsəsi tərəfindən təyin olunub, lakin məhz onun Moskva ilə münasibətləri alınmayıb.
2000-ci illərin ortalarında Dorofey Yunanıstana yollandı və orada Ellada pravoslav kilsəsinin Qumenisa metropoliyasının ştatına daxil edilib. Elə həmin vaxt o, Salonikidə Aristotel universitetinin ruhanilik fakültəsini bitirib.
2011-ci ilin aprel ayında Dorofey ataya Ellada kilsəsi tərəfindən arximandrit rütbəsi verilib və bundan sonra o, vətənı qayıdıb.
Bir ay sonra o, Yeni Afon monastırında kilsə-xalq yığıncağı keçirib və bu yığıncağın nəticəsi olaraq Abxaziya müqəddəs metropoliyası yaradılıb.
Dorofey atanın bu cür öz xoşu ilə hərəkət etməsi Moskvanın kəskin reaksiyasına səbəb oldu. Bir neçə gündən sonra Maykop və Adıgey yepiskopu Tixonun fərmanı ilə ona bir il müddətində xidmət qadağası qoyuldu. Sonradan bu qadağa bir daha uzadıldı.
Bu vaxt Dorofey ata rəsmi olaraq Rusiya pravoslav kilsəsi ilə əlaqələri kəsdi.
İki kilsə strukturunun münaqişəli münasibətləri
Bu iki kilsə strukturu arasında münasibətlər ilk gündən çox mürəkkəb idi. Uzun müddət onlar arasında açıq düşmənlik hökm sürürdü.
Lakin təxminən bir il əvvəl əlamətdar hadisə baş verdi – Dorofey ata Moskva xəstəxanalarından birində müalicədə olan Vissarion atanı ziyarət etdi. Bundan sonra münasibətlərdə nəzərə çarpacaq dərəcədə istiləşmə yarandı.
Lakin Abxaziyadakı kilsə məsələsinin həlli metodlarına baxışlar hər bir tərəfdə əvvəlki kimi qaldı.
Vissarion ata əvvəlkitək yalnız Rusiya pravoslav kilsəsinə bel bağlayır.
Dorofey ata hesab edir ki, Konstantinopol vasitəsilə Abxaziya kilsəsinin avtokefaliyasına nail olmaq lazımdır – başqa sözlə, “Ukrayna yolu” ilə gedilməlidir.
Status-kvo pozulduqdan sonra
Ukrayna pravoslav kilsəsinin tanınmasına qədər Abxaziya avtokefalisyası haqqında ideya aşkar utopiya kimi görünürdü.
Son dörddəbir əsr ərzində Kainat patriarxı bir neçə kilsəni tanısa da, postsovet məkanına Moskva patriarxatlığının inhisarı qorunub saxlanırdı.
Rusiya pravoslav kilsəsində də Abxaziya avtokefaliyası ideyası müzakirə də edilmirdi, çünki bu zaman Gürcüstan kilsəsi ilə münasibətlər pozulacaqdı – halbuki, onunla münasibətlər ənənəvi olaraq gözəl olub.
Lakin indi, status-kvo pozulduqdan sonra Abxaziya kilsəsinin şansı yaranıb. Dorofey ata və Vissarion ata bu gözəl dərk edirlər. Onlar işə xələl gətirməmək üçün vəziyyəti, demək olar ki, heç cür şərh etmirlər.
Gürcüstan ali dini rəhbərləri də sükutu pozmamağa şad olardılar, fəqət çətin ki, onlarda bu alınsın. Həm Gürcüstanda, həm Kiyevdə, həm də Kontantinopolda onların seçimini gözləyirlər. Belə görünür ki, istənilən seçim Gürcüstan kilsəsini dalana dirəyəcək.
Variantlar
Bir tərəfdən, Rusiya pravoslav kilsəsi birmənalı olaraq gürcüstanlı din rəhhbərlərinə eyham vurur ki, əgər Gürcüstan pravoslav kilsəsi Ukrayna kilsəsinin avtokefaliyasını tanısa, o (Gürcüstan kilsəsi), avtomatik olaraq Rusiya kilsəsinin nəzərində pravoslav olmaqdan çıxır.
Bu zaman Moskva patriarxatı real alternativ kimi Abxaziya kilsəsini tanıya və onu öz himayəsinə götürə bilər.
Digər tərəfdən, Kainat patriarxının gücü böyükdür. O, Moskvanın ciddi müqavimətinə baxmayaraq, Ukraynaya tomos bəxş etdi. Eyni hərəkəti Abxaziya ilə də edə bilər, burada həm təzyiq xeyli azdır, eyni zamanda, dəmir-beton səbəb də var – dörddə bir əsrdən çoxdur ki, Abxaziyanın ərazisinə heç bir kilsə tərəfindən nəzarət olunmur, bu isə düzgün deyil.
Əlbəttə, həm bu, həm digər variant tezliklə həyata keçirilə bilən deyil. Buna baxmayaraq, status-kvo pozulub, deməli, perspektivlər var.
Lakin üçüncü variant da var ki, bu, heç cür xatırlanmır, fəqət bununla birlikdə onun da yaşamaq hüququ var. Və bu variant Gürcüstan tərəfi üçün daha az ağrılıdır.
Variant bundan ibarətdir ki, Gürcüstan pravoslav kilsəsinin özü abxazlara avtokefaliya təqdim edə və bu yeni qurum üçün ana kilsə ola və bundan doğan bütün üstünlüklərdən yararlana bilər. Başqa sözlə, 1943-cü ildə Gürcüstan pravoslav kilsəsi barəsində həyata keçirilmiş ssenarini təkrarlaya bilər. O zaman Rusiya pravoslav kilsəsi Gürcüstan pravoslav kilsəsini tanımışdı.
Vəziyyət necə inkişaf edirsə etsin, “abxaz” kilsə məsələsinin tezliklə həllini heç kim gözləmir. Ola bilsin ki, proses illərlə uzansın, ola da bilsin onillərlə.
Hazırda çətin ki, kimsə onun həllinin nəticəsini və/və ya müddətlərini söyləyə bilsin. Lakin Ukrayna pravoslav kilsəsinin tannması ilə bağlı bu problemin ölü nöqtədən tərpənməsi, yəqin ki, şübhə doğurmayan faktdır.