Kəlbəcər rayonunun (Qarabağ münaqişəsi zonası) Azərbaycana təhvil verilməsi noyabrın 25-ə təxirə salınıb
Kəlbəcər rayonunun (Qarabağ münaqişəsi zonası) noyabrın 15-də baş tutmalı olan Azərbaycana təhvil verilməsi noyabrın 25-ə təxirə salınıb.
Ermənistam Moskva vasitəçiliyi ilə bu xahişlə Azərbaycana müraciət edib. Səbəb kimi logistika problemləri göstərilib.
Azərbaycan on günlük ertələnməyə razılaşıb.
Kəlbəcər rayonunun 2020-ci il noyabrın 15-də Azərbaycana təhvil verilməsi Azərbaycan, Ermənistan və Rusiya tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanatda nəzərdə tutulub. Razılaşmaya əsasən, Ermənistan aşağıdakı qrafik üzrə Dağlıq Qarabağ ətrafındakı daha iki rayondan qoşunlarını çıxarmalı və əraziləri Azərbaycanın nəzarətinə verməlidir: noyabrın 20-ə qədər Ağdam rayonu, dekabrın 1-ə qədər Laçın rayonu.
Razılaşmanın digər şərtləri arasında bunlar var:
• Ermənistan və Azərbaycan razılaşma imzalanana qədər tutduqları mövqelərdə qalır.
• Dağlıq Qarabağda təmas xətti boyunca 1960 hərbçidən ibarət Rusiya sülhməramlıları dayanacaq.
• Məcburi köçkünlər Dağlıq Qarabağ və ətraf rayonların ərazisinə qayıdır.
• Tərəflər hərbi əsirlərin dəyişdirilməsini həyata keçirməlidir.
• Regionada bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır.
- Şərh: Niyə Qarabağda sülh etibarlı deyil və niyə Rusiyanın Qərbin dəstəyinə ehtiyacı var?
- Sülhməramlıların əvəzinə yeddi rayon və Şuşa: Azərbaycanda bununla razıdırlarmı? – Video-sorğu
- Qarabağ müharibəsinin nəticəsini nə müəyyən etdi? Hərbi ekspertlərin dəyərləndirməsi
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev brifinqdə bildirib ki, prezident İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Rusiyanın vasitəçiliyi ilə Azərbaycana Ermənistan tərəfinin xahişi çatdırılıb. Ermənistan tərəfi işğal olunmuş əraziləri tərk etmək üçün Azərbaycandan vaxt istəyib – Hacıyev qeyd edib.
“Bəyanatın tələblərindən biri ermənilərin noyabrın 15-dək Kəlbəcərdən çxarılması idi. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib.
Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”, – Azərbaycan prezidentinin köməkçisi bildirib.
Brifinqdə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Hüseyn Mahmudov da iştirak edib. Onun sözlərinə görə, Azərbaycan ordusu Kəlbəcərə iki istiqamətdən daxil olacaq – Göygöl və Daşkəsən tərəfdən. “Ordunun birinci vəzifəsi Azərbaycanın Ermənistanla dövlət sərhədində möhkəmlənməkdir”, – Mahmudov deyib.
General əlavə edib ki, Azərbaycan ordusu Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrindən azad olması prosesini diqqətlə izləyir.
Brifinqdə o da qeyd olunub ki, noyabrın 20-ə qədər Ermənistan qüvvələri Ağdam rayonunu azad etməlidir. Dekabrın 1-ə qədər isə Laçın rayonu Azərbaycanın nəzarətinə verilməlidir. “Bu məsələlərdə heç bir ertələnmədən söhbət gedə bilməz”, – Brifinq zamanı Hikmət Hacıyev deyib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında Qarabağda atəşin dayandırılması haqda üçtərəfli bəyanat imzalanıb. Bəyanatın şərtlərinə əsasən, Ermənistan tərəfi göstərilmiş müddətdə üç rayonu azad etməli, münaqişə zonasının qalan hissəsinə isə Rusiya sülhməramlıları daxil olmalıdır.