Üç illik məhkumluqdan sonra müharibə veteranı hökumət evinin yanında etiraz aksiyasına başlayıb
3 il 8 ay məhkumluq həyatı yaşayan Qarabağ müharibəsi veteranı ehtiyat polkovniki Volodya Avetisyan bu gün amnistiya ilə azadlığa buraxılıb.
Cəza müəssisəsindən çıxandan sonra o, öz evinə getməyib, hökumət evi qarşısında oturaq etiraz aksiyasına başlayıb.
Ehtiyatda olan zabit bir neçə il əvvəl veteranların sosial şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları təşkil etməyə başlayıb, bundan sonra 2012-ci ilin sentyabrında dələduzluqda ittiham olunaraq həbs edilib. Növbəti yay isə məhkəmə qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Valodya Avetisyan və onun dostları, silahdaşları bildirirlər ki, hakimiyyət ona qarşı ittihamları saxtalaşdırıb və bununla da onu ədalət uğrunda mübarizə aparanların sırasından çıxarmağa nail olmaq istəyib.
Volodya Avetisyan əmin edib ki, nəinki veteranların haqları uğrunda, məhbusların haqlarının müdafiəsi üçün də mübarizə aparacaq.
O qeyd edib ki, oturaq aksiya vasitəsilə ölkədə qanunların işləməsinə nail olmaq istəyir: “Ermənistanda qanunlar işləmir. Qanunlar kağız üzərindı yazılıb, Milli Məclis, prezident tərəfindən təsdiqlənib, amma işləmirlər”.
Avetisyan hamını ona qoşulub, hakimiyyət dəyişikliyi tələb etməyə çağırıb.