Türkiyə Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradır? İstanbuldan icmal
Fevralın sonlarında Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Rusiyaya qarşı qərb dövlətləri getdikcə artan tempdə böyük sanksiya zərfləri hazırlayıb, bunların tətbiqinə başladılar. Əksər Rusiya bankları beynəlxalq SWIFT sistemindən kənarlaşdırıldı, gəmi vasitəsilə satılan Rusiya neftinin alışı dayandırıldı, Aİ-yə üzv dövlətlər təbii qaz üçün alternativ mənbələr axtarışına çıxdı.
NATO-ya üzv, Avropa İttifaqına isə üzvlüyə namizəd dövlət statusunda olan Türkiyə bu iqtisadi sanksiyaların böyük əksəriyyətinə qoşulmadı. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu BMT qərarı olarsa, sanksiyalara qoşulacaqlarını bildirdi.
- Türkiyənin təşəbbüsü dünya üçün son şans ola bilər – Bakıdan şərhlər
- Keçmiş azərbaycanlı məmur Polşada “Putinin sifarişilə” saxlanılıb?
- Özünü rahat hiss etmək üçün nə qədər pul qazanmalısan? Bakı, Yerevan və Tbilisidə sorğu
Münaqişənin mediatoru və əlaqə kanalı
Türkiyə Rusiyaya qarşı total sanksiyalara qoşulmayaraq, Ukrayna və Qərb üçün münaqişənin mediatoru, müəyyən mənada əlaqə kanalına çevrildi. Dünya iqtisadiyyatı və xüsusilə “Afrika buynuzu” kimi bilinən Şərqi Afrika dövlətləri üçün çox böyük əhəmiyyət daşıyan Rusiya və Ukrayna taxılının Qara dənizdəki müharibəyə baxmayaraq, limanlardan təhlükəsiz şəkildə ixrac edilə bilməsi üçün razılığa gəlinən “taxıl anlaşması” məhz Türkiyənin vasitəçiliyi ilə baş tutdu. Bu razılıqdan sonra taxıl qiymətləri nisbətən endi və böyük qıtlıq riskinin qarşısı alınmış oldu.
Bundan əlavə, Türkiyə əsirlərin dəyişdirilməsi məsələsində də vasitəçilik etdi. Xüsusilə, Mariupolun “Azovstal” zavodunu müdafiə edərkən əsir düşmüş döyüşçülər Rusiyadan Türkiyəyə o şərtlə təhvil verildi ki, onlar müharibənin sonuna qədər Türkiyədə qalacaqlar və yenidən ölkələrinə qayıdıb döyüşlərdə iştirak etməyəcəklər.
Sanksiyalardan yayınmada rolu varmı?
Bütün bu vasitəçilik bacarığına baxmayaraq, Ukraynanı və Qərbi narahat edən əhəmiyyətli bir mövzu var: Türkiyə Rusiyanın sanksiyalardan yayınması üçün də vasitəyə çevrilibmi, ya yox?
Bununla bağlı əvvəlcə bəzi statistik məlumatlara nəzər yetirək. “Financial Times” nəşrinin informasiyasına görə, 2022-ci ilin may-iyul ayları ərzində Türkiyənin Rusiyaya ixracatı ötən ilin eyni dövrünə nisbətən 46% artıb. “Hürriyet”in məlumatına görə isə, Türkiyənin Rusiyadan idxalı keçən ilə nisbətdə düz 187% yüksəlib.
Bu rəqəmlərdən görmək olur ki, bütün qərb koalisiyasının Rusiya ilə ticarət əlaqələrinin zəiflədiyi bir dövrdə Türkiyə bu mövzuda son illərin rekord artım göstəricilərinə nail olub. Ancaq bu statistika “Türkiyə Rusiyanın ona qarşı tətbiq olunan sanksiyalardan yayınması üçün mərkəzə çevrilibmi?” sualına tam olaraq cavab verə bilmir.
“Mir” ödəniş sistemi və baş tutmayan sövdələşmə
Rusiya SWIFT beynəlxalq köçürmələr sistemindən çıxarılandan sonra bu ölkənin xarici maliyyə əlaqələrində “Visa” və “Master Card” kimi bilinən ən populyar bank ödəniş sistemləri fəaliyyətini dayandırmalı oldu. Rusiya bankları isə bu sistemə alternativ olaraq yaradılmış “Mir” ödəniş sisteminə keçid etdilər.
“Mir” ödəniş sistemi Rusiyanın Krımı ilhaq etməsindən sonra bu ölkənin Qərblə münasibətlərinin pozulduğu bir dövrdə yaradılıb və Qərbin iqtisadi hegemoniyasının parçası olan SWIFT sisteminə rəqib olacağı gözlənilirdi.
Ancaq bu sistemə aid bank kartları hazırda Rusiyadan başqa sadəcə 6 ölkədə aktivdir. Bunlar Belarus, Misir, Qırğızıstan, Tacikistan, Venesuela və Kubadır.
2022-ci ilin aprel ayında Türkiyənin maliyyə naziri Nurəddin Nəbati də “Mir” ödəniş sisteminin Türkiyəyə faydalı olacağını, xüsusilə bura gələn rus turistlərin vəziyyətini rahatlaşdıracağını demişdi. Bundan sonra prezident Rəcəb Tayyip Ərdoğan ölkəsinin beş bankının “Mir” sistemində fəaliyyət göstərə bilmək üçün işlər gördüyünü açıqlamışdı.
Ukrayna Mərkəzi Bankının sədri və avropalı diplomatlar isə Türkiyə banklarından bu sistemə keçməməyi xahiş etmişdi.
“Denizbank” və “İş Bankası” kimi Türkiyə bankları sanksiyaya məruz qalmaq ehtimallarından çəkinərək, artıq “Mir” sisteminə inteqrasiya ilə bağlı fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.
Detalları bilinməyən iqtisadi müqavilə
Qərb dövlətlərini narahat edən başqa bir mövzu da var. Avqustun 6-da Rusiyanın Soçi şəhərində keçirilən Ərdoğan-Putin görüşündən sonra açıqlanan bəyanata görə, Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı müqavilə imzalanıb. Ancaq bu müqavilənin nəyi nəzərdə tutması ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilməyib.
Prezident Ərdoğan həmin görüşdən sonra Rusiyadan təbii qazı rus rublu ilə alacaqlarını bildirmişdi, “Mir” ödəniş sisteminə keçidlə bağlı açıqlamasını da məhz həmin gün vermişdi. İqtisadi əlaqələrin genişləndirilməsinin başqa nələri ehtiva etdiyi isə hələ də naməlum qalır.
Avropanın narahatlığı və Türkiyə XİN-in açıqlaması
Oktyabr ayının əvvəlində Avropa İttifaqı sanksiyalardan yayınma məsələsi ilə bağlı Türkiyəyə xüsusi bir nümayəndə heyəti göndərmişdi. Avropa Komissiyasının maliyyə xidmətlərindən məsul üzvü Meyrid Makginnes Türkiyəyə gələrək maliyyə naziri Nurəddin Nəbati, Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu və ticarət naziri Mehmet Muşla görüşmüşdü.
Bu görüşdə Makginnesin Türkiyə şirkətlərinin Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün vasitəçilik etməsi mövzusunda narahatlığını açıqladığı bildirilmişdi.
Türkiyə Xarici İşlər Nazirliyi isə qərb dövlətlərinin Türkiyədəki səfirlərini qəbul edərək, xüsusi görüş keçirmiş və onlara Türkiyə-Rusiya iqtisadi əlaqələrinin sanksiyaları pozmaması ilə bağlı açıqlama vermişdi.
Yeni təbii qaz qovşağı planları
Türkiyə ilə Rusiyanın əlaqələri mövzusunda son günlər müzakirə edilən ən önəmli məsələlərdəmn biri də Putinin Türkiyənin təbii qaz qovşağına çevrilməsi ilə bağlı təklifidir.
Rusiya prezidenti Avropaya satılan təbii qazın Türkiyədə qurulacaq bir bazaya, oradan da Avropa dövlətlərinə göndərilməsini təklif edib.
Türkiyə prezidenti Ərdoğan da belə bir təklifə müsbət baxdığını bildirib, hətta Trakiya regionunun bu cür mərkəz üçün uyğun ola biləcəyini açıqlamışdı.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel isə Türkiyədən və bütün digər müttəfiqlərindən Rusiya üçün “təhlükəsiz ərazi” olmamağı istədiklərini deyərək, belə bir təbii qaz qovşağı təklifinə neqativ yanaşdıqlarını vurğulayıb.
Enerji məsələləri üzrə mütəxəssis Ali Arif Aktürkün də fikrincə, sözügedən qovğaşağın qurulması çox çətin məsələdir. O deyir ki, bu mərkəz üçün hər şeydən əvvəl yeni təbii qaz kəmərləri çəkilməlidir, çünki hazırkı borular tam gücü ilə işləyir və sadəcə Türkiyənin ehtiyacı qədər qaz ixrac edə bilir. Yeni kəmər layihəsinin isə həm maddi, həm texniki cəhətdən çətin olduğunu deyən Aktürk müharibə şəraitindəki Rusiyanın belə böyük xərcin altına girə biləcəyinə inanmadığını deyib.
Rusiya Energetika və Maliyyə İnstitutunun energetika üzrə direktor müavini Aleksey Beloqoryev öz növbəsində bildirib ki, Avropa dövlətlərinin Rusiya qazından tamamilə imtina etməyi planlaşdırdığı bir dövrdə belə böyük sərmayə ayırmaq üçün qazın alıcıları mövzusunda əmin olmaq lazımdır. O, bu layihəni “Şimal axını–2” ilə müqayisə edərək deyib ki, heç kim “Türk axını”nın da eyni taleyi yaşamayacağını bilə bilməz.
Avropa Gömrük İttifaqı: “Bütün üzv dövlətlər birlikdə işləməlidir”
Hazırda Avropa İttifaqı sanksiyalarla bağlı Türkiyə ilə yenidən müzakirəyə başlamaq barədə düşünür. Xüsusilə, Avropa Gömrük Birliyinin Rusiyaya sanksiya tətbiq etməmiş yeganə üzvünün Türkiyə olmasının bu müzakirələrdə əhəmiyyətli yer tutacağı bildirilir.
Gömrük Birliyinin bu ay açıqlanan 2022-ci il üzrə hesabatına əsasən, Türkiyənin bu davranışı üzvlüklə bağlı ciddi problemlər yarada bilər. Hesabatda deyilir ki, birliyin normal işləmək qabiliyyətini davam etdirməsi üçün bütün üzv dövlətlər birlikdə işləməlidir.
Marşal Fondunun mütəxəssisi Kadri Taştan bu açıqlamaların Türkiyəni təxribata çəkmədən xəbərdarlıq etmək üçün verildiyini deyir. O bildirib ki, Türkiyənin Rusiyaya ixracının bir ildə ikiqat artması Aİ-ni narahat edir.