Xəstə yaxınları – Türkiyə həkimlərinin kabusu
Türk Təbibləri Birliyi Türkiyə hakimiyyəti qarşısında onları həyati təhlükə altında işləməkdən qurtarmağı tələb edib. Bu tələbi TTB Türkiyənin paytaxt xəstəxanalarından birində xəstə yaxınları tibb personalına hücum edəndən sonra qaldırıb.
Nə baş verib?
Sentyabrın 22-də Ankara Keçiören Tədris və Araşdırma Xəstəxanasına güllə yarası almış iki nəfər gətirilib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Bu zaman aralarında mərhumun həyat yoldaşı da olmaqla on nəfərə qədər qohumu xəstəxananı dağıtmağa, xəstəxana heyətinə hücum etməyə başlayıb. Sayları çox olduğu və çox aqressiv davrandıqları üçün klinikanın mühafizə əməkdaşları onların qarşısını ala bilməyib.
•Aya Sofya məscid oldu. Foto və hekayə
•Təcavüzə uğramısan? Təcavüzkara ərə get – Türkiyədə məhz bu cür qanun qəbul edilir
Özlərini və digər xəstələri qorumaq üçün reanimasiya şöbəsinin personalı şöbənin qapılarını bağlayaraq, qapı qarşısında bədənlərini canlı sipər ediblər. Polislər xəstəxanaya gələnə qədər xəstə yaxınları qapıları təpikləməyə və yumruqlamağa davam edib, ağır əşyalarla vuraraq açmağa çalışıblar.
Polis hadisə yerində 5 nəfəri saxlayıb. Məhkəmə qarşısına çıxan bu şəxslərdən ikisi həbs edilib, üçü istintaqa cəlb olunub.
Səhiyyə naziri Fahrettin Koca hücuma məruz qalan xəstəxana personalını ziyarət edib. “Səhiyyə camiəsi olaraq üzgün və mövzunu nəzarətdə saxlamaqda qərarlıyıq” – nazir Twitter hesabında yazıb.
Son 10 ildə 90 mindən çox şiddət hadisəsi
Türkiyə üçün xəstə yaxınlarının səhiyyə işçilərinə hücumu, xəstəxanada dava-dalaş salmaları tez-tez rast gəlinən hadisədir. Az qala hər gün xəbər bülletenlərində belə hadisəyə rast gəlmək mümkündür.
Ailə Həkimliyi Çalışanları Həmkarlar İttifaqının açıqladığı hesabata əsasən, son 10 ildə Türkiyədə xəstə yaxınları tərəfindən səhiyyə işçilərinə qarşı 90 mindən çox hücum qeydə alınıb. Ölkədəki bütün tibb işçilərinin 60 faizə yaxını on dəfədən artıq şiddətə məruz qalıb.
Həmkarlar İttifaqının nümayəndəsi professor Akpınar bildirib ki, şiddətə məruz qalan tibb işçilərinin yalnız yarısı qanuni yolla haqlarını müdafiə edir:
“Hüquqi yardım tələb etməmələrinin səbəbi isə əsasən “qeydə alınır, ifadə verilir, şikayətçi olunur. Məhkəmə mərhələsi başlayır və heç bir nəticə əldə edilmir” düşüncəsidir. Səhiyyə işçilərinin 64,7 faizi hüquqi yolla nəticə əldə edə biləcəyinə inanmır. Buna görə də qanunvericilikdə bu mövzuda düzəlişlərə daha çox önəm verilməlidir”, – o deyib.
Qanun sərtləşdirilir
Əslində Türkiyədə bu kimi hallar çox yayıldığı üçün Cinayət Məcəlləsində səhiyyə işçilərinə qarşı şiddətin cəzalandırılması ilə bağlı ayrıca maddə var. Hətta 2020-ci ilin aprelində Milli Məclis tibb işçilərinə qarşı şiddətə görə cəzanın ağırlaşdırılması ilə bağlı qanuna dəyişiklik layihəsini də qəbul edib.
Təsdiqlənən dəyişikliklərə əsasən ictimai və özəl səhiyyə müəssisələrində çalışan personala qarşı vəzifə başında ikən yaralama, təhdid, təhqir və işinə maneə törətməyə görə cəza əvvəl nəzərdə tutulan cəzanın yarısı qədər artırılıb. Üstəlik bu cinayətləri törədənlərə münasibətdə həbs qətimkan tədbirinin ertələnməsi, hökmün açıqlanmasının sonraya saxlanması kimi güzəştlər də artıq tətbiq edilmir .
Həkimi yaralayan şəxsə 20 il cəza
Qanuna edilən bu dəyişiklik artıq nəticəsini verməyə başlayıb. Sentyabrın 23-də məhkəmə ötən il izmirli həkimi yaralayan şəxs haqqında ağır cəza hökmü çıxarıb.
2019-cu il oktyabrın 16-da Bayram Kaynak adlı şəxs İzmir şəhər xəstəxanalarından birində ona göstərilən tibbi xidmətdən narazı qaldığı üçün ülgüclə həkim Kadir Songürü boğazından yaralamışdı. Həmkarlarının zamanında müdaxiləsi nəticəsində o sağ qalmışdı.
Prokuror Kaynak üçün 13 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəmişdi. Hakim isə cəzanın ən üst həddinə – 20 il cəzaya hökm verdi.
“Səhiyyədə şiddətə yox!”
Keçiören xəstəxanasında baş verənlər cəmiyyətdə böyük qəzəbə səbəb olub. Həkimlər və sadə vətəndaşlar sosial şəbəkələrdə qəzəblərini #SağlıktaŞiddeteHayır (Səhiyyədə Şiddətə Yox) heşteqi ilə etdikləri paylaşımlarla ifadə ediblər.
Vətəndaşlardan biri Twitter hesabında bunları yazıb:
“Pandemiya səbəbilə canlarını təhlükəyə ataraq işləməyə davam edən, bütün sosial həyatları bitən, evinə və ailəsinə həsrət qalan səhiyyə işçilərinə bir də bu qorxunu yaşatmaq vəhşilikdir”.