Türkiyə Yunanıstanı terrorla mübarizə aparmaq istəməməkdə günahlandırıb
Yunanıstan məhkəməsi ötən ilin iyulunda baş verən hərbi çevriliş cəhdindən sonra qaçan türk hərbçilərinin ekstradisiya edilməməsi haqda qərar çıxarandan sonra Türkiyə hakimiyyəti Yunanıstanı terrorla mübarizə aparmaq istəməməkdə günahlandırıb. Türkiyə bu qərarı siyasi motivli adlandırıb.
“Qonşumuz və tərəfdaşımız Yunanıstan növbəti dəfə terrorla mübarizənin əsaslarına zidd davranıb”, – Türkiyə XİN-nin bəyanatında deyilir. Ankara Afinanı həmçinin Türkiyədə həmlələr etmiş ultra-sol və kürd qruplaşmalarının üzvlərini gizlətməkdə də ittiham edir.
XİN bəyan edib ki, Türkiyə qiyamçıların ekstradisiyasına və məhkəmə qarşısında cavab verməsinə nail olmaq üçün səylərini davam etdirəcək.
Türkiyə hakimiyyəti hərbçiləri çevriliş cəhdində iştirak etməkdə günahlandırır və məhkəmə istintaqının keçirilməsi üçün ölkəyə qaytarılmasını tələb edir. Vertolyotla Yunanıstana qaçmış səkkiz hərbçi günahsız olduğunu bildirir və Türkiyəyə qayıdacaqları təqdirdə həyatlarının təhlükədə olduğunu deyirlər.
BBC-nin xəbər verdiyi kimi, hakim Giorqos Sakkas hökmü oxuyarkən bildirib ki, Türkiyədə onların ədalətsiz mühakimə ilə üzləşəcəyi ehtimalı var.
Türkiyədə hərbi çevriliş cəhdi ötən il iyulun 15-də baş verib. Qiyamçı hərbçilər bir Ankara və İstanbulda neçə saatlıq əsas küçələri, körpüləri və bir neçə strateji əhəmiyyətli binanı nəzarət altına götürə bilmişdilər, amma tezliklə qiyam yatırılmış, qiyamçılar həbs edilmişdi.
Qiyam nəticəsində yüzlərlə insan həlak olmuşdu.
Türkiyə hakimiyyəti çevriliş cəhdinin təşkilində hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Güləni günahlandırdı və onun ekstradisiyasını tələb etdi.
İstintaq gedişatında Türkiyədə minlərlə insan həbs edildi. Həbs olunanlar haqlarının pozulmasından şikayətlənir, işgəncəyə məruz qaldıqlarını bildirirdilər.