Türkiyə və Azərbaycanın hərbi ittifaqı Rusiyanın NATO-ya qarşı tələblərinə nə dərəcədə uyğundur? – Bakıdan şərh
NATO-nun təsirinin şərqə yayılması ilə bağlı Rusiya postsovet məkanını öz “qırmızı cizgi”si adlandırır. Azərbaycan isə NATO üzvü olan Türkiyə ilə hərbi sahədə fəal əməkdaşlıq edir. Türkiyə və Azərbaycan hərbi ittifaq haqda elan edib və bu, 2021-ci ildə Şuşada imzalanmış bəyannamə ilə təsbit olunub. Bu, Rusiya və Azərbaycan arasındakı münasibətlərə necə dəsir edə bilər? Siyasi icmalçı Aqşin Kərimovun şərhi.
- “Heç bir NATO!” Rusiya və ABŞ arasında təhlükəsizlik üzrə tarixin ilk danışıqları necə keçdi?
- Azərbaycanda qapalı çevrə: seçki pozuntuları və AİHM-in gecikən qərarları
- Bakıdan şərh: “Moskva aqressiyanı artırır”
- “KTMT Qazaxıstana hərbi kontingent göndərdi, Ermənistana isə gəlmədi”
2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyə faktiki olaraq hərbi ittifaq haqda elan ediblər. Beləliklə, sənəddə suverenlik və ərazi bütövlüyünə təhlükə yarandığı halda tərəflərin birbaşa hərbi yardım öhdəliyi haqda qeyd olunub.
Üstəlik, Türkiyə və Azərbaycan hər iki ölkənin ərazisində planlı birgə hərbi təlimlər keçirirlər. Sözügedən bəyannamə Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yaradılmasını istisna etmir.
Türkiyə ordusu NATO-da döyüş qabiliyyətinə görə ikincidir.
Rusiya və NATO arasında təhlüləsizlik üzrə Cenevrə danışıqlarında rəsmi Moskva Şimali Atlantika blokuna qarşı öz təsirini postsovet məkanına, o cümlədən də Qafqaz ölkələrinə yaymamaq tələbi irəli sürüb.
NATO üzvü ilə əməkdaşlıq Azərbaycanın Rusiya ilə münasibətlərinə necə təsir göstərə bilər? JAMnews bu sualla siyasi icmalçı Aqşin Kərimova müraciət edib.
“Rusiyanın tələbi aşkar hədədir”
1997-ci ildən bu yana NATO öz siyasi coğrafiyasını elə genişləndirib ki, Avropanın şərq hissəsindən Rusiyanın mühasirəsini daraldan bir mənzərə yaranıb.
Rusiya ona görə narahatdır ki, NATO düz burnunun dibinə çatıb və bu hal “soyuq müharibə” ovqatını yenidən gündəmə gətirir.
Onsuz da əvvəldən təməlləri qarşılıqlı qısqanclıq və hiddət doğuran mövqelərə söykənən münasibətlər Ukrayna mövzusu ilə daha da gərginləşir.
Rusiya vaxtı ilə SSRİ-nin tərkibində olmuş Latviya, Litva və Estoniyanın 2004-cü ildə NATO-ya üzv olmasından sonra qəzəbini çıxarmaq üçün hərbi potensialını genişləndirdi və dəfələrlə Baltikyanı ölkələrin sərhədində hərbi manevrlər etdi.
Həmin regiona açılan pəncərədə Rusiya strateji və hərbi üstünlüyə malik olsa da, bu ölkələri öz siyasi iradəsinə tabe etdirə bilməz, çünki hələ SSRİ dönəmindən həmin regionun Rusiyaya münasibəti aqressiv olub.
Bu regiondan sonra keçmiş SSRİ-yə daxil olan digər ölkələrin NATO üzvlüyü Rusiya üçün qırmızı cizgilərin keçilməsidir, Ukrayna ilə sərhədə malik olması isə məsələnin rəngini daha da tündləşdirir.
Ona görə də Gürcüstanın da NATO qapılarını döyməsini həzm edə bilmir və ritorikasını aqressivləşdirir.
Rusiya deyir ki, NATO proqramlarında iştirakla NATO-ya inteqrasiyanın sərhədləri dəqiqləşməlidir, bu, aşkar hədədir.
“Rusiya Bakını öz orbitinə çəkmək istəyir”
Azərbaycana gəlincə, Rusiya Bakını öz orbitinə çəkmək istəyir, Azərbaycan dövlətinin strateqləri isə bunun perspektivin ürəkaçan olmayacağını dərk edir, ancaq Moskvanın qəzəbinin artmaması üçün elə siyasət yürüdür ki, bu, Qərbin də, Kremlin də maraqlarını təmin edir.
Cənubi Qafqazda postmüharibə dövrü olsa da, Azərbaycanın xarici siyasət konsepsiyasında balanslılıq prinsipi əhəmiyyətli dərəcədə pozulmayıb.
Moskvaya meylli məqamların olmasında Qərbin də rolu var, çünki Qarabağ müharibəsində Britaniya istisna olmaqla Qərb tərəfindən Azərbaycana əhəmiyyətli dəstək gəlmədi, Bakı isə bunu əvvəldən bildiyinə görə, Ankara-Moskva tandemindən yararlandı.
Azərbaycan Türkiyə üçün “qırmızı cizgi”dir
Təbii ki, Kremlin NATO ilə bağlı xəbərdarlıqlarının bir ucu da Azərbaycana toxunur, çünki Azərbaycanla NATO əməkdaşlığı dərinləşib.
Azərbaycan hökuməti hazırda çox ehtiyatlı davranır. Bununla belə, hər hansı təcavüz və ya təcavüz elementi ilə üzləşdiyi halda Türkiyə faktorunun mövcudluğu bu təhdidi dəf etməkdə böyük rol oynayır.
Bu mənada Rusiyanın Azərbaycana münasibətinin açıq hissəsində hər hansı təhdidin səslənməməsi Türkiyə amili ilə bağlıdır, 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsi isə vaxtında görülən preventiv tədbirlərin tərkib hissəsi idi.
Şuşa Bəyannaməsi 2010-cu ildə imzalanan müqavilənin davamıdır, postmüharibə dövrü üçün yeni alətlər yaradan sənəddir.
Üstəgəl, Azərbaycan və Türkiyənin birgə təlimləri keçirilir, Azərbaycan hər keçən gün ordu gücünü artırır.
Kremldə qapalı qapılar arxasında Azərbaycanla bağlı planlar ola bilər, amma bu variant keçərli deyil, çünki Rusiya Türkiyə ilə də münasibətləri korlamaq istəməz. Çünki Azərbaycan Türkiyə üçün də qırmızı cizgidir.
Rusiyanın əlində olan ən böyük alətlərdən biri Azərbaycan ərazilərində yerləşdirilmiş sülhməramlılardır, bu məsələyə münasibətdə isə Ankaradan Bakıya əhəmiyyətli dəstək görmürük.
Bununla belə, bir əminlik var ki, Bakı Ankara ilə birlikdə Rusiya sülhməramlılarının çıxarılmasına nail olmaq istəyir.