Türkiyə prezidenti Konstitusiyaya edilən prezident səlahiyyətlərinin artırılması ilə bağlı dəyişikliyi təsdiqlədi
Fevralın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə Konstitusiyasına prezident səlahiyyətlərini genişləndirən və faktiki olaraq parlament idarə sistemindən prezident idarə sisteminə keçid anlamına gələn dəyişiklikləri təsdiqləyib. Ölkə qanunvericiliyinə əsasən düzəlişlər referendum vasitəsilə təsdiqlənməlidir.
Daha əvvəl Konstitusiyaya ediləcək dəyişiklikləri 330 lehinə səslə parlament təsdiqləyib. Çox güman ki, referendum aprelin 16-da baş tutacaq, dəqiq tarixi seçki administrasiyası müəyyən etməlidir.
Konstitusiya ediləcək dəyişikliklərə əsasən ölkədə güclü partiyalı prezident idarəetməsi tətbiq olunacaq. Prezident icra hakimiyyətinin başında duracaq və qanun gücündə fərmanlar vermək, fövqəladə hal elan etmək və parlamenti buraxmaq səlahiyyəti qazanacaq.
Dəyişikliklərə əsasən parlament səlahiyyətlərinin bir qismini itirir, Hakimlər və Prokurorların Ali Şurasının strukturu dəyişir.
Türkiyənin qüvvədə olan Konstitusiyası 1982-ci ildə qəbul edilib. 2007-ci ildə referendumun nəticələrinə görə Konstitusiyaya əlavələr paketi qəbul olunub ki, bunun da nəticəsində prezident köhnə Konstitusiyada olduğu kimi parlament tərəfindən deyil, ümumxalq səsverməsi ilə seçilməyə başlayıb. 2014-cü ildə keçirilən ilk birbaşa seçkilərdə 2003-cü ildən baş nazir vəzifəsini tutan Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan prezident seçilib.