Türkiyə lirəsinin ucuzlaşması: səbəblər iqtisadidir, yoxsa siyasi?
Ötən həftə Türkiyədə ABŞ dollarının məzənnəsinin kəskin artması və bunun ardınca az qala bütün məhsulların qiymətlərinin günbəgün sürətlə yüksəlməsi ölkədə gərgin iqtisadi vəziyyətin yaranmasına səbəb olub. Sonradan hökumətin atdığı addımlarla dolların məzənnəsi bir qədər ensə də, qiymətlər dəyişməyib.
- Ərdoğan hökuməti lirə sınağı qarşısında
- Türkiyə “xarici düşmən” axtarışında – Mövqe
- Türkiyə fövqəldövlət statusu arzusundadır? Səfirlərin göndərilməsi, Gülən və İstanbul kanalı
Üç ildən çoxdur ki, Türkiyə milli valyutanın – lirənin əsas dünya valyutalarına nisbətdə mütəmadi ucuzlaşması ilə bağlı iqtisadi problemlər yaşayır.
2018-ci ilin iyun ayında keçirilmiş parlament seçkilərindən əvvəl 4,75 türk lirəsi (TL) səviyyəsində olan ABŞ dollarının məzənnəsi cəmi üç ay sonra 7-yə, sonrakı dövrlərdə isə müəyyən fasilələrlə 8-ə, 9-a və hətta 17-yə qədər yüksəlib.
Hazırda Türkiyə hökumətinin müəyyən addımlarından sonra dolların məzənnəsi 11-13 TL arasında dəyişir.
Lirə niyə ucuzlaşır?
Türkiyədə hakim partiya olan AKP-nin hökumətə rəhbərlik etməsinin ilk illərində uğurla inkişaf edən və dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından biri halına gələn Türkiyə iqtisadiyyatının ilk böyük məzənnə problemi 15 iyul 2016-cı ildə baş vermiş hərbi çevriliş cəhdi və ondan sonra elan olunan fövqəladə vəziyyətlə əlaqədar yarandı.
Xüsusilə 2018-ci ilin başlanğıcında ölkə üçün “əcəl zəngi” çalınmağa başlamışdı. ABŞ dollarının türk lirəsinə olan nisbəti AKP-nin hakimiyyətə gəlişindən sonra ilk dəfə bu qədər yüksəlmişdi və həmin ilin mart ayında 4-ü keçmişdi.
Bu yüksəlişdə əsas rolu iqtisadi deyil, siyasi amillər oynamışdı.
Türkiyə-ABŞ münasibətlərində Branson amili
Elə həmin dövrdə Türkiyə ilə ABŞ arasında keşiş Endrü Bransonla bağlı diplomatik böhran yaranmışdı.
Türkiyədə casusluq fəaliyyəti ilə məşğul olması iddiası ilə həbs edilən amerikalı yevangelist din xadimi Bransonun həbsinə görə 2018-ci ilin aprel ayının 19-da ABŞ prezidenti Donald Tramp öz çıxışında Türkiyəyə xəbərdarlıq mesajı göndərdi.
Bir ay sonra ABŞ-ın ekstradisiya tələbini rədd edən AKP hökumətinə qarşı sanksiya təhdidləri artmağa başladı. Amerikalılar Türkiyəyə qarşı F-35 qırıcı təyyarələrinin təhvil verilməməsi kimi təhdidedici addım atdılar.
Nəhayət, 2018-ci ilin avqust ayının ilk həftəsində amerikalılar Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etdilər və bu, türk lirəsinin dünya birjalarında məzənnəsi üçün böyük zərbə oldu.
3 avqust 218-ci ildə ilk dəfə 5 lirə həddini keçən ABŞ dollarının məzənnəsi cəmi bir həftə sonra çox sürətlə irəlilədi və əvvəlcə 6-nı, 12 avqust 2018-ci il tarixində 7-ni keçdi.
Yalnız bundan sonra Türkiyə hökuməti Endrü Bransonla bağlı geri addım atmağa məcbur qaldı və həmin dövrdə başlayan hüquqi prosesin nəticəsində yevangelist keşiş oktyabr ayında azadlığa buraxıldı.
Bu hadisədən sonra türk lirəsinin məzənnəsi müəyyən qədər sabitləşdi.
Ərdoğan hakimiyyətinin iqtisadiyyata müdaxiləsi
Lirənin yaşadığı növbəti böyük böhranlardan birinin əsas səbəbi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın uçot dərəcəsi və inflyasiya arasındakı əlaqə ilə bağlı iddiaları oldu.
AKP sədri, eyni zamanda dövlət başçısı ölkədə yüksələn və 20 faizə yaxınlaşan illik inflyasiya səviyyəsini uçot dərəcəsinin yüksək olması ilə əlaqələndirdi. Bu da Türkiyə Mərkəzi Bankı ilə prezident arasında problemlərə səbəb oldu.
Nəticədə, üç ildən də az müddətdə Mərkəzi Bankın sədri və müavinləri dörd dəfə dəyişdirildi.
2021-ci ilin mart ayında Türkiyə Mərkəzi Bankının sədri Naci Ağbalın təşəbbüsü ilə 19 faizə qaldırılan uçot dərəcəsi sayəsində dolların lirəyə olan nisbəti 7,3 səviyyəsinə düşmüşdü.
Lakin bundan sadəcə bir neçə gün sonra Ərdoğanın tapşırığı ilə Ağbal vəzifəsindən azad edildi. Bu da lirə üçün növbəti böhrana səbəb gətirib çıxardı.
Mərkəzi Bank sədrinin dəyişdirilməsindən sonra dolların səviyyəsi çox qısa müddətdə 8,5-ə çatdı.
İnflyasiya problemini heç cür həll edə bilməyən Ərdoğan hökuməti sentyabr ayından etibarən daha radikal maliyyə siyasətinin tətbiqinə başladı. Uçot dərəcəsi avqust ayından dekabr ayına qədər 19 faizdən 14-ə endirildi.
Nəticədə, türk lirəsinin məzənnəsi 20 ildən sonra, AKP-nin hakimiyyətə gəldiyi 2002-ci ildən bəri ən böyük çöküşü ilə üzləşdi.
Dolların məzənnəsi noyabr ayının 9-da 9 TL, 12-də 10 TL, 18-də 11 TL həddini keçdi.
Bu yüksəliş o qədər sürətlə irəlilədi ki, 20 dekabr tarixində dolların lirəyə olan nisbəti artıq 18-i keçmişdi.
Hökumətin sərt addımları
Yalnız bundan sonra AKP hökuməti türk lirəsinin vəziyyəti ilə bağlı sərt addımlar atmağa başladı.
21 dekabr tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni iqtisadi proqramını açıqladı. Xarici sərmayənin lirədən qaçmasına mane olmaq üçün Türkiyə rəhbərliyi valyuta fərqini qorumağı vəd etdi.
Yeni qanuna əsasən, bundan sonra sərmayəsini lirə ilə yatıran investorların dolların yüksəlişinə görə itirəcəkləri miqdarı Türkiyə Mərkəzi Bankı kompensasiya etməli olacaq. Misal üçün, əgər dolların yüksəlişi lirəyə aid edilən uçot dərəcəsinin faizini keçərsə, türk dövləti aradakı fərqi öz büdcəsindən sərmayədara ödəyəcək.
Bu qərardan sonra dolların lirəyə olan nisbəti fantastik sürətlə enməyə başladı. Cəmi bir gecəyə dolların dəyəri 18 lirədən 13 lirəyə, sonrakı günlərdə isə 11 lirəyə qədər düşdü.
Lakin iqtisadçıların fikrincə, bu qərar heç də yaxşı gələcək vəd etmir.
Məşhur iqtisadçı Özgür Demirtaş deyir ki, Ərdoğanın bu qərarı əslində uçot dərəcəsinin qeyri-rəsmi və sərhədsiz yüksəlişi deməkdir. Demirtaşın sözlərinə görə, Türkiyə sərmayədarların uduzduğu pulu kompensasiya etmək üçün əlavə pul həcmi çap etməli olacaq və bu da inflyasiyanın artmasına zəmin yaradacaq.
İqtisadçı Mustafa Sönmez də Demirtaşla eyni fikirdədir. O da bu addımın gizli formada uçot dərəcəsini yüksəltmək demək olduğunu və bunun da büdcəyə əlavə yük olacağını deyir.
Dolların məzənnəsinin sürətli enişindən sonra hər kəs dolların yüksəlişinin artırdığı qiymətlərin də əvvəlki vəziyyətinə qayıtmasını gözləyir. Lakin Ankara hökumətinə yaxın medianın verdiyi xəbərlərə görə, yeni vəziyyət hələlik topdan və pərakəndə satış qiymətlərinə təsir etməyib.