Türkiyə prezidenti Youtube, Twitter və Netflix-ə qarşı. Niyə və kim qalib gəlir?
Türkiyə prezidenti Tayyib Ərdoğan ölkədə Youtube, Twitter və Netflix başda olmaqla sosial şəbəkələri qadağan etmək üçün kampaniya başladıb. Bu təşəbbüs sosial şəbəkələrdə prezidentə qarşı kütləvi etiraza səbəb olub.
Nə baş verib?
Prezident Ərdoğan əvvəllər də sosial şəbəkələrdə azad ünsiyyətin tərəfdarı olmayıb, amma bu dəfə presidentsiz bir vəziyyət yaranıb.
Türkiyə ölkə başçısının Youtube, Twitter kimi sosial media platformalarının, hətta Netflix-in qadağan edilməsi haqda təklifi ilə çalxalanır.
Prezidentin kürəkəni – xəzinə və maliyyə naziri Berat Albayrak iyunun 30-da Twitter-də dördüncü övladının (prezidentin səkkizinci nəvəsinin) dünyaya gəlməsinin sevincini paylaşıb.
Çox sayda insan naziri təbrik etsə də, neqativ və kəskin şərhlərin sayı da az olmayıb.
Məsələn, istifadəçilərdən biri yazıb: “Heç ac qalmayacağı, zibillikdən yemək toplamayacağı və illərcə özəl məktəblərdə oxuyacağı üçün çox şanslıdır… Xeyirli olsun, nə deyim…”
Məqalə dərc olunana qədər bu tvit üç mindən çox layk alıb.
Yaxud bir başqa şərh: “Xalq aclıqdan intihar edərkən atası kimi saraylarda yaşasın, lüks içində həyat sürsün inşallah amin tütütüü”
Amma şərhlərdə tənqid həddini aşıb, təhqiramiz ifadələr işlədən, xüsusilə nazirin həyat yoldaşı, prezidentin qızı Esra Albayraka qarşı cinsiyyətçi hücumlar edənlər də olub.
• İstanbulun əsas rəmzlərindən biri muzeydən məscidə çevriləcəkmi?
• Homoseksuallıq və Türkiyə hakimiyyəti: nazir hüquqşünaslara qarşı
Qadağa və həbs
Bunun cavabında iyulun 1-də Türkiyə prezidenti, eyni zamanda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın bölgə liderləri ilə keçirdiyi video-konfrans zamanı sosial medianın tamamən nəzarət altına alınması üçün məsələnin ən yaxın zamanda parlamentin müzakirəsinə çıxarılmasını təklif edib.
“Yalanın, iftiranın, insan haqlarına hücumun, etibara sui-qəsdin baş alıb getdiyi bu məcraların qaydaya salınması şərtdir. Bu millətə, bu ölkəyə bu cür məcralar yaraşmır. Buna görə də dərhal biz bunları parlamentimizə gətirib, parlamentimizdən bu cür sosial media məcralarının tamam qaldırılmasını, nəzarət edilməsini istəyirik”, – o deyib
Ərdoğanın qəzəbinin nəticəsi olaraq Türkiyədə bu və ya digər sosial media platformaları, o cümlədən də Youtube və Twitter zaman-zaman qadağan edilib, daha sonra isə qadağa aradan qaldırılıb.
Bir müddət əvvəl ən son qadağası ləğv edilən qlobal platforma isə Wikipedia olub.
Amma məsələ parlamentə müraciətlə yekunlaşmayıb.
Ərdoğan bildirib ki, real həyatda bir insanın üzünə söylənilərkən cinayət hesab olunan hər bir şey virtual aləmdə yazıldığı zaman da eyni cinayət məsuliyyəti yaradır.
Nəticədə iyulun 2-dən Türkiyədə şərh müəlliflərinin həbsi həyata keçirilir.
İyulun 4-ə qədər 16 nəfərin saxlanıldığı məlumdur. Onlardan ikisi məhkəmə qərarı ilə artıq həbs edilib. 4 istifadəçinin xaricdə olduğu anlaşılıb, daha 15 nəfər axtarılır.
Müxalifət həm yazılan şərhlərdən, həm də prezidentin reaksiyasından qəzəblənib
Albayrak ailəsini təhqir edənlərin cəzalandırılmasını ictimaiyyət dəstəkləsə də, Ərdoğanın bunu səbəb gətirərək sosial medianı qadağan etmək niyyəti qəzəblə qarşılanıb.
Ötən prezident seçkilərində Ərdoğanın Cümhuriyyət Xalq Partiyasından olan əsas rəqibi Muharrem İnce baş verənləri əxlaqsızlıq adlandırıb:
“Sosial mediada Esra Albayraka qarşı edilən paylaşım əxlaqsızlıqdır. Bu cür paylaşımlar istər Başak Demirtaşa [2018-ci ildə deputat toxunulmazlığı ləğv edilərək həbs olunan kürdləri təmsil edən Xalqların Demokratik Partiyasının keçmiş həmsədrinin həyat yoldaşı] edilsin, istər Esra Albayraka edilsin, kimə qarşı edilirsə, edilsin, biz buna qarşı çıxmalıyıq, qınamalıyıq, edəni də cəzalandırmalıyıq”, – İnce Twitter hesabında yazıb.
Bu paylaşım iki gün ərzində 64 min dəfə bəyənilib.
Sosial Mediama Toxunma
Twitter-də #SosyalMedyamaDokunma (Sosial Mediama Toxunma) heşteqli etiraz kampaniyası başlayıb.
Artıq bu heşteqlə yüz minlərlə paylaşım edilib.
“İl olub 2020, gündəmdə sosial medianın qapadılmasıdır, rəsmən lətifə kimi” – Büş adlı istifadəçi paylaşıb.
Müxalif “Deva” (“Çarə”) partiyasının sədli Əli Babacan yazıb ki, sosial medianın bağlanması və məhdudlaşdırılması Türkiyənin öz içinə qapanması, azadlıq məkanının daralmasıdır.
Məsələyə istehza ilə yanaşanlar da olub. Digər müxalif “İyi” (“Yaxşı”) partiyasının sədri Meral Akşener belə bir tvit atıb:
“Darkın son sezonu bitənə qədər Netflix-i bağlasan, vallah inciyərəm, hörmətli Ərdoğan”.
Hələlik qadağan olunmamış sosial şəbəkələrdə bütün bu vəziyyətdən çıxarılmış belə bir nəticə müzakirə olunur – bu qadağa hakimiyyətin işinə yarayacaq.
Bu mülahizələrin məcmusu aşağıdakı tvitdə ifadə olunub:
“Seçkiyə Twitter-siz, WhatsApp-sız getmək istəyən Tayyib Ərdoğanın işidir bu. Kimsə sosial medianı senzura altına almaq cəhdlərini Esra xanıma qarşı edilən iyrənc hücumla birlikdə düşünüb buna haqq verməsin. Çalışma daha əvvəldəndir… Niyyət bəllidir”