Sovet dövründə Abxaziya Gürcüstanın tərkibində muxtar respublika idi. Sovet İttifaqı dağılandan sonra Abxaziya müstəqil ölkə olmağa can atırdı, Tbilisidə isə Abxaziyanın müstəqil Gürcüstanın tərkibində muxtar respublika olaraq qalacağına israr edirdilər.
1992-ci il avqustun 14-ü müharibənin başlandığı, 1993-cü il sentyabrın 27-i isə münaqişənin hərbi fazasının bitdiyi gün hesab olunur.
Müharibə Gürcüstan hərbi qüvvələrinin məğlubiyyəti ilə sona çatıb. Müxtəlif məlumatlara əsasən, 13 min nəfərdən çox insan həlak olub, 300 min nəfərə yaxın insan qaçqın və məcburi köçkün düşüb. Onların böyük hissəsi etnik gürcülərlərdir və onların əksəriyyəti hələ də evinə qayıda bilməyib.
1994-cü ildə tərəflər BMT Baş katibinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə Moskvada “Atəşkəs və qüvvələrin bir-birindən aralanması haqda saziş” imzalayıblar. Bu günə qədər bu sazişin ən irimiqyaslı pozulması halı üç dəfə qeydə alınıb – 1998, 2001 və 2008-ci illərdə.
2008-ci ilə qədər gürcü-abxaz münaqişəsi zonasında sülhün dəstəklənməsi üçün tam şəkildə Rusiya hərbçiləri tərəfindən təşkil olunmuş MDB Kollektiv qüvvələri yerləşdirilmişdi. Həmçinin münaqişə zonasında və Abxaziya ərazisində Gürcüstanda müşahidə üzrə BMT missiyası da fəaliyyət göstərirdi.
2008-ci ilin avqustunda Cənubi Osetiya ətrafındakı beş günlük müharibədən sonra Rusiya Abxaziyanı müstəqil ölkə kimi tanıyıb. Moskva və Tbilisi arasında diplomatik əlaqələr pozulub.
Abxaziya müstəqil respublika kimi öz həyatını qurur, onun bu statusunu Rusiyadan başqa bir neçə “üçüncü” dünya ölkəsi də tanıyıb. Gürcüstan Abxaziyanı Rusiya tərəfindən işğal olunmuş regionu hesab edir. Beynəlxalq aləmdə əksəriyyət Abxaziyanı Gürcüstanın separatçı regionu kimi dəyərləndirir.