Tofiq Zülfüqarov: “ATƏT-in Minsk Qrupu Qarabağda ermənilərin statusuna qayıdarsa...”
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov postmünaqişə dövründə Azərbaycan və Ermənistanın qarşısında duran məsələlərin diplomatik həlli variantlarını şərh edib. Onun fikrincə, ATƏT-in Minsk Qrupunun danışıqlar masasına qayıtması rəsmi Bakıya pis heç nə vəd etmir və Azərbaycanın B planı da var.
- Bərdə şəhərinə raket hücumları: izlər yalnız divarlarda qalmayıb – VİDEO
- Ermənistan hava məkanını Azərbaycan üçün açıb? Bakı və Yerevandan şərh
Münaqişənin diplomatik mərhələsi
Azərbaycanın xarici işlər naziri kimi Qarabağ münaqişəsinin nizamlanması üzrə bir çox danışıqlarda fəal iştirak etmiş Tofiq Zülfüqarov qeyd edir ki, hər bir münaqişə, o cümlədən də Ermənistan-Azərbaycan münaqişəsinin hərbi və siyasi mərhələsi var.
“Müharibədən sonra diplomatik fəallıq artıb. Lakin bu diplomatik fəallığın hansı formatda cəmləşəcəyi və danışıqlara hansı tərəflərin cəlb olunacağı hələlik açıq mövzudur”, – o bildirib.
“Gəlin ən əsas iki mövzunu bölək: münaqişəyə aid çərçivə və regionda post-münaqişə dövrünə aid əməkdaşlıq formatları. İkincisi fərqli məsələdir və onu bilavasitə münaqişəyə aid etmək olmaz. Münaqişəyə aid formata gəlincə, hazırda onun axtarışı gedir”, – Zülfüqarov əlavə edib.
Tofiq Zülfüqarov 1998-1999-cu illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsini tutub. Həmçinin Azərbaycanın Latviyadakı (2005-2010) və Estoniyadakı (2007-2015) fövqəladə və səlahiyyətli səfiri olub.
Rusiya-Türkiyə tandemi
“Müharibəyə az qalmış, müharibə dövründə və müharibədən sonra əsas siyasi və diplomatik format Rusiya-Türkiyə formatı idi. Bu formatda həm siyasi gedişlər mövcud idi, həm də danışıqlar təşkil olunurdu. Amma bu formatın zəif bir nöqtəsi var. O nədən ibarətdir?
Bu tandemdə Rusiyanın həm Azərbaycanla, həm də Ermənistanla əlaqə quraraq, danışıqları təşkil etmək imkanı var. Amma Türkiyə əmin mövqedə deyil, çünki Ermənistan Türkiyəni qəbul etmir. Burada balans pozulur və əgər biz Rusiya-Türkiyə tandeminə üstünlük versək, görəcəyik ki, siyasi, diplomatik mərhələ üçün bu, bizi qane edən format deyil”.
Gürcüstanın vasitəçiliyi
“Hazırda daha bir formatın adı çəkilir: Gürcüstanın vasitəçiliyi. Burada qeyd etmək lazımdır ki, bu ənənəvi vasitəçilik deyil, sadəcə olaraq, xoş məramlı xidmət təklifidir.
Yəni Gürcüstan vasitəçi kimi çıxış etmir – sityasi sənədləri hazırlamır və s. Sadəcə, hansısa görüşləri təşkil edə, əlaqə yarada bilər.
Gürcüstan tərəfindən biz artıq diplomatik gedişləri də görmüşük. Məsələn, birinci dəfə diversantların [Ermənistanda onları hərbi əsir hesab edirlər – JAMnews] minalanmış ərazilərin xəritələrinə dəyişdirilməsi prosesində Gürcüstan fəal rol oynamışdı”.
ATƏT-in Minsk Qrupunun qayıtması
“Daha bir format gündəmə qayıdan ATƏT-in Minsk Qrupudur. Azərbaycan ictimaiyyətində bu qrupa münasibət bəllidir.
30 ilə yaxın müddətdə faydasız fəaliyyət göstəriblər və təbii ki, münasibət müsbət deyil. Açıq desək, Minsk Qrupu Azərbaycanda artıq zarafatların obyektinə çevrilib.
Amma prezident İlham Əliyevin dediyi kimi, status-kvo dəyişib”.
Madrid prinsipləri bugünkü reallıqlar nöqteyi-nəzərindən
“Madrid prinsiplərinə baxsaq, görərik ki, burada iki yarımmövzu gündəmə gətirilirdi.
Birinci mövzu işğal altında olan torpaqların azad edilməsi idi. Həmin prinsiplərə görə, 5 rayon azad edilməli və sonrakı mərhələdə Dağlıq Qarabağın statusu məsələsi ilə digər iki rayonun azad edilməsi məsələsi paralel müzakirə edilməli idi.
Bu yolla gedilsəydi, ermənilər buna razılıq versəydilər, həmin məsələlərin həlli uzanacaqdı.
Münaqişədən öncə münaqişə zonasında azərbaycanlıların yaşadıqları əraziləri götürsək, onların 97 faizi azad edilib və həmin ərazilərdən didərgin olmuş vətəndaşlar artıq öz ata yurdlarına qayıda bilərlər.
Madrid prinsiplərində əhatə edilən ikinci yarımmövzu status məsələsi idi. Statusla bağlı məsələ də həllini tapıb. Prezidentin də bəyan etdiyi kimi, Qarabağda yaşayan ermənilərə Azərbaycanda mümkün olan ən yüksək status – Azərbaycan vətəndaşlığı veriləcək.
Üçüncü yarımmövzu kimi Madrid prinsiplərində kommunikasiyaların bərpası ümumi şəkildə qeyd olunmuşdu. Həmin mövzu hazırda aktual olaraq qalır. Yəni iki mövzu həllini tapıb, biri isə aktuallığını qoruyur”.
ATƏT-in Minsk Qrupu üçün yeni vəzifələr
“İndi gündəmə başqa mövzular da gəlib. Məsələn, sərhəd mövzusu. Madrid prinsiplərində buna aid heç bir fikir səsləndirilmirdi. Daha bir mövzu dəhlizlər mövzusu və kommunikasiyaların bərpasıdır.
Dəhlizlər və kommunikasiyalar mövzularını bölmək lazımdır, çünki kommunikasiyaların açılması üçün təhlükəsizlik baxımından ümumi tələblərə əməl olunmalıdır. Dəhlizlər məsələsində isə vəziyyət bir az fərqlidir. Bu mövzular Minsk Qrupunun vaxtilə verdiyi təkliflərdə əksini tapmayıb.
Əslində, ötən ilin dekabr ayında Azərbaycan ATƏT-in Minsk Qrupuna öz cavabını verib. İlham Əliyev görüş zamanı həmsədrlərə bildirmişdi ki, status-kvo dəyişib və onlar yeni, aktual təkliflərlə gəlməlidirlər. Bundan sonra Azərbaycan həmin təklifləri qiymətləndirib, öz münasibətini bildirəcək.
Misal üçün, Azərbaycanda işğaldan azad edilmiş ərazilərə böyük qayıdış nəzərdə tutulur. 1994-cü ildə bizdə 857 min daxili miqrant – ata-baba yurdundan qovulmuş insan var idi. Demoqrafik qaydalara uyğun olaraq, onların sayı, təbii ki, dəyişib. Bu qədər insanı dağıdılmış yerlərə qaytarmaq nəhəng işdir. Bu işdə Minsk qrupu Azərbaycana humanitar yardımların təşkili baxımından kömək edə bilər. Məsələn, donor konfransı təşkil edə bilərlər.
Eyni zamanda, Minsk Qrupu sərhəd və dəhlizlər məsələsində iştirak edə bilər. Bəzən erməni tərəfindən belə bir fikir səslənir ki, 10 noyabr 2020-ci il bəyanatında dəhlizlər barədə heç nə deyilməyib. Amma dəhliz məfhumu belədir ki, bu zonada xüsusi eksterritorial şərait yaradılmalıdır.
Məsələn, Laçın dəhlizi artıq işlək vəziyyətdədir və orada təhlükəsiliyi sülhməramlılar təmin edir. Mehridəki dəhlizə gəlincə, burada təhlükəsizliyin təminatı Rusiyanın sərhəd xidmətinin üzərinə düşür. Yəni burada da eksterritorial şərait nəzərdə tutulur”.
Azərbaycanın B planı
“Bu rakurslardan baxanda, mən deyərdim ki, Minsk Qrupunun prosesə qayıtması bizim üçün faydalıdır. çünki orada bütün qərarlar konsensus əsasında qəbul edilir. Bu baxımdan biz tamamilə müdafiə olunmuş vəziyyətdəyik. Yəni gələcəkdə bizim xoşumuza gəlməyən hansısa təkliflər olarsa, təbii ki, onlar qəbul edilməyəcək.
Minsk Qrupunun status məsələsinə qayıtmaq istəməsi kimi səhv gedişinə gəlincə, Azərbaycan tərəfi buna da cavab verib. Yəni onlar bu mövzunu yenə də gündəmə gətirmək istəyirlərsə, bizim ölkənin B planı da var. Azərbaycan qarşı arqument kimi deyə bilər ki, əgər Qarabağdakı ermənilərə status verilirsə, o zaman Ermənistandan qovulmuş və oraya qayıdacaq azərbaycanlıların da status məsələsi müzakirə edilməlidir.
Buna görə də, bir neçə addım sonranı fikirləşəndə Azərbaycanın mövqelərinin çox möhkəm olduğunu görürük. Buna həm məntiq, həm də beynəlxalq qanunlar əsas verir.
Şəxsən mən inanmıram ki, Minsk Qrupunun prosesə bir xeyri olacaq, amma əminliklə deyə bilərəm ki, ziyanı da olmayacaq. Çünki buna artıq imkanları yoxdur”, – Tofiq Zülfüqarov Azərbaycanın İctimai Televiziyasına müsahibəsində deyib.