Gürcü futbolunda böyük gün
“Bilirəm ki, rus və gürcü xalqları arasında münasibətlər elə əvvəlki kimidir, dövlətlərarası münasibətlərdən fərqli olaraq. Amma yenə də Avropa Liqasında Tbilisi və Moskva komandaları arasında oyun asan deyil, bu, Rusiya-Gürcüstan oyunudur”, – Moskvanın “Dinamo” klubunun direktorlar şurasının sədri, Rusiyanın dövlət və siyasi xadimi Sergey Stepaşin qarşılaşmadan öncə deyib.
2020-ci il sentyabrın 18-də Avropa Liqasının ikinci seçmə turunda Tbilisinin “Lokomotiv” komandası Gürcüstan paytaxtında Mixail Mesxi adına stadionda Moskvanın “Dinamo” komandası ilə görüşüb və 2-1 hesabı ilə qələbə qazanıb.
•Qafqazın fəxr etdiyi 15 futbolçu
Oyunun nəticəsi çoxları üçün gözlənilməz olub – bukmeyker kontorlarının oyun başlanana qədər tbilisililərin qələbəsini moskvalıların qələbəsinə nisbətən təxminən 4 dəfə aşağı dəyərləndirməsini demək kifayət edər.
İki ölkə arasındakı münasibətləri nəzərə alaraq futbol qələbəsi siyasi anlam daşımaya bilməzdi.
Tbilisi klubu sadəcə qələbə qazanmayıb – Gürcüstanın təcavüzkar və işğalçı hesab etdiyi ölkənin komandasına qalib gəlib.
2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu iki ərazini Tbilisi və beynəlxalq aləmin mütləq əksəriyyəti Gürcüstan ərazisi hesab edir.
Tbilisinin “Lokomotiv” komandası nəticədə Avropa Liqasının üçüncü seçmə mərhələsinə çıxıb. Orada onun rəqibi İspaniyanın “Qranada” klubu olacaq.
Oyun kifayət qədər gərgin keçib. Qolsuz bərabərliklə başa çatan birinci hissədən sonra tbilisililər fəallaşıb və 54-cü dəqiqədə İrakli Sixarulidze hesabı açıb.
22 dəqiqə sonra Mammiya Qavaşelişvili “Dinamo” qapıçısının səhvindən yararlanaraq hesab fərqini artırıb – 2-0.
Moskvalılar oyunun son dəqiqəsində təyin edilən 11 metrlik cərimə zərbəsi ilə qapıdan bir qol keçirə bilib. Əlavə dəqiqələrdə “Dinamo” daha bir neçə təhlükəli vəziyyət yaradıb, amma Gürcüstan futbolçuları qələbəni əldə saxlamağa nail olublar.
“Lokomotiv”in uğuru Tbilisinin digər komandasının – “Dinamo”nun uğurlu çıxışının ardınca gəlib.
“Donamo” futbolçuları Uelsin “Qap Konnas Kuey” komandasının evsahibliyi etdiyi oyunda qələbə qazanıblar – oyunun son dəqiqəsində Giorgi Qabedava 11 metrəlik cərimə zərbəsi ilə qol vurub.
“Lokomotiv” kimi “Dinamo” da Avropa Liqasının üçüncü seçmə mərhələsinə çıxıb.