Tbilisinin küçə musiqiçilərinə lisenziya lazım ola bilər
Bu haqda “İnterpressnyus” agentliyinə Tbilisinin gecə iqtisadiyyatının inkişafı layihəsinin rəhbəri Sergi Qvarcaladze bildirib. O hesab edir ki, bəzi küçə musiqiçiləri yalnız tbilisililərin əsəblərinə toxunmur, həm də turistlərdə mənfi təəssürat yaradır. Buna görə də, Qvarcaladzenin sözlərinə görə, küçə musiqiçiləri fəaliyyərtlərini davam etdirmək üçün xüsusi icazə sənədi almalı olacaqlar.
Bu icazələrin verilməsi ilə kim məşğul olacaq və ya kim qərar verəcək ki, kimə oxumaq olar, kimə olmaz – bu haqda Sergi Qvarcaladze heç nə deməyib.
Həmin müsahibəsində Qvarcaladze bəyan edib ki, “canlı musiqi” təqdim edən restoranlar da lisenziyalaşmadan keçməli olacaq. Lisenziyalaşmanın mütləqliyini Qvarcaladze onunla izah edir ki, Tbilisinin tarixi məhəllələrində mövcud olan bir neçə restorandan canlı ifa səsləri gəlir və bu paytaxt qonaqlarını narahat edir. Lisenziyanı yalnız akustik izolyasiyanı təmin edən restoranlar ala biləcək.
“Dünyanın bir çox ölkələrində “canlı musiqidən” istifadə məsələsi lisenziya vasitəsilə həll olunur. Yəni akustik izolyasiyanı təmin edə bilməyən restoranlara lisenziya verilmir. Bu məsələ bizdə də qanuni səviyyədə həll olunmalıdır”, – Qvarcaladze belə hesab edir. Onun sözlərinə görə, təxminən bir ay əvvəl akustika məsələləri üzrə ən yaxşı mütəxəssislərdən biri Tbilisidə olub.
“Biz üç gün ərzində birlikdə bir sıra kritik yerdə vəziyyəti öyrəndik. Onun birinci tövsiyəsi restoran sahiblərinin səs səviyyəsini azaltması ilə bağlı oldu, çünki həddən artıq yüksək səsli musiqi sutkanın istənilən saatında müştərilərə narahatlıq yaradır”, – Qvarcaladze deyir.
Tbilisinin gecə iqtisadiyyatının inkişafı layihəsi paytaxt meri Kaxa Kaladzenin təşəbbüsüdür. Onun sözlərinə görə, layihənin əsas məqsədi Tbislinin gecə mədəni həyatını canlandırmaq və paytaxt büdcəsinə daxilolmaları artırmaqdır. Martda gürcü musiqiçi və teleprodüser Sergi Qvarcaladze layihənin rəhbəri təyin edilib.
Tbilisililər merin təşəbbüsünə şübhə ilə yanaşırlar. Xüsusən də hüquq-mühafizə orqanları narkotiklərin yayılmasına qarşı mübarizə bəhanəsi ilə bir neçə gecə klubunda reyd keçirib, ziyarətçiləri yetərincə kobud formada məkandan çıxarandan sonra.
“Sən hardasan Kaladze? Gecə iqtisadiyyatı sənin başına uçdu!” – həmin günlədrdə Facebook-un Gürcüstan seqmentində yazırdılar.
“İnterpressnyus” agentliyinə müsahibəsində Qvarcaladze deyib ki, gecə klublarında aparılan xüsusi əməliyyat klub qiymətlərinə ciddi təsir göstərib.
“Bu polis reydinin səbəb olduğu etiraz aksiyası zamanı bizim reyverlərin parlament binası qarşısında rəqs etdiyi əks olunan kadrları bütün dünyada milyonlarla insan görüb. Bu nöqteyi-nəzərdən vəziyyətin müsbət tərəfi də olub. Digər tərəfdən biz hamımız gördük ki, xeyli problemimiz var və onları nizamlamaq lazımdır”, – Qvarcaladze vurğulayıb.
- “Gecə iqtisadiyyatı” nisbətən yeni termindir və sutkanın gecə saatlarında işləyən müəssisələrin iqtisadi mövqedən fəaliyyətini nəzərdə tutur. “Gecə saatları” ifadəsini yalnız hərfi mənada anlamaq lazım deyil, daha dəqiqi əksər insanların iş gününün – işinin, dərsinin və sair bitdiyi zaman kəsiyindən söhbət gedir.
- “Gecə iqtisadiyyatının” əsas komponenti gecə klublarıdır, amma başqaları da var. Gec saatlara qədər çalışan kafe, restoran, muzey, canlı musiqi məkanları, boulinq klubları və digər əyləncə və istirahət müəssisələri, o cümlədən də insanlara gecə vaxtı xidmət göstərən nəqliyyat, hətta gecə açıq olan apteklər də “gecə iqtisadiyyatının” tərkib hissəsidir.