Tbilisidə “Rustavi-2” müxalif teleşirkətinə irimiqyaslı dəstək aksiyası keçirilib
Tbilisidə “Rustavi-2” teleşirkətinə dəstək məqsədilə kütləvi aksiya keçirilib. Rustaveli prospektindəki keçmiş parlament binasının qarşısında on minlərlə insan toplaşıb.
Vətəndaşları mitinqə çıxmağa telekanal rəhbərliyi və jurnalistləri çağırıb. Yaxın günlərdə Ali Məhkəmə teleşirkətin sahibliyi ilə bağlı məhkəmə çəkişməsinə dair qərarını elan edəcək. “Rustavi-2” hakimiyyəti hakimlərə təzyiq göstərməkdə və müxalif telekanalı ələ keçirmək niyyətində ittiham edir.
Mitinqdə “Rustavi-2”-nin jurnalistləri və aparıcıları çıxış edib. Onlar söz azadlığının müdafiəsi üçün toplaşanlara minnətdarlıq edib və Ali Məhkəmə hakimlərini hakimiyyətin sifarişini yerinə yetirməməyə çağırıblar.
Eyni zamanda aksiyada siyasi çağırışlar səslənməyib – bir neçə siyasi partiya aksiyaya qoşulsa da, siyasətçilərdən heç kim çıxış etməyib.
- Əsas müxalif teleşirkət olan “Rustavi-2”ətrafında məhkəmə çəkişməsi ikinci ildir ki davam edir. Teleşirkətin əvvəlki sahibi Kibar Xalvaşi əvvəlki hakimiyyətin təzyiqi altında şirkəti satmaq məcburiyyətində qaldığını əsas gətirərək onun geri qaytarılmasını tələb edir.
- İyunda Apellyasiya Məhkəməsi şəhər məhkəməsinin teleşirkətin Xalvaşiyə qaytarılmasına dair çıxardığı hökmün qüvvədə saxlayıb. “Rustavi-2”-nin vəkilləri bu qərardan Ali Məhkəməyə şikayət veriblər.
- Hazırda “Rustavi-2” teleşirkətinin işinə Ali Məhkəmənin Böyük Palatasında baxılır.