Tbilisidə “Qızılgül İnqilabı Meydanı” olmaya bilər. Onun adını dəyişməyə hazırlaşırlar
Tbilisinin mərkəzindəki “Qızılgül inqilabı” meydanının adı dəyişdirilərək “Birinci Demokratik Respublika” adlandırılacaq.
Tbilisi şəhər Şurasının (Sakrebulo) bu təşəbbüsünü paytaxt meri Kaxa Kaladze artıq dəstəkləyib.
İlk Respublikanın 1918-ci ildə bərqərar olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq meydanın adının dəyişdirilməsi planlaşdırılır, “Novosti-Qruziya” xəbər verir.
“Mayın 26-da Gürcüstanın müstəqilliyinin bərqərar olması günüdür və bu il Birinci Demokratik Respublikanın elan edilməsinin 100 illik yubileyi tamam olur. Tbilisi sakrebulosunun paytaxtın əsas meydanlarından birinə Birinci Demokratik Respublikanın adının verilməsi ilə bağlı təşəbbüsü məhz bununla bağlıdır”, – Tbilisi sakrebulosundan bildiriblər.
Tbilisi meri Kaxa Kaladze bəyan edib ki, ictimaiyyətin də bu təşəbbüsü dəstəkləyəcəyini gözləyir. Onun sözlərinə görə, Tbilisi Sakrebulosunun qərar qəbul etmək üçün 20 günü var.
Amma ad dəyişdirilməsi ilə bağlı cəmiyyətin bir qismi, o cümlədən də keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları narazıdır. Onlar hedab edirlər ki, bu yolla “Gürcü arzusu” iqtidar partiyası Saakaşvili irsi və Qızılgül İnqilabının nailiyyətləri ilə mübarizə aparır.
“Qızılgül İnqilabı Meydanı” adını bu meydana Gürcüstanın üçüncü prezidenti, 2003-cü ilin noyabrında “Qızılgül İnqilabı” adı ilə məşhur olan məxməri inqilabdan sonra hakimiyyətə gələn Mixail Saakaşvili verib.
Haqqında söhbət gedən meydan şəhərin mərkəzində, Rustaveli metrosunun yaxınlığında yerləşir. SSRİ dövründə buranın adı “Respublika Meydanı” olub və bu ad altında Gürcüstan Sosialist Respublikası nəzərdə tutulurdu.
Bu yerdə ötən əsrin 80-ci illərində SSRİ Kommunist Partiyası MK-nin baş katibi Yuri Andropovun Gürcüstana səfəri ərəfəsində rəsmən “Təntənə meydanı tribunasının məkan arkadası” adlanan monumental qurğu ucaldıldı, amma konstruksiyasının orijinallığına görə tbilisililər onu “Andropovun qulaqları” adlandırırdı.
Həmin bu meydanda “İveriya” mehmanxanası yerləşirdi – sovet Gürcüstanının ən yaxşı mehmanxanası. 90-cı illərdə bir neçə il ərzində bu mehmanxana yüzlərlə Abxaziya qaçqını üçün sığınacaq olub.
2005-ci ildə Saakaşvilinin qərarı ilə ağır sovet dövrünün rəmzi kimi “Andropovun qulaqları” sökülüb. Köhnə “İveriya”nın yerində isə Radisson Blue beynəlxalq brendinin beş ulduzlu oteli inşa edilib.